Məşhur serial aktyoru: “Yataq səhnələrinə çəkilmərəm”
1-04-2019, 09:54
Kulis.az gənc aktyor Cövdət Şükürovla müsahibəni təqdim edir.
- Bəlkə də ölkədə ən çox seriala çəkilmiş aktyorsunuz. Neçə serialda oynamısınız? Mən hamısını xatırlamıram.
- İlk serialım “Qanun naminə” idi, sonra “Sənə inanıram”, “Səni ürəyim sevdi”, “Durnalar qayıdanda” oldu. Daha sonra “Sevgi naminə” serialında oynadım, amma bu serial yayımlanmadı. Problemlər yaranmışdı. Daha sonra “Sənin deyil” serialında oynadım.
- “Dəfnə ağacı” daha böyük rolunuz idi?
- Yox, “Dəfnə ağacı” reytinqli serial olduğu üçün daha çox tanındım. Amma “Cehizsiz gəlinlər”ə kimi dramın nə qədər çətin və ciddi məsələ olduğunu başa düşməmişdim. Orada ağır səhnələr çox idi. Az qala hər gün ağlayırdıq. Rolun yükünü hiss etdim. “İmtahan”da isə başqa bir tamaşaçı auditoriyasına çıxdım.
- Cövdət bəy, neçə yaşınız var?
- 30 oldu.
- Bu qədər serial sadaladınız, ona görə soruşdum.
- Bilirsiz, 2013-cü ildən bəri hər il çəkilirəm.
- Yorulmamısınız?
- Yoruluram. “Dəfnə ağacı”ndan sonra bir neçə ay evdə qaldım, işləmədim. Çəkiliş meydanı üçün darıxdım. Amma indi istirahətə ehtiyacım var.
- Hər şeyi buraxıb istirahət etmək kimi bir lüksünüz varmı?
- Yox, işləməliyəm. Mən çəkilməsəm, maddi problemlərimi həll edə bilmərəm. Bizdə hər gün film çəkilmir. Çəkiləndə də qonorar o qədər deyil ki, ilə iki filmə çəkilib oturaq.
- “Təhminə və Zaur” serialında Azərbaycan ədəbiyyatında, hətta kinosunda belə məşhur bir əsərdən qaynaqlandınız. Əsər nə qədər mane oldu sizə?
- Mən əslində əsərdən çıxış etmək istədim. Amma məncə, Zaur obrazı serial üçün deyil. Düşündürücü obrazdı, gündəlik serialda yeyilmir. Mən rəyləri oxudum, gördüm ki tamaşaçıya kitabdakı kimi oynanılan Zaur sıxıcı gəlir. Həm də bildim ki, artıq möhürün vurmuş layihəni yenidən işləmək lazım deyil. Biz nə qədər can qoysaq da o obrazlar artıq beyinlərə başqa cür həkk olub.
- Serialdakı qəhrəmanlarınızın çoxu qəhrəman-sevgili obrazlarıdır. Aktyor kimi qəlibə düşməkdən qorxmursuz ki?
- Bu son serialdan qabaq “Kino-kino” adlı bir komediya filminə çəkildim. Orada bütün o stereotipləri qırıb komik obraz yaratdım. Emil Quliyevin “Pərdə 3” filminin çəkilişlərinə başlamışıq. Orada hər şeyi düşünən, ağıllı adam obrazım var. 5-6 əsas qəhrəmandan biriyəm. İndi çəkildiyim “Dağıntılar altında” serialında da obrazım tam fərqlidir.
- “Dağıntılar altında” serialını tərifləyirlər. Fərqliliyi nədədir?
- Oradakı heyət işinə ciddi yanaşır. İntizam var.
Bilirsiniz, biz gündəlik seriala çox qeyri-ciddi yanaşırıq. Əslində gündəlik serial çox ciddi bir işdir. Bizim seriallarda ilk növbədə təşkilatçılıq zəifdir; komanda düzgün yığılmır. Peşəkarlığı lap bir qırağa qoyaq, işini sevən insanlar toplaşmalıdırlar; geyim rəssamından saç ustasından ssenari yazarına qədər...
Bir də, mən serial kino sektorunda intizam görmədim. Peşəkarlıq bir ayrı məsələdir. Məsələn, sən aktyorsan, yaxınlaşıb rejissora deyirsən ki, mənə verdiyiniz, tutalım Arif obrazı kimdir? Nə çəkmək istəyirsiniz? Deyəcək ki, Arifin 30 yaşı var kuryer işləyir, bir adəti var gözünü ovur. Deyirəm, ay rejissor, 30 yaşdan sonrasını mən tapıb oynayacağam, 30-dan sonranı mənə burax, sən mənə 30 yaşa qədərki Arifi danış. Axı bunun üzərində hadisələr də qurulacaq, bunu siz yazmalısınız.
