Əli Əliyev “parlament seçkiləri yazda olacaq” deyir

19-11-2019, 08:49           
Əli Əliyev “parlament seçkiləri yazda olacaq” deyir
VİP sədri: “Bugünkü parlament ”vurulan" oliqarxlardan asılıdır"
Azərbaycanda bu il növbədənkənar parlament seçkiləri keçiriləcəyi barədə ehtimallar özünü doğrultmadı. Belə proqnozlar səslənirdi ki, payız aylarında Milli Məclisə seçkilər elan olunacaq. Növbədənkənar parlament seçkilərinin keçirilməsi iki amillə izah olunurdu. Birincisi, parlamentdə 6-7 deputat postunun boş qalması, ikincisi, növbəti prezident seçkiləri ilə eyni tarixə təsadüf etməsi.

Ekspertlər daha çox sonuncu versiyanın üzərində qalırdılar və bunu məntiqli arqument kimi qiymətləndirirdilər. Bu ehtimalı irəli sürənlərdən biri də Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev olub. Lakin göründüyü kimi, bu il parlamentə seçki olmayacağı dəqiqdir. Dekabrda bələdiyyə seçkiləri keçiriləcək.

Bundan başqa, hazırkı parlamentarilər arasında əhalini qıcıqlandıran, əsəblərini tarıma çəkən çıxışlar edənlər oldu, biznesi olan milyonçu mandat sahibləri kreslo zəbt etməklə hakimiyyətin daxili və xarici siyasətində müdafiə işində iştirak etmədilər. Ona görə də növbəti seçkidən sonra biz daha siyasiləşmiş, aktiv deputatlardan formalaşan Milli Məclis görə bilərik.

Eyni zamanda hakimiyyətə loyal münasibəti ilə seçilən və müəyyən qədər çəkisi olan siyasətçilərin, müxalifətçilərin parlamentə buraxılması perspektivi var.

Belə məlumatlar var ki, yeni parlamentdə xarici təhsilli gənclərə də üstünlük veriləcək. Bir sözlə, hakimiyyət növbəti seçkidən sonra Milli Məclisin tərkibinin avanqardının siyasilərdən təşəkkül tapmasının tərəfdarıdır. Artıq seçicisi ilə maraqlanmayan, ölkə əleyhinə xaricdən aparılan kampaniyalara cavab verməyən, biznes şəbəkələrinin toxunulmazlığını düşünənlərin mandat sahibi olması imkanları kifayət qədər məhdudlaşdırılacaq.

VİP sədri Ə.Əliyev “Yeni Müsavat”a bildirdi ki, onun bu il növbədənkənar parlament seçkiləri keçiriləcəyi ehtimalı doğru idi, sadəcə, hakimiyyət tərəfindən dəyişikliklər əvvələ keçirildi.

“Növbədənkənar parlament seçkiləri gələn ilin yazında olacaq. Ola bilsin ki, mart-aprel aylarında keçirilsin. Əslində, bu il baş tutmalıydı, ardıcıllıq olmalıydı. Amma icra hakimiyyəti strukturlarında dəyişiklik əvvələ keçirildi. Göründü ki, icra orqanlarında vəziyyət kritikləşib. Artıq prezidentin qərarları icra olunmurdu. Ona görə real situasiya dəyişdi, kadr və struktur təyinatları oldu. Bu prosesin məntiqi davamı kimi növbədənkənar parlament seçkisi yaz aylarında keçiriləcək”, - deyə, VİP sədri vurğuladı.

Ə.Əliyevin sözlərinə görə, hakimiyyətin həyata keçirdiyi kadr və struktur dəyişiklikləri hansı zərurətdən yaranıbsa, parlament seçkisinin növbədənkənar təyin olunması da bundan irəli gəlir:

“İndiki parlamentin əksəriyyəti təyinatlıdır. Hətta həbsdə olan şəxslərin adamları parlamentdə yer alır. Ona görə Milli Məclisin tərkibi dəyişməlidir. Bugünkü parlament hakimiyyətin zirvəsindən yox, ”vurulan" oliqarxlardan asılıdır. Bu baxımdan icra strukturlarının ardınca parlamentin tərkibində yorulmuş şəxslərlə yollar ayrılacaq".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.