“ƏLİ İNSANOVLA GÖRÜŞÜB, MÜZAKİRƏ APARDIM…” – Eldar Namazov danışdı

26-03-2019, 16:31           
“ƏLİ İNSANOVLA GÖRÜŞÜB, MÜZAKİRƏ APARDIM…” – Eldar Namazov danışdı
Prezidentin sabiq köməkçisi Eldar Namazovun Əli İnsanova siyasi dəstək verəcəyi ilə bağlı xəbərlər yayılıb.
Teref.az xəbər verir ki, E.Namazov mövzu ilə bağlı “Yeni Sabah”a açıqlama verib. O bildirib ki, Əli İnsanov hazırda bir sıra görüşlər keçirir: “Mən Əli İnsanov və həbsdə olan başqa tanınmış adamların, fəalların azadlığa çıxması üçün dəfələrlə müraciətlər etmişəm. Şadam ki, onların böyük bir qismi artıq azadlıqdadırlar. Əli İnsanovu bizim ailəmiz keçən əsrin 70-ci illərindən tanıyır. Onunla uzun sürən şəxsi tanışlığımız var və münasibətlər məhz insani əlaqələr üzərində qurulub. Əli İnsanov 14 il cəmiyyətdən tədric olunduqdan sonra azadlığa çıxdı, mən də gözaydınlığı vermişəm, onunla görüşmüşəm də. Bildiyimə görə Əli müəllim bir müddət müxtəlif görüşlər keçirəcək. Həm uzun müddət görmədiyi ailə üzvləri, həm də ictimai-siyasi xadimlərlə. Onu görmək istəyənlər çoxdur, İnsanov da çoxları ilə görüşmək istəyir. Yəqin hansısa siyasi qərarların verilməsi prosesi xeyli müddət davam edəcək”.
E.Namazov qeyd edib ki, Əli İnsanovla bağlı mətbuat orqanları müxtəlif versiyalar irəli sürürlər: “Fərqli insanların adları hallanır, partiyalardan, hərəkatlardan danışılır və.s. Bilmirəm, bunu kimlərsə sifarişləmi edir, yoxsa bu, ənənə xarakteri daşıyır. Təəssüf ki, Azərbaycan mətbuatı güman edilən məsələləri fakt kimi qələmə verir. Ölkə daxilində və xaricində gedən prosesə aydınlıq gətiriləndən, görüşlər bitəndən sonra yəqin ki, Əli İnsanovun planları formalaşa bilər. Şəxsən mən güman etmirəm ki, İnsanovun partiya rəhbəri olmaq arzusu olsun. O, ağsaqqal adamdır, akademikdir. Onun partiya sədri işinə meyillənməsi ağlabatan deyil. Bu, mənim şəxsi qənaətimdir. Yəqin Əli müəllim görüşlər keçirəndən sonra hansı qərarlara gələcəyini cəmiyyətə elan edəcək. Medianın marağı kifayət qədər böyük olsa da, bir az dözümlü olmaq lazımdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.