General-mayor Qabil Məmmədov: "5-ci kolon və onlara işləyən MİLLİ xainlər..."

24-01-2020, 04:58           
General-mayor Qabil Məmmədov: "5-ci kolon və onlara işləyən MİLLİ xainlər..."
"Düşmənlərimizə işləyən məmur-oliqarx cütlüyü bilərəkdən xalqda elə bir fikir formalaşdırmağa çalışır ki..."

Bu günkü atəşkəs rejmində, aktiv döyüş fəaliyyətləri aparılmasa da, amma düşmən və onun müttəfiqləri, 5-ci kolon və onlara işləyən milli xainlərimiz, hər bir sahədə dayanmadan öz gizli mübarizələrini aparmaqda davam edirlər. Yani klassik müharibənin digər bir növünü – hibrid müharibəsini bir an belə dayanmadan aparırlar. Biz buna 1-ci Qarabağ müharibəsində, aprel döyüşlərində və sonrakı dövrlərdə də (erməni-rus kəşfiyyatına işləyən xainlər şəbəkəsi aşkarlandı, Mingəçevir SES sıradan çıxması və s.) şahid olduq. Müharibə aparmaq - böyük maddi sərfiyyatlar, iqtisadi resurslar, güclü müttəfiqlər, döyüş qabiliyyətli nizami ordu, insan resursları, güclü və bir ideya altında səfərbər olmuş milli birlik tələb edir. Amma bu imkanlara malik olmayan düşmən, öz niyyətinə dolayısı və asan bir üsulla - hibrid müharibəsi vasitəsilə nail olmağa çalışır. Rüşvətxor məmurlarımızdan istifadə etməklə, istənilən dövlət qurumlarında kadr yerdəyişmələri aparılır, cinayət işləri başladılır və yaxud xitam verdirilir, məhkəmələr leyhinə və ya əleyhinə qərarlar verir, süni şəkildə iqtisadi böhranlar yaradılır və yaxud buna cəhd edilir, və sairə, sairə. Hətta hakimiyyət dəyişikliyi keçirmək, ölkədə qeyri sabitlik yaratmaq məqsədilə, düşmən kəşfiyyatı tərəfindən ələ alınmış bir sıra məmurlarımız, planlı şəkildə qərəzli qərarlar qəbul etməklə əhali arasında narazılıq yaradaraq hökuməti gözdən salmağa çalışırlar.

Bu gün mənim namizədliyimin qeydə alınması ilə bağlı yaşadıqlarım da tam əminliklə deyirəm ki, 5-ci kolonun sifarişi əsasında həyata keçirilir. Çünkü düşmənlərimizə və onlara işləyən milli xainlərimizə, öz namus və şərəfini rüşvətə satmışlara, bizlərin, bizlərin simasında - vətənini, xalqını, dövlətini sevən, Qarabağın azad olunmasını istəyən və onun uğrunda ölməyə belə hazır olan qardaş və bacılarımızın seçilməsi sərf etmir.

Mənim namizədliyimin əngəlləməsində iştirak etmiş və maraqlı olmuşları sadalayıram:

- İlk gündən, namizədliyimin qeydə alınmaması məqsədilə təxribat yönlü və cinayətkar üsullara əl atmaqla tam qərəzli qərar vermiş 73 saylı Lənkəran şəhər Dairə Seçki sədri,
- saxta arayış vermiş Lənkəran Rayon Polis rəisi
- saxta arayış vermiş Lənkəran şəhər Daşınmaz Əmlak Xidməti Rəisi,
- yanvar ayının 8-dən təhvil verdiyim (şəxsən əlbəəl) ərizəm əsasında, qrup şəklində cinayət törətmiş vəzifəli şəxslərə qarşı 3 gün ərzində iş açmaq əvəzinə indiyə kimi susmaqda davam edən Lənkəran Rayon Prokurorluğu
- Bu proseslərdə "maraqlı və sifarişçi tərəf” olan Lənkəran şəhər İcra hakimi
- 73 saylı DSK-ın saxtalaşdırılmış qərarını 7 gün ərzində (3 gün ərzində baxılmalıdır) "araşdıran” və qüvvədə saxlayan MSK-ın heçbir hüquqi əsası olmayan qərəzli qərarı
- MSK-ın qərarından Bakı Apelliyasiya Məhkəməsinə etdiyim şikayətin baxılmasından qanunazidd şəkildə imtina etməklə zaman uzatmağa cəhd etmiş hakim Mirzə Tağızadə
- Bilərəkdən 5 gün müddətində gecikdirmək məqsədilə (məhkəmə olub yanvarın 17-də saat 11-də, amma çatdırılıb yanvarın 21-də saat 16-da), Ali Məhkəmdə verilmiş qərarımın Bakı Apelliyasiya Məhkəməsində çatdırılmasında "maraqlandırılmış” Kuryer Xidməti
- Bakı Apelliyasiya Məhkəməsində, hakim Vüqar Həsənovun, barəmdə qəbul etdiyi tam əsassız, qanunun aliliyini tapdalayan bir qərar (MSK verdiyi qərarı qüvvədə saxladı)
- 73 saylı SD üzrə son 3 çağrışın deputatı olmuş və yenidən bu SD-də deputatlığa namizəd olan və mənim sıradan çıxarılmağımda birbaşa maraqlı olan oliqarx Rüfət Quliyev – bu proseslərə "sponsorluq” edən sifarişçi kimi

