“Azərbaycanın yaşlı təbəqəsinin xeyli hissəsi Sovet dönəmində “uşaqpulu” hesabına böyüyüblər” - deputat
19-11-2019, 09:35
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Əli Məsimli Moderator.az əməkdaşının gündəmin aktual iqtisadi mövzuları ilə bağlı suallarını cavablandırıb.
- Əli müəllim, bir neçə gün öncə Milli Məclisdə belə bir təkliflə çıxış etdiniz: “Yeni doğulan uşağa görə 500 manat vermək lazımdır”. Necə düşünürsünüz, bu təklifiniz nə dərəcədə icra olunacaq?
- Biz bu təklifi, sadəcə, sözgəlişi irəli sürmədik, son vaxtlar gündəmdə olan məsələlər arasında xüsusi yer tutan “uşaqpulu” məsələsi ilə əlaqəli qaldırdıq. Artıq sosial sifarişə çevrilmiş “uşaqpulu” məsələsinə münasibətdə əks arqumentlər arasında 3 məqam daha çox səsləndirilir. Birinci, qeyd olunur ki, “uşaqpulu” əhalinin artımında problem olan ölkələrə xasdır. Azərbaycanda əhali, onsuz da, sürətlə artır. Ona görə də “uşaqpulu”na ehtiyac yoxdur. İkinci qrup fikirlər belədir ki, Azərbaycanda, ümumiyyətlə, “uşaqpulu” verilməməsi barədə fikir doğru deyil, çünki dolayısı yollarla müəyyən kateqoriyalara aid uşaqlara müavinət verilir. Üçüncü fikir isə onun maliyyə tutumunun çox böyük olması ilə bağlıdır. Həmin kontekstdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mövqeyi belədir: “Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün ödənilən məbləğ 150 manat, onların valideynlərinə və ya qəyyumlarına ayrılan maliyyə vəsaiti 200 manatdır. Bu gün ən həssas kateqoriyadan olan 600 minə qədər uşağa bu vəsait ödənilir. Orta məbləğ də 100 manatın üzərindədir. Ölkəmizdə 18 yaşına çatmamış 2 milyon 700 min uşaq var. Bu, bütün uşaqlara şamil edilsə, onların hər birinə, ən aşağı, 100 manat vəsait ödənilsə, məbləğin cəmi 3,3 milyard manat pul edir. “Uşaqpulu” kimi proqramlar 1 illik, 2 illik proqramlar deyil. Ən azı, 5 illik, 10 illik proqramlardır. Bunun üçün ümumilikdə 18-35 milyard həcmində vəsait xərclənməlidir”. Birinci mövqe ilə əlaqədar olaraq ilk növbədə onu demək olar ki, Azərbaycanda əhali artımının tempi həmişə, o cümlədən, sovet dönəmində də yüksək olub. Buna baxmayaraq, çoxları təsdiq edər ki, hazırkı Azərbaycan əhalisinin yaşlı, nisbətən də orta yaşlı təbəqəsinin xeyli hissəsi sovet dönəmində, əsasən, “uşaqpulu” hesabına böyüyüblər. Bu məsələyə, sadəcə, uşaqların sayının artması baxış bucağından yox, uşaqların sağlamlığının artması, sağlam nəsil yetişdirilməsi baxış bucağından yanaşılmalıdır. İkinci məqamla bağlı məbləğin az-çoxluğunu nəzərə almadan onu demək olar ki, həqiqətən də, sosial müdafiəyə xüsusi ehtiyacı olan uşaqlara müavinət verilir. “Uşaqpulu” verilməsi üçün ümumilikdə 18-35 milyard həcmində vəsaitin lazım olmasına dair üçüncü mövqe ilə bağlı isə bunları demək olar: bu məsələ incələnsə, ətrafında dərin araşdırmalar aparılsa, optimal variantlar axtarılsa, onda “uşaqpulu” məsələsinin çözülməsi üçün 18-35 milyard manat yox, ondan qat-qat aşağı vəsait yetərli olar. Sadəcə, onu xatırlatmaq kifayətdir ki, sovet dönəmində “uşaqpulu” verilərkən bu işə o vaxtın pulu ilə 35 milyard rubl xərclənmirdi, çox az vəsait hesabına reallaşdırılırdı... Əhalinin sayı baxımından isə o vaxtdan indiyə qədər cəmi 2 milyon nəfər artım olub. O vaxtlar əhalinin sayında uşaqların payı daha çox idi, çünki ailədə uşaqların sayı çox idi. İndi ailələrin çoxunda 2 uşaq var, çoxuşaqlı ailələr isə azalıb. Ona görə də “uşaqpulu” verilməsi üçün maliyyə mənbəyi yetərincədir. Milli Məclisdəki çıxışımızda bildirdik ki, hökumət hələ uşaqpulu məsələsində birbaşa addımlar