Şəhid ailəsinin əleyhinə qərar çıxaran hakim DANIŞDI

29-03-2019, 20:21           
Şəhid ailəsinin əleyhinə qərar çıxaran hakim DANIŞDI
Ali Məhkəmədə şəhid polkovnik-leytenant Sənan Axundovun ailəsi ilə “Şərurlu İsfəndiyar” kimi tanınmış tikinti maqnatına məxsus “Şaiq” MTK şirkəti arasında mübahisəli mənzil məsələsi media gündəminin əsas müzakirə mövzusu olub.

Dünənki məhkəmə iclasına hakim Əsəd Mirzəliyev sədrlik edib və şəhid ailəsinin əleyhinə, iş adamının isə xeyrinə qərar çıxarıb.

Qeyd edək ki, şəhid ailəsi 2008-ci ildə Yasamal rayonunda yerləşən “Kamran” MMC-dən mənzil alıb. Lakin 2011-ci ildə binanın əslində “Kamran” MMC-yə məxsus olmadığı bildirilib. Mənzil alan sakinlərə isə deyilib ki, “Kamran” MMC onları aldadıb. Bundan sonra "Kamran” MMC-nin sahibləri dələduzluğa görə həbs olunub. Həmin bina isə “Şaiq” MTK-ya verilib.

Sənan Axundovun ailəsi sahəsi 50 kvadratmetr olan həmin mənzil üçün əvvəldən 53 min pul ödəyib və 11 min borcu qalıbmış. “Şaiq” MTK isə ailədən 11 mindən əlavə olaraq 36 min manat da istəyib.
Ailə bundan imtina etdikdə tikinti maqnatına məxsus “Şaiq” MTK məhkəməyə müraciət edib.

Hakim Əsəd Mirzəliyevin dünən çıxardığı qərar şəhid ailəsinin mənzildən çıxarılması barədə olub.

Məsələ o həddə çatıb ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva də işə müdaxilə edib və onun göstərişi ilə bu gün şəhid zabit Sənan Axundovun ailəsi yeni mənzillə təmin olunub.

Qalmaqallı işlə bağlı prosesə sədrlik etmiş Ali Məhkəmənin hakimi Əsəd Mirzəliyevin adı da gündəmə gəlib.

Ə.Mirzəliyev Modern.az-a eksklüziv açıqlamasında onun sədrliyilə keçirilən iclasda verilən qərarın tam qanuni olduğunu bildirib:

“Mətbuatda “Aprel şəhidi” ilə bağlı verilən məlumatlar təsdiqini tapmayan məlumatlardır. Bu müqavilə 13 avqust 2008-ci ildə “Kamran” MMC ilə mərhumun qayınatası Zeynalov Novruz Qafar oğlu arasında bağlanıb. 64 min manat vəsaitdən 53 min manatını ödəyib. Daha sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin 2013-cü il tarixli hökmü ilə “Kamran” MMC-nin rəhbərləri saxta müqavilə vasitəsilə şəxsin vəsaitini əlindən aldıqları üçün dələduzluq maddəsilə məhkum olunublar. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin əmlaklarının hesabına Zeynalov Novruz Qafar oğlunun vəsaitinin geri qaytarılması qərarı verilmişdi. Sonradan təqsirləndirilən şəxslərin şikayəti əsasında yuxarı instansiyada bu qərar ləğv olundu. Yəni o, mülki iddia vermədiyi üçün pul bu qaydada tutula bilməzdi.

Nəticədə Novruz Zeynalov pulunu mənimsəyən insanlara qarşı mülki iddia qaldırmaq əvəzinə, səlahiyyətsiz hesab olunan “Kamran” MMC-yə qarşı iddia qaldırıb ki, “50 kvadratmetrlik sahə mənim istifadəmə verilsin”.
Apelyasiya Məhkəməsi doğru olaraq rayon məhkəməsinin qərarını ləğv etdi. Çünki Mülki Məcəllənin 82-ci maddəsinin 4-cü bəndində göstərilib ki, bu hökm məcburidir. Hökmlə müəyyən olunub ki, şəxsin müqaviləsi saxtadır. Saxta müqavilə də etibarsız sayıldığından heç bir hüquqi əsası və nəticəsi yoxdur. Bunun əsasında şəxsə mənzil vermək olmaz”.

Hakim qeyd edib ki, 2016-cı ildə Novruz Zeynalovun kürəkəni “Aprel döyüşləri”ndə şəhid olduqdan sonra o, hər yerə müraciət etməyə başlayıb:

“Müraciətində də bildirib ki, mənzili şəhidin vəsaiti hesabına alıb. Halbuki, Novruz Zeynalov özü professordur, ali məktəbdə müəllimdir, kifayət qədər vəsaiti olub. Müqaviləni də öz vəsaiti hesabına bağlayıb”.

Hakim deyir ki, Apellyasiya Məhkəməsinin həmin qətnaməsi müzakirə olundu, bir neçə dəfə təxirə salındı.

“Axırda qərara gəldik ki, nə qədər qanuni qüvvəyə minmiş hökm var, bu hökmlə ona ziyan vurmuş şəxsdən həmin ziyanın qarşılanması tələbini irəli sürməlidir. Artıq saxta hesab olunan müqavilə ilə bu tələbi etmək olmaz. Ona görə də biz o qərarı qüvvədə saxlamışıq”.

Ə.Mirzəliyev “Şərurlu İsfəndiyar”ın ona rüşvət verdiyinə görə belə bir qərar verməsi iddialarını əsassız adlandırıb:

“Bunların hamısı bəhanə, hüquqi əsası olmayan məsələlərdir. Nə qədər ki, belə bir hökm var, orada başqa cür qərar qəbul etmək mümkün deyildi. Hökmdə sən zərəçəkmiş kimi tanınmısan. Zəhmət çək, zərəçəkmiş deyilsən, müqavilən də saxta deyil, get bunları dəyişdir, ondan sonra belə bir tələb irəli sürə bilərsən”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.