Bizdə rejissorlar bəzən heç ssenarini də oxumurlar. Ad çəkmək istəmirəm, var belələri. İşini sevməməkdən irəli gəlir. Mən də bir yerə qədər can qoyuram, sonra anlayıram ki, təkbaşına çalışmaqla heç nə edə bilmərəm... Rejissora deyirəm ki, mənə rejissor mizanı ver, deyir mən “zadaça” verməli deyiləm. Bəs o zaman rejissor nə etməlidir?
Aktyor plastilin kimidir, rejissor nə istəsə aktyor onu etməlidir. Uzağı rejissor icazə versə, aktyor bir iki improvizə edər. Yoxsa ki, aktyor özündən nəsə uydurmalı deyil axı...
Problemlər çoxdur, amma əsas yaradıcı problem elə budur.
- Rəyləri oxuyursunuz dediniz. İnsanlar nə istəyir?
- Rəyləri oxumağı xoşlayıram. Amma heç kimin xətrinə dəyməsin, o rəyləri yazan adamların çoxu boş adamlardır. Mən onları ciddiyə almıram. Sadəcə, boş fikirlər olsa belə kimin nə düşündüyünü bilmək istəyirəm. Orada mentalitet çağırışı edən adamların da çoxu boş adamlardır. Bu məsələlərin mentalitetlə bir əlaqəsi yoxdur.
- Bəs necə düşünürsünüz, bu boş düşünən adamları da elə seriallar yetişdirmir ki?
- Düz deyirsiz, hardasa elədir. Ona görə də serialları daha ciddi işləmək lazımdır. Reytinq xatirinə qışqır-bağıra ehtiyac yoxdur. Amma TV olaraq biz tamaşaçı istəyənə gedirik. Bizim günahımız böyükdür, amma camaat bunu tələb edir.
- Obrazı özününküləşdirmək üçün xüsusi bir metodunuz varmı?
- Məncə, hər kəs özünü oynayır. Hər bir aktyor oynadığı obraza öz içindən impuls tapır. Coni Depp məsələn. Sərçə Ceki axıradək apara bildi. Çünki Cek onun özü idi.
- Deməli, aktyorun emosional yaddaşı da böyük olmalıdır. Həyat təcrübəsi olmalıdır.
- Mən bu yaxın zamanlaradək dərin hüzn yaşamamışdım. Yəni doğma adamımı itirməmişdim. Atam bu yaxınlarda, yaxınlarda derkən, “İmtahan” serialının başladığı ərəfələrdə dünyasını dəyişdi.
- Yadımdadır, belə bir status da yazmışdınız ki, daha heç vaxt tam xoşbəxt olmayacam. Bir yerim həmişə sızlayacaq...
- Hə, kədərin nə olduğunu onda hiss etdim. Ona qədər oynayırdım. Amma indi dəqiq bilirəm ki, yaxınını itirən adam nə keçirir. Atamın ölümü mənim üçün acı bir təcrübə idi.
- Zaur kimi sevgili qəhrəmanı oynadınız. Tamaşaçı adətən obrazla aktyoru eyniləşdirmək istəyir. Yəqin onları bu sual düşündürür: siz də eşq acısı yaşamısınızmı?
- Bütün gənclər kimi bu hisslər yaşanıb əlbəttə ki. Biz də sevmişik, ayrılmışıq. Amma indi mən sevgiyə tamam başqa rakursdan baxıram. İndiki ağlım olsa gəncliyimdə də elə baxardım.
- Yəni necə baxardınız ki?
- Məsələn, sevgilisindən ayrılıb depressiyaya düşən, damarını kəsən adamları başa düşmürəm. Sadəcə anlaya bilmirəm.
- Belə çıxır ki, oynadığınız obrazları məsələn, Zauru da başa düşmürsüz..
- Mən Zauru da başa düşmürəm. Özü də Zaur ölmədi ki... Zaur həyata davam etdi. Mən Zaurun qərarları ilə, heç biri ilə razı deyiləm. Bəlkə əvvəllər razılaşardım, indi razı deyiləm.
- Bəs bu fikirlərlə qəhrəmanı oynamaq çətin deyilmi?
- Mən indiyədək oynadığım qəhrəmanların heç birinə haqq qazandırmamışam. Amma bilirəm ki, qazandırmalıyam. Başa düşürəm, amma razılaşmıram. Yəni onların etdiyini etməzdim.
- Bəs bir aktyor kimi özünüzü inkişaf etdirmək, peşəkarlığınızı artırmaq üçün zamanınız və hər hansı metodunuz varmı?
- Daha çox film izləyirəm. Həm də Universitetdən daha əvvəl başladım film izləməyə; orta məktəbi bitirmişdim, sənədlərimi Aviasiya akademiyasına vermişdim, amma daxil ola bilməmişdim. Həmin bir il ərzində mən yalnız film izləyirdim. Sonra İncəsənət Universitetinə daxil oldum. Amma düzü, orada bizə kinoya aid heç nə öyrətmirdilər, yalnız teatra aid biliklər öyrədilirdi.
