Bakıda taksi şirkətləri necə işləyir – Siyahı/Araşdırma

30-07-2018, 00:23           
Bakıda  taksi şirkətləri necə işləyir – Siyahı/Araşdırma
“Odur bax, taksi…min, get!!!” – bu məşhur ifadə “Əhməd haradadır” filmində rəhmətlik Əliağa Ağayevin kiçik fraqmentdə yaratdığı tarixi səhnədir.

Bu gün “odur, taksi, min, get” demək asan olsa da, ölkədə göbələk kimi sürətlə çoxalan taksi şirkətləri müştərilərin də, sürücülərin də baş bəlasına çevrilib.

► “Kopeşnik” taksilər…

AzEuroNews.com-un apardığı monitorinqlər, oxucu şikayətləri, son zamanlar müştərilərin başına gələn xoşagəlməz hadisələr problemi yazmağı zəruri edib.

Çünki artıq müştərilər də, sürücülər də taksi şirkətlərindən zara gəliblər, dad edirlər.

Əsasən də *9933 nömrəli “Salam” taksi, *8555 nömrəli “Ailə” taksi, *2223 nömrəli “Taksafon”, *9111 nömrəli “Ekonom” taksi, *8844 nömrəli “City” taksi, *5000 nömrəli “Ulduz” taksi xidmətləri ilə narazılıq yaradırlar.

Nədən ibarətdir bu şikayətlərin ümumi statistikası? Qısa şəkildə leytomitivini çatdıraq ki, adıçəkilən taksi firmaların əvvəlcə qiymətdə spekulyasiya edirlər.

Məsələn, müştəri Bakıxanov qəsəbəsindən “Nərimanov” metrosuna gedəcəyini söyləyir, bu yolun ümumi qiyməti 5 manatdır.

Amma operator müştəriyə 5 manat, 32 qəpik “oxuyur”. Müştəri çarəsiz qalaraq, razılaşır. Halbuki yolun qiyməti 5 manatdır.

Bu zaman müştəri həm özünə sığışdırmır ki, ona 5 manatın üstündə 32 qəpik ödəsin, həm də üzərində qəpik olmur, əlavə 1 manat versə belə, sürücü üzərində qəpik olmadığını, “haqqını halal elə” deyərək 6 manata mənzil başına çatdırmış olur.

Hazırda yuxarıda adı keçən taksi şirkətlərinin hər biri bu fırıldaqdan istifadə edirlər.

Bakının bir çox istiqamətlərinə sifariş verdikdə, 3 manat, 64 qəpik, 4 manat 80 qəpik, 6 manat, 40 qəpik və s. məbləğlər deyilir.

Bu da ciddi narazılıq yaradır. Çünki nə sürücü qalıq qəpiyi qaytarır, nə müştəri onu verə bilir.

► Xalq *9933-dən dad edir

Hazırda paytaxtda hamının dad elədiyi *9933 nömrəli “Salam” taksi xidmətidir. Bu taksilər artıq ağını çıxarıblar. Guya ucuz işləyirlər.

Amma nə zəng edib operatora düşmək olur, nə sürücü vaxtında gəlir, bir çox hallarda isə sifariş qəbul edilir, bir az sonra ərazidə taksi olmadığı deyilərək imtina olunur. Hətta sözügedən şirkətin sürücüləri vətəndaşları aldadırlar.

Məsələn, “Gənclik”dən sifariş verən müştəriyə 10 dəqiqə sonra sürücü tərəfindən zəng olunaraq bildirilir ki, o, hələ Bibiheybət tərəfdədir, gəlməyi uzun çəkəcək.

Bununla da müştəri vaxt itirir, başqa xidmətə zəng etməli olur. Hələ bu şirkətin avtomobillərinin nə gündə, səliqəsizliyi, sürücülərin intizamsızlığı, gecə müştəri daşıyanların yuxulu olması ayrı məqalənin mövzusudur.

► Bahaçılıq, gecikmə və…

Bundan başqa, *2223 nömrəli “Taksafon”, *9111 nömrəli “Ekonom” taksi, *8844 nömrəli “City” taksi çox bahadırlar. Həmçinin, sürücüləri gec gəlirlər.

*2223 nömrəli taksiyə zəng etməyə peşman olursan, çox vaxt ərazidə taksiləri olmadığını deyərək gec göndərirlər. Habelə, 7711, 9111, 8844 və s. taksilərdən narazılıq var.

Sözügedən taksi xidmətinin sürücülərinin müştərilərlə kobud rəftar etməsi də, xüsusi olaraq, bildirilir.

Eyni zamanda, həmin sürücülər avtomobillərində sərnişinlərin zövqlərinə yad olan mahnıların ifasına böyük yer verirlər. Şikayətçilər bildirir ki, sürücülər sərnişinlərə təklif etmədən öz istədikləri mahnılara qulaq asırlar.

Müştərilər üçün ağlayanda, bir gün sürücü üçün də ağlamaq lazımdır. İnsafən, şoferlər də işlərindən narazıdırlar.

Onlar deyirlər ki, nə sürücü, nə müştəri təqsirkardır. Bu xidmətdə təkcə qazanan şirkətlərdir.

“Onların benzini, yağı getmir, oturublar kondisionerli otaqlarda, sifarişləri verirlər, havaı pul girir ciblərinə. Bizsə gecə-gündüz yollarda müştərilərlə üz-göz oluruq.

Əvvəla, bu taksilər sistemi düzgün qurmayıblar və bu sahədə dəhşəti xaos var. İkincisi, şirkət çox vaxt elə qiymət təklif edir ki, sürücüyə sərf etmir.

Müştərini nəzərə alanda, bizi də nəzərə alsınlar da. Ona görə bu dəqiqə taksi şirkətlərinin sayı azaldılmalı, onların fəaliyyəti tənzimlənməlidir”,-deyə sürücülər bizimlə söhbətdə belə qənaətdədirlər.

O zaman ənənəvi taksi ilə 7 manata getməklə, taksi firmasından 6 manat, 70 qəpiyə getməyin fərqi nədir?

Üstəlik, şirkətlər qiymətləri necə hesabladıqlarını, hansı meyara əsaslandıqlarını ictimaiyyətə açıqlamırlar.
Teref.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.