Məşhur rus analitik xəbədarlıq edir:“HOLAN TƏPƏLƏRİNİN İSRAİLİN YURİSDİKSİYASINA VERİLMƏSİ ABŞ-a BAHA OTURAR” – Müsahibə
25-03-2019, 08:45
ABŞ prezidenti Donald Trampın Birləşmiş Ştatların 1967-ci ildə Altıgünlük savaşın gedişində İsrailin Suriyada ələ keçirdiyi Holan təpələrini İsrail ərazisi qəbul etmək haqda öz Twitter-ində bəyanatı həm Amerikada, həm Avropa Birliyində, həm də Moskvada gözlənilən reaksiyanı doğurub.
ABŞ Holan təpələrini rəsmən İsrailinki hesab edərsə, nə baş verəcəyi haqda Yaxın Şərq üzrə ekspert Mixail Maqid “Rosbalt”a danışıb.
– Gəlin, məsələnin ilkin tarixindən başlayaq.
– Holan təpələri 1967-yə qədər Suriyanın bir hissəsi idi. İsrail bu bölgəni Altıgünlük savaşın gedişində tutub. İsrail parlamenti 1981-də İsrail yurisdiksiyasının Holan təpələrinə yayıldığı haqda qanun qəbul edib, amma BMT bu qərarı tanımayıb.
Prezident Trampın dönəmində Holana münasibətdə ABŞ-ın ritorikası yumşalıb, amerikalılar Dövlət Departamentinin 2018-ci il insan hüquqları üzrə hesabatında göstərildiyi kimi bu bölgəni “işğal edilmiş” deyil, İsrailin “nəzarət etdiyi” adlandırmağa başlayıblar. Amerika senatoru Lindsi Qrem 12 martda İsrailə səfər zamanı Netanyahuya Birləşmiş Ştatların Holan təpələrini İsrail ərazisinin bir hissəsi kimi tanıması təşəbbüsü təklifiylə çıxış edib. Nəhayət, martın 21-də Dövlət Departamenti başçısı Mayk Pompeonun İsrailə səfəri olub. O, Netanyahu ilə görüş zamanı deyib ki, beynəlxalq birlik və ABŞ-ın İsrailin Holan yüksəkliklərinə nəzarət hüququnu qəbul etməyinin vaxtı çatıb. Bu qayda ilə görmək olar ki, Trampın bəyanatından qabaq sürəkli kampaniya gəlib.
– Tramp bu məsələni niyə məhz indi qaldırmağı kəsdirib?
– Bunun tam bir sıra səbəbləri var. Birincisi, Trampın bəyanatı bununla bağlıdır ki, administrasiyası ABŞ-ın bütün tarixi boyunca ən İsrailyönlüdür. Tramp və Netanyahunun ailələri sıx bağlıdır, öz aralarında əlbirdirlər. Onların ümumi maliyyə qəyyumu var – eyni zamanda həm ABŞ Respublikaçılar Partiyasının pul kisəsi, həm də Netanyahunuin seçki kampaniyasını və partiyası “Likud”u maliyyələşdirən multimilyoner Şeldon Adelson. Özü də İsrailin pulsuz, ən kütləvi, Bibinin (İsraildə Netanyahunu belə çağırırlar) ruporu olan “İsrael hayom” (“İsrail bu gün”) qəzeti Adelsona məxsusdur. Tramp artıq bundan qabaq ABŞ səfirliyinin İsraildə vahid və bölünməz paytaxt elan edilən Qüdsə köçürülməsinə nail olub, halbuki fələstinlilər onun şərq bölümünə iddialıdırlar.
İkincisi, İsraildə aprelin 9-da parlament seçkiləri baş tutmalıdır. Netanyahunun “Likud” partiyası “göy-ağ blok” (“Eş Atid” (“Gələcək var”) partiyasının lideri Yair Lapidin və İsrail Müdafiə Ordusu Baş Qərargahının keçmiş başçısı Beni Hantsın siyasi alyansı-“Rosbalt”) adlanan opponentlərilə, necə deyərlər, çiyin-çiyinə gedir.
Və opponentlərdənsə ifrat sağ millətçi partiyalar və Netanyahunun dəstəklədiyi musəvi dini təməlçiləri koalisiyasının qələbə şansı bir qədər çox olsa da, əlavə dəstək Bibiyə mane olmur. Heç bir şübhə yoxdur ki, bu ona öz mövqeyini bərkitmək imkanı verəcək. O, indi deyə bilər: “Mən təcrübəli diplomatam, hər şeyə nail oluram, Kremllə dostluq münasibətləri qurmuşam və indi İsrail təyyarələri Suriyada iranlıları bombalayarkən rus HHM onlara atəş açmır, mən prezident Trampın yaxın dostuyam və görün, nələr eləyir – Qüdsü bizimki qəbul edib, Holanın tanınmasından danışır”.
İsrailin millətçiliyə köklənmiş elektoratı üçün – o isə üstünlük təşkil edir- belə şeylər ürəyə məlhəmdir.
Nəhayət, ABŞ-dakı daxili durumu da hesabdan silməyinə dəyməz. Təkcə Respublikaçılar Partiyasının deyil, həm də Demokrat Partiyasının siyasətinə təsir edən ən güclü İsrailyönlü lobbi orada fəaliyyətdədir. Bu lobbiçilərin nüfuzu o qədər güclüdür ki, hətta Barak Obama cəhd etsə də, onun öhdəsindən gələ bilmədi. Trampın radikal İsrailyönlü xətti Amerikada daxili bölgüyə də müəyyən təsirə malik ola, ona öz opponentlərini zəiflətmək imkanı verə bilər. Trampın buna da ümidi ola bilər.