Dəyərli Dostlar!

Bu gün, dünyada və Azərbaycanımızda böyük dəyişikliklər gedir. Prezidentimizin hər bir sahədə start verdiyi islahatlar fonunda, Milli Məclisə keçrilən seçkilər dövründə, bu xalqa və dövlətə qənim kəsilmiş MİLLİ XAİN və ÜNSÜRLƏRİMİZİN, planlı şəkildə hansı yaramazlıqlarla məşğul olduqlarını təsadüf saymaq olmaz. Bunun bir adı vardır – Vətənə və Dövlətə xəyanət; aparılan islahatlara kökündən zərbə vurmaq; əhalidə Seçkilərə və onun mahiyyətinə qarşı olan inamı qırmaq: dünya ictimayəti qarşısında Azərbaycanı biabır etmək; daxili sabitliyi pozmağa yönəlmiş cəhd, planlı təxribat və s.
Mən şəxsən, dayanmaq fikrində deyiləm və öz mübarizəmi hüquqi müstəvidə davam etdirmək məqsədilə şikayət ərizəmi Ali Məhkəməyə təqdim edəcəyəm. Bu gün bütün bu başverənlər, aktiv ictimayətimiz tərəfindən çox böyük maraqla izlənilir. Düşmənlərimizə işləyən məmur-oliqarx cütlüyünün bu tip sifarişli qərar və fəaliyyətləri, təkcə məndə yox, minlərlə vətəndaşımızda qanunun aliliyənə olan inamını qırmaqla yanaşı, onları ruhdan salır, bu proseslərin sifarişli və qərəzli olduğunu nümayiş etdirir. Və bu tip fəaliyyətlərlə məşğul olan məmurlarımız (əsasən köhnə komandaya mənsub olanlar), bilərəkdən xalqda elə bir fikir formalaşdırmağa çalışırlar ki, bütün sifarişlər Prezident Adminstrasiyasından (yeni təyin olunmuş PA rəhbərinə xələl gətirmək üçün) gəlir. Çünkü bütün bu baş verənlər fonunda Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin, Daşınmaz Əmlak Xidmətinin, Dövlət Təhlükəsizlik Xidmətinin və nəhayət Prezident Adminstrasiyasının nümayiş etdirdikləri susqunluq və hərəkətsizlik birmənalı qarşılanmır, hamıda təəcüb döğurur. Onu da qeyd etmək istərdim ki, Lənkəran Rayon Prokurorluğuna ünvanladığım ərizəmin və cinayət tərkibli materialların digər nüsxələri, tərəfimdən rəsmən aidiyyatı üzrə bu dövlət qurumlarına da göndərilib və çatdırılmaları barədə bildirişlər də almışam.

Dəyərli Dostlar!

Ümidvaram ki, hamımızın hüquqlarının təminatçısı olan Dövlət Rəhbərimiz - Prezidentimiz cənab İlham Əliyev, bu başverənlərə qarşı ciddi ölçü götürərək bütün günahkarların cəzalandırılması, Ali Məhkəmə tərəfindən qanunun aliliyi və haqq-ədalətin təmin olunması üçün müvafiq göstəriş və sərəncamlarını verəcəkdir.

Allah vətənimiz Azərbaycanı qorusun!

Ehtiyatda olan general-mayor
Qabil Məmmədov












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.