Mətanət Əzizovadan Leyla Yunusa qarşı ifadə almaq istəyiblər VİDEO
23-05-2014, 11:33
Mirvari Qəhrəmanlı: “Əks təqdirdə, həbs olunacağı və oğlu ilə hədələyiblər”
Leyla Yunus: “Hakimiyyət Mətanət Əzizovanın oğlu və həyat yoldaşını girov saxlayır”
“Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovadan hüquq müdafiəçisi Leyla Yunusun əleyhinə ifadə verib, onun üzünə durmaq tələb olunub. Əks təqdirdə, onun özünün həbs olunacağıyla hədələnib. Onu eyni zamanda, oğlu ilə hədələyiblər. Balamı bu vəziyyətə qoyanlara Allah çəkdirsin”.
Bu barədə Mətanət Əzizovanın anası, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı dünən Leyla Yunusla birgə keçirdikləri mətbuat konfransında məlumat verib. Mirvari xanımın sözlərinə görə, Mətanət Əzizovadan Leyla Yunusa qarşı sənədə imza atmaq tələb olunub, o isə imtina edib: “Mən Mətanətə elə süd verməmişəm ki, yalandan kiminsə üzünə dayansın. Qızım kiminsə üzünə dayansa, onu övladlıqdan çıxararam. Mətanətdən məhz buna görə qisas alıb övladını girov saxlayırlar”.
Mətanət Əzizovanın oğlu Camal Əzizov və həyat yoldaşı Eldar Əzizov mayın 22-də Gürcüstana getmək istəyərkən sərhəddə saxlanılıb. Bildirilib ki, onların ölkəni tərk etməsinə prokurorluq tərəfindən yasaq qoyulub. Lakin bu qadağa ilə bağlı nə rəsmi məhkəmə qərarı göstərilib, nə də yasağın səbəbi izah olunub.
Qeyd edək ki, Mətanət Əzizova özü mayın 1-2-də prokurorluqda jurnalist Rauf Mirqədirovla bağlı cinayət işi üzrə şahid qismində dindirilib. Bundan bir qədər sonra isə ölkəni tərk edib.
“Poqonlu” cinayətkarlar istədiklərini eləyirlər”
Leyla Yunus bildirib ki, Mətanət Əzizova məhz onun məsləhətilə, özünümüdafiə məqsədilə ölkəni tərk edib: “Bu, qaçmaq deyil. Mən “Frontline” təşkilatının üzvüyəm. Bu qurumun hüquq müdafiəçilərinin özlərinin müdafiəsi proqramı var. Mən məsləhət bildim ki, Mətanət müdafiə olunsun. Mətanətin adı şahid kimi keçir. Amma məsələ burasındadır ki, bu işdə müstəntiqlərin gördüyü işlər istintaq deyil, cinayət xarakterli hərəkətlərdir”.
Hüquq müdafiəçisi qeyd edib ki, Mətanət Əzizova Azərbaycandan getməklə heç bir qanun pozuntusuna yol verməyib. Çünki o, ölkəni tərk etməyəcəyi barədə hər hansı sənədə imza atmayıb, bu barədə məhkəmə qərarı da olmayıb.
Leyla Yunusun sözlərinə görə, onun həyat yoldaşı və 18 yaşlı oğlunun adı isə ümumiyyətlə, heç bir işdə keçmir. Belə olan halda, onların ölkədən buraxılmaması faktiki girov saxlanılmaları anlamına gəlir: “Bu gün onları girov kimi saxlayıblar. Sabah da onlardan hər hansı birinin cibindən narkotik çıxartsalar, təəccüblənməyəcəyik. Çünki “poqonlu” cinayətkarlar istədiklərini eləyirlər. Və bütün bunlar Avropa Şurası baş katibinin, AŞ PA prezidentinin Bakıda olduğu vaxtda baş verir. Bir tərəfdən Avropa Şurası Ədliyyə Nazirliyilə demokratiyanın inkişafına dair saziş imzalayır, digər tərəfdə bu rəzilliklər yaşanır. Bunun da səbəbi çox sadədir. Çünki Azərbaycan kriminal dövlətdir, burada insanların ailə üzvləri hakimiyyət tərəfindən girov götürülür. Sovet dövründə olduğu kimi, indi də vətəndaşlar hakimiyyətin girovluğundadır”.
Dövlət Sərhəd Xidməti məhkəməyə veriləcək
Mətanət Əzizovanın nümayəndəsi olan hüquqşünas Samirə Ağayeva Camal və Eldar Əzizovların sərhəddə saxlanılmasının kobud qanun pozuntusu olduğunu bildirib: “İnsanların heç bir məhkəmə qərarı olmadan sərbəst hərəkət etməsinə qadağa qoyulması həm Konstitusiyaya, həm də Avropa Konvensiyasının pozulmasıdır. Yerli və beynəlxalq hüquq normalarına görə hər kəsin sərbəst hərəkət etmək azadlığı var. Bu azadlıq yalnız qanun çərçivəsində və məhkəmə qərarı ilə məhdudlaşdırıla bilər. Bu adamların barəsində isə heç bir qərar yoxdur. Onlar hansısa iş üzrə heç şahid də deyillər”.
Camal və Eldar Əzizovların prokurorluğun qərarı ilə sərhəddə saxlanıldığını eşidən Samirə Ağayeva Rauf Mirqədirovla bağlı cinayət işinin istintaqını aparan müstəntiq İbrahim Ləmbəranski ilə əlaqə saxlayıb. Hüquqşünasın sözlərinə görə, Ləmbəranski belə bir göstəriş vermədiyini deyib.
Hüquqşünas onu da qeyd edib ki, baş verənlərlə əlaqədar Dövlət Sərhəd Xidmətini məhkəməyə verəcəklər. İddia ərizəsi yaxın günlərdə aidiyyəti üzrə Səbayel Rayon Məhkəməsinə təqdim olunacaq.