– Trampın sözlərinin o cümlədən müttəfiqlərin bir qismində, məsələn, avropalılarda doğurduğu qəbuletməzlik nəzərə alınmaqla ABŞ-ın Holanı İsrailinki kimi tanıması ehtimalı nə qədər böyükdür?
– Hər şeydən qabaq, şübhə edirəm ki, Tramp Holanı indi İsrailin bir hissəsi kimi rəsmən tanıyacaq. ABŞ-ın İsrailin ora üzərində tam suverenliyini tanımasının gərəkdiyini Trampın etdiyi kimi Twitter-də yazmaq bir işdir, rəsmən tanımaq başqa məsələdir. ABŞ səfirliyinin Qüdsə köçürülməsi haqda Trampın bəyanatıyla bağlı artıq baş verdiyi kimi, bu qərarın Yaxın Şərqdə coşğun hiddət doğura biləcəyi ABŞ-a belə bir addım atmağa mane olur. Bu arada Amerika prezidentinin administrasiyası indi “əsrin sazişi”ni – ABŞ-ın İsraildəki seçkilərdən sonra elan etmək istədiyi yeni Yaxın Şərq tənzimləməsi planını hazırlayır. Trampın bəyanatı Yaxın Şərqi artıq silkələyib. O, Holanı İsrailin bir hissəsi kimi rəsmən tanısa, bu, daha yüksək hiddət dalğası doğurar və “əsrin sazişi”nin bağlanması ehtimalını kəskin pisləşdirər. Amerikanın bir çox siyasətçisi də bu addımı mənfi qavrayar. İş burasındadır ki, Trampın belə mövqeyi ABŞ siyasətini səfeh şəkildə göstərir. Bir yandan, Krımı Rusiyanınkı bilməkdən imtina etmək, Ukraynanın suverenliyinin pozulmasından danışmaq, o biri yandan İsrailin zorla qopardığı Holanı Suriyanın deyil, İsrailin bir hissəsi kimi tanımaq olmaz. ABŞ dünyada sərt, amma ardıcıl arbitr, ədalət və demokratiyaya nail olmağa səy edən “yumşaq” deyilən güc rolunu oynamağa çalışır. Burada isə birdən belə bir yolverilməz ziddiyyət. Düzdür, ola bilsin, Trampın özü Krımı Rusiyanınkı qəbul edərdi, amma siyasi elitaların və ABŞ Konqresinin mövqeyinə görə bunu etmək gücündə deyil. Buna görə də aşkar və əlverişsiz, ABŞ-ın dünyadakı siyasətini sarsıdan ziddiyyət meydana çıxır.
– Bununla belə, söz deyilib. Və bir başqası deyil, dünyanın ən güclü ölkəsinin başçısı tərəfindən. Sonra nə olacaq?
– Yuxarıda söylədiyim mülahizələrdən çıxış edərək düşünməyə meylliyəm ki, Amerika elitası, yuxarı siyasi təbəqələr Trampın bəyanatını yumşaltmağa və geri çevirməyə səy edir. Bu, elə hey baş verir. Baxın, Suriyada nələr oldu. Tramp 2018-in dekabrında Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanla söhbətdən sonra qoşunların Suriyanın şimal hissəsindən çıxarılması haqda qərar alıb. Amerika qoşunları orada Suriyanın YPG kürd könüllü yığmasıyla birlikdə İŞİD-ə qarşı ortaq əməliyyatlar aparıb. Trampın o vaxtkı bəyanatlarında “Rosbalt”a qabaqlar haqqında danışdığım müəyyən məntiq var idi. Amma bu, Amerika rəhbərliyinin bir hissəsində qəzəb doğurdu. Məsələn, ABŞ müdafiə naziri Ceyms Mettis istefa verdi.
Kürdlər də qəzəbləndilər. Trampın qərarı onları Ərdoğanın birmənalı şəkildə bəyan etdiyi türk ordusunun zərbəsi altında qoydu. Belə çıxdı ki, kürd könüllü yığması amerikalılarla birlikdə İŞİD-in paytaxtı Raqqanı hücumla götürüb, onun Suriyadakı iştirakını alt-üst edib, bir çox döyüşçünü ölümlə itirib və indi, budur, ABŞ, sadəcə, müttəfiqini türk ordusunun zərbəsi altında qoyaraq onu atır.
– Amma o vaxt Trampın bu qərarı bir qədər yumşaldılıb…
-Bəli, yekunda yenə də Amerika prezidentinin çevrəsi onu mövqeyini yumşaltmağa vadar edib. O, qabaqca artıq yanvarda qoşunları (2000 nəfəri) çıxarmaq istəyirdisə, bu gün Amerikanın 1000 hərbçisi Suriyada qalmaqdadır və hələlik heç hara getmir. ABŞ Suriyanın şimalında kürdləri Türkiyə müdaxiləsindən qoruya biləcək təhlükəsizlik zonası haqda da danışmağa başlayıb.
Mənə elə gəlir ki, Holanın İsrailin bir hissəsi kimi tanınmasıyla bağlı indi də hər şey birmənalı olmayacq. Belə addımım nəticələri ABŞ üçün çox ciddi ola bilər. İstənilən halda, Amerika rejiminin yuxarı təbəqələri, artıq dəfələrlə etdiyi kimi, Donald Trampın bəyanatının nəticələrini yumşaltmağa çalışır…
Rosbalt.ru
Söhbətləşdi Aleksandr Jelenin
Tərcümə Strateq.az-ındır.