Eldar Namazov: “Bəzilərinə görə onun azadlığa çıxması ölkədə gərginliyi artırmaq üçün fürsətdir”

29-03-2019, 09:44           
Eldar Namazov: “Bəzilərinə görə onun azadlığa çıxması ölkədə gərginliyi artırmaq üçün fürsətdir”
“Həmin o siyahıda olanlardan yalnız Əli İnsanova köməklik edə bilmədik, çünki...”
Prezidentin sabiq köməkçisi, Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Eldar Namazovun sabiq səhiyyə naziri Əli İnsanova siyasi dəstək verəcəyi ilə bağlı xəbərlər rezonans doğurub. Bununla bağlı mətbuatın yaydığı məlumatlarda deyilir ki, vaxtilə E.Namazovun rəhbərliyi altında fəaliyyət göstərmiş “Yeni Siyasət” (YeS) blokundan deputatlığa namizədliyi irəli sürülmüş daha bir neçə tanınmış şəxs də sabiq nazirin tərəfdarları ilə danışıqlar aparır. Bu mövzu ilə bağlı Eldar Namazov “Yeni Müsavat”a geniş müsahibə verib.

- Eldar bəy, mətbuatdan oxuduq ki, Əli İnsanovla görüşüb əməkdaşlıqla bağlı müzakirələr aparmısınız. Sabiq komanda yoldaşınızla görüş təşəbbüsü kimdən gəldi?

- Səhv etmirəmsə, mən bir neçə il bundan əvvəl “Yeni Müsavat” qəzetində Əli İnsanovla bizim ailəmiz arasında 70-ci illərdən başlayan əlaqələrdən, münasibətlərdən danışmışdım. Bir daha qeyd edim ki, bizim ailəmiz Əli İnsanovu uzun illərdir tanıyır. Şəxsən mənim onunla münasibətlərimin tarixçəsi çox uzağa gedir. Bütün bu dövrlərdə bizi məhz insani münasibətlər bağlayıb. Bu səbəbdən Əli İnsanov həbs olunandan sonra mən də dəfələrlə onun azadlığa buraxılması ilə bağlı müraciətlər etmişəm. Ona görə də bu əfv fərmanından sonra Əli İnsanova gözaydınlığı vermək təbii ki, mənim ən azı borcum idi. Yəqin ki, bunun necə baş verməsi sizi maraqlandırır. (gülür)

- Təbii ki...

- Mənim belə məsələlərdə bir yanaşmam var: dəfələrlə dostlarıma da demişəm ki, etik normaları həmişə gözləmək lazımdır. İlqar Məmmədov həbsdən azad olunanda elə həmin gün mənə bir çox insanlar zəng etdilər ki, sizin İlqar Məmmədovla münasibətlərinizin həmişə yüksək səviyyədə olduğunu bilirik, gedək, bir görüşək, gözaydınlığı verək. Dedim, bilirsiniz, bu, etik normalara ziddir. Mən yaxınlarına telefon açdım, yaxınlarına gözaydınlığı verdim, dedim İlqar müəllim ailəsi, dostları, qohum-əqrəbası ilə görüşsün, mən sərbəst insanam, onun uyğun vaxtı olanda görüşüb söhbət edərik. Belə də oldu. Bir neçə həftə sonra biz onunla görüşdük, oturub söhbət etdik. Əli müəllimlə də təqribən eyni vəziyyət yaranmışdı. Mən elə həbsdən çıxdığı gün onun qohum-əqrəbasına telefon açdım, gözaydınlığı verdim və dedim ki, nə vaxt Əli müəllimin sərbəst vaxtı olar, mənə xəbər edərsiniz, gəlib görüşərəm. Elə belə də oldu. Mənim zəngimi ona çatdırdılar, sonra da mənə zəng oldu, dəvət olundum, getdim, görüşdüm. Mən belə məsələlərdə həmişə etik çərçivəni gözləyən insanam. Sevmirəm ki, kiminsə xəbəri olmadan kimsə gəlib onun qapısının qarşısını kəsdirsin.

