Nə qədər axmaq və idiot olmalısan ki... – Elçin Şıxlı

6-04-2019, 08:58           
Nə qədər axmaq və idiot olmalısan ki... – Elçin Şıxlı
Nə qədər axmaq və idiotun biri olmalısan ki, indiki vəziyyətdə “Azərbaycanın daha çox torpağını tutacağam” bəyanatı səsləndirə biləsən.

Hurriyyet.org xəbər verir ki, bu sözləri AJB-nin sədri, analitik Elçin Şıxlı teleqraf.com-a verdiyi geniş müsahibədə Ermənistan Müdafiə naziri Tonoyanın ABŞ-da səsləndirdiyi “daha çox ərazi naminə müharibə” iddiasına cavab olaraq deyib.

E.Şıxlı bildirib ki, ermənilər Qarabağı bizdən alanda Azərbaycanın nə ordusu, nədə hərbi arsenalı vardı:

“O zaman bizim qoşalülədən savayı heç nəyimiz yox idi. Onların isə əllərində silahları vardı, uzun illər bu prosesə hazırlaşmışdılar. Bu səbəbdən də bizi əliyalın tutdular. Təsəvvür edin ki, 1990-cı ilin 20 yanvar hadisəsindən sonra Bakıda bina-bina gəzərək mənzillərdə olan ov tüfəngləri yığışdırırdılar. Bizim evə də gəlmişdilər. O zaman atamın qeydiyyatdan keçmiş ev tüfəngi vardı.

Onlar gələndə evdə anamdan başqa heç kim olmamışdı. Anam da ruslarla birlikdə gələn bizim sahə müvəkkilinə deyib ki, oğlum, sən utanmırsan, bilmirsən ki, kimin evinə gəlmisən? Sahə müvəkkili də rus əsgərlərə deyib ki, burada heç nə yoxdur və çıxıb gediblər. Yəni biz belə vəziyyətdə idik, xalq yazıçısının evinə gəlib deyirdilər ki, tüfəngini təhvil ver. Bu vəziyyətdə biz nə edə bilərdik?”

AJB sədri deyib ki, indiki vəziyyətdə ümumiyyətlə işğalın təkrarlanması mümkün deyil, çünki ordumuz güclüdür, hərbi sənayemiz var. Üstəlik müharibə uzunmüddətli kampaniya, böyük pullar deməkdir və biz bu sahədə Ermənistandan dəfələrlə irəlidəyik. Müharibədə söhbət yalnız avtomatın sayından getmir. Avtomata lazım olan güllələrin sayından, əlinə silah ala biləcək insanlardan, avtomatları, güllələri istehsal edə biləcək sənayedən gedir. Bizdə indi bunların hamısı var.

“Aprel döyüşləri zamanı da gördük ki, hərbi xidmətdə olan və olmayan gənclərimizin hamısı döyüşə getməyə hazır idi”, - E.Şıxlı deyib.

E.Şıxlı müharibə yolu ilə torpaqların azad edilməsinə böyük güclərin imkan verməyəcəyini deyib:

“Mümkündür ki, erməniyə dərs vermək üçün bizə qısamüddətli imkan yaratsınlar ki, bəzi kənd və yüksəklikləri götürə bilərik. Bu halda da erməni qaçıb rusun ayağı altında yalvaracaq ki, bizi vəziyyətdən çıxarın. Qənaətimcə, belə variant ola bilər”.

Politoloqun sözlərinə görə, biz bütün istiqamətlər üzrə güclənməliyik - iqtisadi, sosial, hərbi, maliyyə, siyasi və diplomatik istiqamətlərdə:

“Həmçinin aparılan islahatlar, demokratiya, insan haqları sahəsində irəliləməliyik. Ancaq bu yolla məsələni həll edə bilərik və edəcəyik də”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.