atılmasına hazır deyilsə, yaxud bununla bağlı əlavə araşdırmalara ehtiyac duyursa başqa təkliflərimiz də var. Gələn ildən başlayaraq, birbaşa olmasa da dolayısı ilə hazırda geniş müzakirə olunan “uşaqpulu” məsələsinin çözülməsinə doğru çox zəruri addımlar sayılacaq təkliflərimizdən birincisi budur: hazırda yeni doğulan uşağa görə birdəfəlik 200 manat müavinət verilir. Həmin məbləğ ailənin yeni dünyaya gələn uşağa xərclədiyi ilkin məbləğdən, ən azı, 5 dəfə azdır. Ona görə də yeni doğulan uşağa görə birdəfəlik müavinətin məbləğinin 500 manata çatdırılmasını təklif etdik. Bundan ötrü hazırki 200 manat müavinətin verilməsi şəraitində xərclənəcəyindən əlavə 25 milyon manat pula ehtiyac olacaq. Büdcəsi 27 milyard manata çatan bir ölkə üçün yeni doğulan uşağa görə birdəfəlik 200 manat əvəzinə 500 manat verməklə toplamda 40 milyon manat xərcləmək böyük pul deyil. Bunun müqabilində gənc ailələrin büdcəsinə və yeni doğulan uşaqların sağlamlığına müəyyən dərəcədə müsbət təsir edəcək. İkincisi, gələn il üçün 160 manat nəzərdə tutulan ehtiyac meyarı göstəricisinin ləğv edilməsini və əhaliyə ünvanlı sosial yardımın 190 manat nəzərdə tutulan yaşayış minimumu göstəricisi əsasında verilməsini zəruri hesab edirik. Təklif etdiyimiz bu üsulla ünvanlı sosial yardım alanların sayının artırılması xəttini davam etdirməklə yanaşı, həm də məsələn, hazırda orta aylıq gəliri 400 manat ətrafında olan 4 nəfərlik ailə üçün verilən 172 manatlıq ünvanlı sosial yardımın gələn il proqnozlaşdırıldığı kimi 240 manatlıq yox, 360 manatlıq yardım ilə əvəz edilməsi mümkün olar. Bu da o cür ailələrdə adambaşına 60 manat yox, 90 manat vəsait düşməsinə səbəb olacaq. Əgər nəzərə alsaq ki, ünvanlı sosial yardım alanların xeyli hissəsi həm də ailədəki uşaqlardır, deməli, bu yolla birbaşa olmasa da dolayısı ilə hazırda geniş müzakirə olunan “uşaqpulu” məsələsinin çözülməsinə doğru çox zəruri bir addım atmaq olar.
- Ümumiyyətlə, gələn ilin dövlət büdcəsində nə kimi dəyişikliklər və yeniliklər gözlənilir?
- Büdcə - iqtisadiyyatın güzgüsü, eləcə də hökumətin iqtisadi siyasətinin mühüm keyfiyyət göstəricisidir. Büdcə həm də ölkə iqtisadiyyatının necə idarə olunduğunun aynasıdır. Bu baxımdan, müxtəlif aspektlərdən qiymətləndirəndə 2020-ci ilin dövlət büdcəsinin bir sıra müsbət və mənfi cəhətləri var. Müsbət cəhətləri arasında bunlar xüsusi yer tutur: gələn ilin büdcəsində neftin qiymətinin bu illə müqayisədə 5 dollar aşağı, yəni 55 dollardan götürülməsinə baxmayaraq, gəlirlərdə 1 milyard manata yaxın artımın olacağı; həmin 1 milyard manata yaxın gəlirlərin qeyri-neft yığımları hesabına artması; büdcə xərclərinə münasibətdə onun sosial yükünün artması; sosial paketin tərkib hissəsi olaraq büdcədən maliyyələşən müxtəlif işçilərin əmək haqlarının, pensiya və müavinətlərin artırılması. Bununla yanaşı, gələn ilin büdcəsi 2019-cu ildə başlamış, eləcə də bir sıra sahələrdə genişləndirilməsi gözlənilən islahatların həyata keçirilməsi ilə paralel reallaşdırılacaq. Bu dəfə büdcə xərclərinin artmasının əsas səbəbi sosial istiqamətə ayrılacaq vəsaitin artırılması ilə bağlıdır. 4,2 milyon əhalini əhatə edən Sosial Paketdə nəzərdə tutulan tədbirlərin davamı kimi orta aylıq əmək haqqı 2018-ci ildəki 545 manatdan bu il 620 manata çatdı. 