- Deməli, Əli İnsanovla onun evində görüşdünüz, eləmi?

- Bəli. Mən ilk dəfə Əli müəllimin harada yaşadığını bildim. Ona görə ki, əvvəllər bizim görüşlərimiz parlamentdə, Prezident Aparatında, tədbirlər zamanı olardı... Getdim, görüşdük, keçənlərdən də, indiki vəziyyətlə bağlı da söhbət etdik.

- Ailəvi münasibətləriniz olduğu halda, nədən evinə get-gəliniz olmayıb?

- Mən uzun müddət Azərbaycanda olmamışam, Moskvada, Sankt-Peterburqda yaşamışam. Əli müəllimlə münasibətlər həmin illərdə oldu ki, o, 8-ci km-də yerləşən xəstəxanada baş həkim işləyirdi. Mənim anamı da işə qəbul etmişdi. Anamın əsas işi Respublika Xəstəxanasındaydı, göz həkimiydi. O vaxt kifayət qədər çətin illər idi. Allah ölənlərinizə rəhmət eləsin, mən 7-ci sinifdə oxuyanda atamı itirmişdim. Ona görə də bizə dost olan insanlar dəstək olmağa çalışırdılar. Əli müəllim də o sıradan bir adam idi. O, Respublika Xəstəxanasında işləyən anamı öz xəstəxanasında çalışmağa dəvət etmişdi. Düzdür, anam əvvəlcə razı olmurdu. Çünki Yasamalda yerləşən Respublika Xəstəxanası ilə 8-ci km arasındakı məsafə kifayət qədər uzaq idi. Ancaq Əli müəllim çox xeyirxahlıq edib demişdi ki, bacım, vaxtın olanda gələrsən, qrafiki özünə uyğun düzərsən, burada sizin üçün problem olmayacaq.

“Yəqin ona dəstək verən təşkilatlarla, beynəlxalq qurumlarla da görüşləri olacaq”
Yəni o münasibətlər həmin dövrdən başlamışdı. Bizim ailədə həmişə Əli müəllim haqqında çox xoş fikirlər səslənirdi, xoş münasibətlər var idi. Mən artıq Azərbaycana qayıdandan sonra və Prezident Aparatında çalışdığım dövrdə anam bir dəfə dedi ki, ay Eldar, çətin illərdə bizə çoxlu insanlar kömək ediblər. Yəqin həmin adamlarla da maraqlanmalıyıq, bəlkə kiminsə çətinlikləri, problemləri var, bu, bizim borcumuzdur. Mən dedim, ana, bunu sən məndən daha yaxşı bilərsən. O vaxt mən hələ uşaq idim, məktəbdə oxuyurdum. Ona görə də sən özün bir siyahı tut, insanlarla əlaqə saxla, maraqlan, öyrən vəziyyətləri necədir. Ondan sonra mənə de ki, kimin hansı problemini həll etmək lazımdır. Təbii ki, can-başla onların problemlərini həll edərəm. Elə də oldu. Yadımdadır, anamın bir dəftərçəsi var idi, onu çoxsaylı adlarla doldurmuşdu. (Gülür.) Həftədə bir-iki dəfə mənə deyirdi ki, filan rayonda filan adamın filan problemi var, onu həll etmək lazımdır. Ya da filan nazirlikdə hansısa bir nəfərin problemini həll etmək lazımdır.

- Bu məsələdə sizi regional amil birləşdirirdi?