- Hansı fakültədə təhsil almısız?
- 2008-2012-ci illərdə Esmiraldo Osmanovanın teatr kino aktyorluğu kursunda aktyor təhsili almışam. Əvvəlcə Rus Dram teatrında işlədim, amma rus dilində özümü sərbəst hiss etmirdim. Əslində, orta məktəbdə rus bölməsində oxumuşam. Amma düşünəndə Azərbaycan dilində düşünürəm. Səhnədə də bu maneə yaradır; ola bilər ki, tərəf müqabilin çaşsın, ya da replikanı unudasan. Vəziyyətdən çıxmaq üçün lazımi sözü tapana qədər iş işdən keçir. Ona görə də Bakı Bələdiyyə Teatrına keçdim. Paralel olaraq orada işləyirəm həm də.
- Mərhum sənətkar Nəsibə Zeynalova ilə qohumluğunuz olduğunu eşitmişəm....
- Yox, qohum deyilik. Anamla Nəsibə xanım yaxın olublar, rəfiqəlik ediblər. Anam xəstəxanada həkim işləyirdi, deyəsən Nəsibə xanım xəstələnəndə orada tanış olublar, yoxsa ki, ikisi də xəstə olub, bir palatada yatıblar... orasını dəqiq bilmirəm. Amma gözümü açandan Nəsibə xanımgillə gediş-gəlişimiz olub. Hətta mənim ilk çəkiliş təcrübəm Nəsibə xanımla olub. Onlarda idim “Parabüzən” uşaq verilişi var idi, rusların “Yeralaş” tipli verilişlərindən idi. Nəsibə xanım məni çağırdı ki, gəl bu verilişə çəkil. İki dəfə o verilişə Nəsibə xanımla çəkildim.
Nəsibə xanım, çox gözəl insan idi. Qocalığı çox yadımda qalıb, bir saniyənin içində yuxulamağı vardı... Allah rəhmət eləsin, unudulmaz insan idi.
- Rejissorlardan aktyorlardan kumirləriniz varmı?
- Rejissor kimi Kristofer Nolanı sevirəm. Aktyor kimi Conni Depp. Amma onu da deyim ki, Qərb kinosu daha soyuqqanlıdır. Bizim tamaşaçıya qərb, yaxud Hollivud üslubunda aktyor oyunu lazım deyil, o daha isti, emosional oyun istəyir. Həm də onu düzgün çəkə bilən olmayacaq.
- Bizim serialların bir “Slow motion” xəstəliyi var; dramatizmi artırmaq üçün kadrların dəyişmə sürətini yavaşıdıb lirik musiqi ilə təqdim edirlər.
- Bunu türklərdən götürmüşük. Onlar serialı uzatmaq naminə edirlər. Sırf vaxt tələbinə uymaq üçün.
- Keyfiyyətcə hansı işinizi - serialı yaxşı sayırsız?
- (gülür) Siz məni rejisorlarla düşmən etmək istəyirsiniz. Bir aşağı, bir yuxarı seriallarımız eyni keyfiyyətdədir.
- Maraqlıdır, serialda qonorar məsələsində hansı qaydalar işləyir?
- Bir qayda yoxdur. İstədiyin məbləği tələb edəndə, üstündən xətt çəkib, başqa ucuz variantı seçə bilirlər.
- Cövdət bəy, serialda və ya bir filmdə hansısa bir şərtiniz, prinsipiniz varmı?
- Baxıram ki, bayağı şeylər etməyim. Ya tutalım, yataq səhnələrinə çəkilmərəm. Yəni prinsip, şərt deyəndə, danışırıq, razılaşırıq bu məsələləri. Amma görürsən də ki, rejissora təklifini deyirsən, bilir, sənin fikrin daha yaxşıdır, amma yenilmək kimi yanaşır deyə qəbul etmir. Rejissordur, onun fikri əsasdır. Ona görə də, hökm edə bilməzsən.
- Netflixdən serial izləmisizmi?
- İki serial izləmişəm. Biri Eskobar haqqında serial idi, biri də “Kağız ev” serialı.
- İşinizdə, ümumiyyətlə yaradıclığınızda hədəfiniz nədir?
- Mənim bir aktyor kimi hədəfim yoxdur.
- Yəni hədəf qalmayıb, hamısını geridə qoymusuz, ya necə?
- (gülür) Yox, nə geridə qoymaq, siz nə danışırsınız... Yəni bir məqsəd yoxdur. Sırf aktyor kimi real bir məqsədim yoxdur. Çünki mən daha aktyor işindən soyumuşam. Artıq təşkilatçılıq işləri ilə məşğul olmaq istəyirəm. Bu sadalanan problemləri aradan qaldırmaq üçün başqa bir yükü çəkmək istəyirəm.
- Prodüser kimi?
- Bəli. Düzdür, hələ bir layihəm yoxdur. Sadəcə, məqsədim budur...