“Biz feodal dövlətdə yaşayırıq”
Bu yerdə Leyla Yunus bildirib ki, onun özü və həyat yoldaşının da heç bir məhkəmə qərarı olmadan hava limanında saxlanılması, pasportlarının əllərindən alınması, evlərində və ofislərində qanunsuz axtarış aparılması ilə əlaqədar aidiyyəti üzrə məhkəmələrə müraciət ediblər. Lakin məhkəmələrin hamısı hökumətin əlaltısına çevrildiyindən hakimlərin heç biri obyektiv qərar verməyib – bütün iddiaları rədd olunub: “Biz feodal dövlətdə yaşayırıq. Azərbaycanda məhkəmələrin, hakimlərin müstəqilliyi yalnız kağız üzərindədir”.
Mirvari Qəhrəmanlı nəvəsi Camal Əzizova qarşı təzyiqlər, evindən əşyalarının prokurorluq əməkdaşları tərəfindən qanunsuz olaraq götürülməsi barədə danışıb. Hüquq müdafiəçisi eyni zamanda, qızının ölkədən qaçdığı barədə informasiya yayanları da qınayıb: “Mənim balam qalam qaçmayıb. Mənim övladım cinayətkar deyil. Mətanət indiyədək 18 min qadının hüquqlarını müdafiə edib. Balamın qaçdığını iddia edənlər özlərinin bu dövlətə, insanlığa elədikləri xəyanətdən danışsınlar. Mətanətin başına bu oyunlar gətirilən günlərdə mən ağır insult keçirdim. Artıq yaşım 60-ı ötüb. Bu yaşa çatana qədər həbs də olunmuşam, adı polis, özü cinayətkar olanların zorakılığına da məruz qalmışam. Amma nə olursa olsun, gedən deyiləm bu ölkədən.
Təsəvvür edin, mən İndoneziyada tədbirdə olduğum günlərdə – mayın 3-də səhər saatlarından evimiz mühasirəyə alınıb. Camal evdə tək olub. Onu qorxudublar, psixoloji təzyiq göstəriblər. Sanki özləri valideyn deyil, vəhşidilər. Ora mənim evimdir, həyat yoldaşım 20 il ev növbəsində dayanandan sonra bizə vermişdilər. Mənim icazəm olmadan evimə soxulublar. Mənzildə külli miqdarda pul və qızıl axtarıblar, təbii ki, heç nə tapmayıblar. Çünki uşaqlarımız doğulandan biz onların təhsili üçün pul yığıb, ona yönəltmişik. Yaxşı ki, pul olmayıb, yoxsa oğurlayacaqdılar. “Frontline”ın üzvlük kartını, köhnə kompüterlərimi, Camalın kompüterini oğurlayıb aparıblar. O kompüterdə Camalın 3 dərs kitabının elektron versiyası var. Bir aydır kompüteri qaytarmırlar ki, imtahanlarına hazırlaşsın. Evin mülkiyyət sənədini, babasının Mətanətə bağışladığı bağın sənədini oğurlayıb aparıblar. Eldar Əhmədov (Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin rəisi), mənimlə şərik ev almısan? Görünür, evimə gözləri düşüb. Özlərinin haram pullarla villaları var, amma yenə doymurlar. Evimdən əşyaların aparılmasını oğurluq kimi qiymətləndirirəm. Gərək prokurorluğa sorğu göndərib öyrənim ki, evimizdəki itin – Persikin də ölkədən çıxışına qadağa qoyublar, ya yox. Bunlar ölkəni vətəndaşlar üçün məhbəsə çevirirlər, öz övladları isə milyardlar içində üzür”.
“Demişəm ki, ölsəm də, gəlmə…”
Mətanət Əzizovanın təhlükəsizliyi baxımından onun konkret harada olduğunu açıqlamaq istəməyən Mirvari Qəhrəmanlı bildirib ki, o, hazırda Avropa ölkələrindən birindədir. Eyni zamanda, xəbərdarlıq edib ki, qızı və digər yaxınlarının başına gələ biləcək hər hansı xoşagəlməz hadisəyə görə birbaşa hakimiyyət məsuliyyət daşıyır: “Mətanətə demişəm ki, bu üç ayda ölsəm də, can versəm də, gəlmə”.
Mirvari Qəhrəmanlı nəvəsi Camalın təhsililə bağlı narahatlığını da bölüşüb. Digər hüquq müdafiəçisi Leyla Yunus bu məsələ ilə əlaqədar Camalın təhsil aldığı Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayevə müraciət edib: “Hafiz Paşayevi şəxsən ziyalı bir adam kimi tanıyıram. Əgər təzyiq məqsədilə bu yeniyetməni akademiyadan xaric eləsələr, sübut olunacaq ki, o, ziyalı deyil. Amma mən inanıram ki, Hafiz Paşayev ziyalı kimi davranacaq, bu gəncin həyatını məhv eləməyəcək”.
Leyla Yunus bildirib ki, onun da həm özünün, həm də anasının, həm də Füzuli küçəsində sökülmüş, lakin kompensasiyası bu günə qədər ödənilməmiş evlərinin mülkiyyət sənədlərini heç bir əsas olmadan götürərək, bu günə qədər qaytarmayıblar. Son günlər bir sıra jurnalistlərin, vətəndaş cəmiyyəti nümayəndələrinin Rauf Mirqədirovun işi üzrə istintaqda dindirildiyini deyən hüquq müdafiəçisi bu işlə əlaqədar prokurorluğa çağırılanlara səsləndi: “İltizama imza atmayın, oradakı saxtakarlıqları ictimailəşdirin”.
Tumar Həsənov