- Yox, orada müxtəlif regionlardan olanlar, şəhərdə yaşayanlar da var idi. Mənim işim çox gərgin idi. Mən bir köməkçi kimi prezidentdən əvvəl işə getməli və prezidentdən bir az sonra işdən çıxmalı idim. Həm xarici, həm də daxili siyasətlə bağlı prezidentin köməkçisi kimi, görüşlərdə iştirak edirdim. Ona görə də anam mənə yalnız kimdən xahiş etmək lazım olduğunu çatdırırdı, mən də edirdim. Bir müddətdən sonra anam mənə dedi ki, a bala, məndə olan siyahı artıq bitdi, yalnız bir adamla əlaqə saxlayıb soruşa bilmədim sənin nə problemin var. Soruşdum, niyə? Dedi o adam Əli İnsanovdur, hakim partiyanın yaradıcılarından biri, prezidentin yaxın silahdaşıdır. Mənim üçün çətindir zəng edim soruşum ki, sənin nə problemin var, köməklik edək. Mən də güldüm, dedim düz deyirsən, özüm Əli müəllimlə bu haqda danışaram. Bir dəfə Milli Məclisdə bir yerdə olanda Əli müəllimə bu söhbəti danışdım, güldü, dedi ki, Eldar, siz belə yaxşılıqları itirmirsinizsə, bunun özü elə kifayətdir, mənin salamımı anana çatdır. Belə oldu ki, həmin o siyahıda bir Əli İnsanova köməklik edə bilmədik, çünki ehtiyac yox idi. 1999-cu ildə mən, rəhmətlik Vəfa müəllim, Tofiq müəllim istefaya gedəndən 5-6 il sonra Əli İnsanovla bağlı məlum hadisə baş verdi. İlk dəfə anamın vəsiyyətini yerinə yetirmək üçün imkan yarandı. O zaman Əli müəllimin azadlığa çıxması üçün müəyyən işlər görmək istədim. Mən bu işləri görürdüm. Elə onun evində görüşəndə dedim, Əli müəllim, bu gün bir adamın da ruhu şad olur ki, siz azadlığa çıxmısınız. Elə bil ki, mən də onun vəsiyyətini yerinə yetirmiş oluram. O da başa düşdü, dedi, Allah anana qəni-qəni rəhmət eləsin. Yəni bizim münasibətlərimiz insani münasibətlər üzərində qurulmuşdu.

- Mən düşündüm ki, bəlkə də münasibətlər Ləmbəli kəndinə qədər gedib çıxır...

- (Gülərək) Deyəsən, Əli müəllimin tərcümeyi-halını yaxşı öyrənmisiniz.

- Yox. Sadəcə, bir dəfə Borçalıda, Sadaxlı kəndində olanda bildim ki, çayın o tayındakı kənd Ermənistan ərazisindəki Ləmbəli kəndidir, Əli İnsanovun doğulduğu məkan.

- Hə, oraya Dağ Borçalı deyirlər. Ümumiyyətlə, Qərbi Azərbaycanı bir region kimi təqdim etmək düzgün deyil. Mən bunu bir tarixçi kimi deyirəm. Böyük Azərbaycan dövləti olub. Bir hissəsi indi müstəqil Azərbaycan dövləti, Şimali Azərbaycandır. Həm Cənubi Azərbaycan var, həm də Qərbi Azərbaycan. Qərbi Azərbaycanın özündə o qədər regionlar var ki... Göyçəlilərin, vedililərin, qafanlıların, irəvanlıların başqa xüsusiyyətləri var. Onlar həmişə bir-biri ilə zarafatlaşırlar. Necə ki, bakılıların, qazaxlıların, qarabağlıların öz xüsusiyyətləri var. Qərbi Azərbaycan da Azərbaycan tarixinin böyük bir hissəsidir. İrəvan daxil olmaqla, başqa şəhərlərdə və 20-dən artıq rayonda kompakt halda Azərbaycan türkləri yaşayıb.

- Fakt budur ki, Qərbi Azərbaycan mövzusu, regional amil məsələsi xeyli müddət idi arxa plana keçmişdi, amma eks-nazir azadlığa çıxandan sonra yenidən aktuallaşdı. Hesab olunur ki, Əli İnsanov daha çox bu regiondan olan tanınmış simaları ətrafında birləşdirməyi hədəfləyib. Belədirmi?

