Əflatun Amaşov bu sayta qarşı irad bildirdi - "...doğru yanaşma deyil, qeyri-ciddilikdir"

5-11-2019, 19:54           
Əflatun Amaşov bu sayta qarşı irad bildirdi - "...doğru yanaşma deyil, qeyri-ciddilikdir"
Deputat həmkarım Elxan Süleymanov mənə açıq məktub ünvanlayaraq «Modern.az» saytında 4 noyabr 2019-cu il tarixdə yayımlanmış «Yaşlı deputatlar xanım köməkçilərə üstünlük verirlər…» sərlövhəli yazıya etirazını bildirib.

Gundeminfo.az bildirir ki, Şura sədri daha sonra qeyd edib:

- Dərhal onu deyim ki, hörmətli Elxan müəllimin narahatlığı anlaşılandır. Yazını mən də oxudum. Əslində ilk baxışdan materilda heç bir qeyri-adilik görmədim. İnternet media orqanı Milli Məclisin saytında araşdırma aparıb və diqqət yetirib ki, yaşları 70-ci keçmiş deputatların köməkçiləri xanımlardır. Ancaq…

Mən burada yaşlı sözünü qabartmağın tərəfdarı deyiləm. Elxan müəllim doğru vurğulayır ki, Milli Məclisin deputatı məmur deyil. Yəni onun yaşlı, yaxud cavan olması nəyisə dəyişmir. Üstəlik qanunvericilik deputat olmağın yuxarı həddini müəyyənləşdirmir. Bu mənada saytın kimlərinsə sonuncu deputatlıq dönəmlərini yola vermələrini qabartması və buna görə xanımları özlərinə köməkçi götürmələri üzərinə aksentin qoyulması, xüsusən də xanımlarla ünsiyyətin cavan saxlaması kimi fikrin işlənməsi yumşaq desəm, doğru yanaşma deyil, qeyri-ciddilikdir.

Nəzərə alaq ki, deputat köməkçisi Milli Məclisin ştat cədvəlinə uyğun olaraq müəyyənləşdirilmiş vəzifədir. Prinsipcə bu vəzifə daşıyıcılarının xanım və ya kişi olması nəyisə dəyişmir. Əsas olan nəzərdə tutulan işin icrasıdır.

Əlbəttə, Azərbaycanın kütləvi informasiya vasitələri içərisində xüsusi yeri və çəkisi olan «Modern.az» saytına belə təqdimatlardan uzaq durmağı tövsiyə edirəm. Yenə də deyim ki, materiala nəzərən orda konkret hansısa peşə prinsipinin pozulduğunu iddia etmək doğru sayılmaz. Ancaq yazının gerçək ictimai əhəmiyyət daşıdığını da söyləmək mümkünsüzdür.

Bəli, ümumən ölkədə müxtəlif sahələrdə yaşlı nəslin cavan nəsillə əvəzlənməsi prosesi gedir və bu, müsbət haldır. Ancaq yolun ağrısız keçməməsi mütləqdir. İctimai rəyə xitab edən heç bir kütləvi informasiya vasitəsi tutduğu vəzifədən, ictimai statusundan asılı olmayaraq heç bir şəxsin yaşlılığı üzərinə hansısa sətiraltı məna yükü daşıyan fikir və ifadələr yaymamalıdır. Məsələyə həssas yanaşmalıdır. Nəzərə alınmalıdır ki, cəmiyyət və dövlət idarəçilikdə yaşlı və cavan nəslin, yəni təcrübə ilə iş görmək əzmi və enerjisinin vəhdəti sayəsində irəli gedir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.