2020-ci ildə isə 717 manata çatacaq. Elmə ayrılan vəsait 42% artırılaraq 194 milyon manata, təhsilə ayrılan vəsait 38% artırılaraq, təqribən, 3,2 milyard manata, səhiyyəyə ayrılan vəsait 31% artırılaraq 1,4 milyard manata çatdırılacaq ki, bu da həmin sahələrdə çalışanların maaş və gəlirlərinə də müsbət təsir göstərəcək. Gələn ilin büdcəsinin mənfi cəhətləri arasında isə büdcəmizin neft amilindən asılılığının yüksək olması yer alır. Yəni, büdcənin dünya neft bazarının konyukturundan asılı olması ciddi məsələdir. Büdcənin neft amilindən asılılığının aradan qaldırılması əsas prioritetlərdən biridir. Ona görə də Strateji Yol Xəritəsində 2025-ci ilə qədər büdcənin neftdən asılılığının azaldılması istiqamətində müəyyən edilmiş hədəflərə çatmaq real görünmür. Hədəfə yaxınlaşmaqdan ötrü hökumət 2016-2019-cu illərdə büdcə gəlirlərinin, ən azı, yarıdan çoxunun qeyri-neft sektoru hesabına formalaşmasına çalışmalı idi. Büdcənin gəlirlərində neft sektorunun payının 2011-ci ildəki 75% səviyyəsindən 2017-ci ildə 48% səviyyəsinə düşdüyü halda, bu il 59%, gələn il isə 56% səviyyəsində olacağı gözlənilir. Dünyanın 80 ölkəsində olduğu kimi Azərbaycanda da büdcə qaydasının tətbiqinə başlanılıb. Bizdə bu qayda neft-qaz gəlirlərinin xərclənməsi səviyyəsini məhdudlaşdırmaq üçün nəzərdə tutulub. Amma, hələlik görünən budur ki, yeni büdcə qaydasının neft gəlirlərinin xərclənməsinə qoyduğu məhdudiyyət yetərli səviyyədə deyil. Hazırda qarşıya qoyulan və Azərbaycanın perspektivləri üçün ciddi əhəmiyyət kəsb edən hədəflərdən biri imkanlarımızı işə salıb büdcəmizin Neft Fondundan asılılığını zəiflətməkdir. Qeyd edək ki, büdcə gəlirlərində Neft Fondundan transferlərin payı 2017-ci ildəki 37%-dən bu il 49%-ə çatdırıldı. Gələn il üçün bu göstərici 47% nəzərdə tutulur. Nəzərə alsaq ki, bu transferin ümumi həcmi Neft Fondunun gələn il üçün bütövlükdə gözlənilən gəlirlərinin 92%-i səviyyəsindədir, çox böyük bir rəqəm olduğu anlaşılır. Büdcə siyasətində Neft Fondunun orta illik gəlirinin 20 milyard dolların ətrafında olduğu faktını göz önünə gətirərək, Neft Bumu dövründəki Fondun illik gəlirlərindən fərqli olaraq bu il gəlirlərin 9 milyard dollara endiyini, gələn il üçün bu göstəricinin proqnozlaşdırılan dəyərinin 7 milyard dollara enəcəyinin fərqinə varılmır. Ona görə də optimal variantına nail olmaqdan ötrü büdcə müzakirələrində bu cür məsələlər ətrafında fərqli baxışların polemikası çox vacibdir. İqtisadi artım templərinin 3%-in ətrafında davam edəcəyi şəraitdə Strateji Yol Xəritəsinə uyğun surətdə 2025-ci ilədək büdcə gəlirlərində Neft Fondundan transferlərin payını hazırkı 47%-dən 15%-ə endirmək mümkünsüz görünsə də, 25-30%-ə endirilməsi istiqamətində məqsədyönlü iş aparılmalı və büdcənin Neft Fondunun transferlərindən asılılığı azaldılmalıdır. Büdcə şəffaflığı artmaq əvəzinə azalır. Beynəlxalq təşkilatların araşdırmaları da məsələ ətrafında fikirləşmək üçün əlavə material verir ki, səy göstərib, dünya ölkələri arasında bu sahədəki yerimizi yaxşılaşdırmalıyıq. Əvvəlki illərdə olduğu kimi bu dəfə də büdcə bir sıra vacib məqamlara münasibətdə dərin araşdırmalara əsaslanmır. Bu, dövlət investisiyalarının strukturunda və dövlət büdcəsinin proqramlar üzrə tərtibi vəziyyətində özünü daha qabarıq göstərir. Proqramın layihəsinin tərtibi zamanı əksər layihələr üzrə texniki-iqtisadi hesablamaların və texniki-iqtisadi əsaslandırmaların aparılmaması şışirtmələrə yol açır. Şəffaflıq və hesabatlılığın artırılması, çoxvariantlı büdcə ssenarilərinin hazırlanması, müvafiq normativ-hüquqi aktların təkmilləşdirilməsi, eləcə də bizim dəfələrlə qaldırdığımız kimi, Dövlət Maliyyə Nəzarəti haqqında qanunun qəbul və tətbiq edilməsi ilə bağlı təkliflərin nəzərə alınmasını və reallaşdırılmasını zəruri hesab edirik.