- Yox. Sizə səmimi deyim, Əli müəllimlə insani münasibətlər üzərində qurulmuş münasibətlərim olduğuna görə mən mətbuatdan bəlli olan Əli İnsanov obrazını daha çox virtual obraz sayıram. Ancaq mən real bir insanı - Əli İnsanovu tanıyıram. Əli İnsanov kifayət qədər səmimi, gülərüz, hər bir insana diqqətlə yanaşan insandır. Mən onun köməkçiləri, yaxın adamları ilə tanış olanda gördüm ki, biri yəhudi, biri rusdur, başqa regiondan da adamlar var idi. Ona görə də güman etmirəm bu insana regional baxımdan yanaşmaq düzgün yanaşmadır.

- Yəqin ki, özünün hədəfləri barədə sizə nələrisə danışıb. Nə planlaşdırır? Birgə fəaliyyətlə bağlı təklifi oldumu?

- Bizim mətbuatda bir az dəbə çevrilib. Müxtəlif gümanları, fərziyyələri fakt kimi təqdim etməyə, sonra da onu yoxlamaq üçün müxtəlif insanlara zəng edib bu haqda soruşmağa başlayırlar. Təsəvvür edin, bu insan 14 ilə yaxındır cəmiyyətdən təcrid olunmuşdu. 14 ildən sonra həbsdən çıxan insanı jurnalistlər elə qapının ağzında gözləyirdilər, 14 saniyə də nəfəs almağa imkan verməyib, ona çoxsaylı suallar ünvanladılar. İndi də bu haqda müəyyən yazılar gedir, nə isə yaratmaq və s. bağlı. Sizə səmimi deyirəm, məndə olan məlumata görə, Əli müəllim bir müddət görüşlər keçirmək niyyətindədir. Onunla görüşmək istəyən adamlar çoxdur, qohum-əqrəbasından tutmuş, 14 ildir onu görməyən digərlərinədək. Hansısa ictimai xadimlər onunla əlaqə saxlayıb görüşürlər. Yəqin ona dəstək verən təşkilatlarla, beynəlxalq qurumlarla da görüşləri olacaq. Məncə, kifayət qədər vaxt lazım olacaq ki, Əli müəllim bu görüşləri keçirsin, həm ölkənin daxilində, həm xaricdə gedən proseslərlə bağlı öz rəyini, baxışlarını formalaşdırsın. Yəqin ondan sonra mətbuata hansısa fikirlərini çatdıracaq. İndidən hansısa fərziyyələr irəli sürmək düzgün deyil.

- Hər halda, sizin aranızda müzakirələr olub, elə deyilmi?

- Yox. Axı biz onunla elə azadlığa çıxdığı gün görüşdük. Qohum-əqrəbaları elə həmin gün mənə zəng etdilər ki, Əli müəllim səni gözləyir. Ona görə də həmin gün başqa hansı məsələlər müzakirə oluna bilərdi?

- Bəs siz özünüz necə, Əli İnsanovla birgə hərəkət etmək istərdinizmi?

- Mən bildiyimə görə Əli müəllim kifayət qədər vaxt ayırıb ki, görüşlər keçirsin, rəyini formalaşdırsın. Ondan sonra yəqin ictimaiyyətə daha geniş şəkildə fikirlərini açıqlayacaq. Ondan sonra artıq o fikirlərlə bağlı mənim də, başqalarının da rəyini soruşa biləcəksiniz.

Mətbuatda Əli İnsanovun azadlığa çıxması ilə bağlı dərc olunan yazılarda iki xətt görürəm. Bəziləri üçün ola bilsin, onun azadlığa çıxması ölkə daxilində gərginliyi artırmaq üçün fürsətdir. Belə adamlar yəqin ki, hakimiyyətin içində də, cəmiyyətdə də, müxalifətdə də var. Ancaq eyni zamanda bir çoxlarının yanaşması ona yönəlib ki, siyasi məhbusların, o cümlədən Əli İnsanovun azad olunması ölkənin daxilində barış yaratmaq, sivil münasibətlər qurmaq üçün yaxşı bir fürsətdir. Mən də ikincilərin sırasında olduğum üçün Əli müəllimə qarşı ittihamları çox təəccüblə qarşılayıram.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.