Əhmədiyyə Cəbrəyılov: “Mən oğlumun qanını bu xalqa halal edirəm!”
26-04-2015, 14:54
“Böyük azərbaycanlılar” layihəsində:
Şəki şəhər Rayonlararası Mühafizə şöbəsinin rəisi, polkovnik- leytenant Müşfiq Cəbrayılov atası - Qarabağ uğrunda döyüşlərdə canından keçən Azərbaycanın Milli Qəhrəmanı Mikayıl Cəbrayılov və babası - Fransa milli partizan hərəkatının əfsanəvi qəhrəmanı Əhmədiyyə Cəbrayılov haqqında heç yerdə açıqlamadığı faktları Axar.az-a danışdı.
Qanlı kreslo
- Müşfiq bəy, əvvəlcə istəyirəm ki, bir neçə kəlmə özünüz haqda danışasınız. Qəhrəmanlar ailəsində böyümək çoxmu məsuliyyət tələb edib?
- Bəli. Mən ümumiyyətlə, uşaqlığımı yaşamamışam. Yaşımdan tez böyüdüblər məni. Atdığım hər addımı ölçüb-biçmişəm, ətrafdakı insanlar üçün yaşamışam. Babam Əhmədiyyə Cəbrayılov, atam Mikayıl Cəbrayılov da özləri üçün deyil, xalq üçün yaşadılar. Mənə də həyatda hər zaman özüm üçün deyil, insanlar üçün yaşamağı tövsiyə ediblər.
- Azərbaycanın Milli Qəhrəmanı olan atanız Mikayıl Cəbrayılovun sahə müvəkkili vəzifəsində baş leytenant rütbəsi daşıması haqqında məlumatlıyıq. Yəqin siz də polis sıralarına məhz atanızın yolunu davam etdirmək arzusu ilə qoşuldunuz.
- Ailəmizdə atamla yanaşı, əmim də polis vəzifəsində çalışıb. Uşaqlıqdan atamın əynində xüsusi forma görəndə sevinirdim. Hər kəsə bir vaxt böyüyüb polis olacağım haqqında danışırdım. Amma ürəyimdə, beynimdə hər zaman məni narahat edən bir fikri bölüşmək istərdim sizinlə. Mən bu kresloda atamın, babamın qanı hesabına əyləşmişəm. Heç kəs düşünməsin ki, daşıdığım vəzifəyə görə fəxr edirəm və ya qürur duyuram. Əslində, mən hər gün ölürəm. Şəhidlərin qanı yerdə qalana qədər, biz övladlar narahat, əzabla yaşayacağıq.
Madam Janna: əsirlikdən tabutla qaçış
- Bizə öncə Fransanın əfsanəvi qəhrəmanı - babanız Əhmədiyyə Cəbrayılov haqqında danışın.
- Babamgil altı qardaş olublar. Onlardan dördü müharibədə həlak olub. Babamın əsgərliyi Böyük vətən müharibəsi illərinə təsadüf edir. Lakin 1941-ci ildə Alman ordusunun Sovet ölkələrinə hücumundan sonra babam faşistlər tərəfindən əsir götürülür. O, minlərlə insanla bərabər “ölüm düşərgəsi” adlanan faşist düşərgələrində saxlanılıb.
- Babanız öz xatirələrində əsirliyi necə təsvir edirdi?
- Əslində, babam əsirliklə bağlı xatirələri bir o qədər də yadına salmaq istəmirdi. Hər halda, söhbət düşmənlərdən və əsirlikdən gedirsə, təbii ki, onları yağ-bal içində saxlamırdılar. O, yalnız onu söyləyirdi ki, faşistlər əsirlərə o qədər işgəncə verirdilər, səsləri bütün düşərgəyə yayılırdı və onların səsini eşitməmək üçün babam ya bərkdən mahnı oxuyar, ya da şeir deyərmiş. O bunu psixoloji gərginlikdən uzaqlaşmaq üçün edirmiş.
- Bilirik ki, ölüm düşərgəsindən olduqca az adam yaxa qurtara bilib.
- Bəli, çox az sayda insan ölümdən geri dönüb və babam da onların sırasında olub. Babam əsirlikdən ölüm düşərgəsində xadimə işləyən madam Janna vasitəsilə qaçmağa müvəffəq olub. Madam Janna babamı almanlar tərəfindən öldürülən türk əsilli ərinə bənzətdiyi üçün öz həyatını təhlükəyə ataraq, onu əsirlikdən xilas edib. Əhmədiyyə Cəbrayılov ölü əsirlərlə tabutda düşərgədən çıxarılıb.
- Xeyirxah Jannanın sayəsində yenidən həyata dönən Əhmədiyyə Cəbrayılovun sonrakı taleyi necə olub?
- Sonra babam Fransada milli partizan hərəkatına qoşularaq, almanlarla mübarizəyə başlayır.
“Bərbər” partizan
- Onun ağır kəşfiyyatlarda iştirak etdiyini hamımız bilirik. Onların bir neçəsini bizim üçün danışarsınızmı?
- Heç bir yerdə açıqlamadığım hadisələri sizin üçün danışacağam. Deməli, babam bir neçə partizanla plan quraraq almanların məhvinə başlayır. Onun çox gözəl əl qabiliyyəti olub. Hələ əsgər getməzdən əvvəl bərbər peşəsini mənimsədiyi üçün bu sahədə bildikləri ən ağır anında onun köməyinə çatır. Təsəvvür edin ki, babam və bir neçə partizan bərbərxana açırlar. Özü də orada bərbər çalışır, alman əsgər və zabitlərinin başını qırxır, amma eyni zamanda onları başlarından “məhrum edirdi”. Partizanların işlətdikləri bərbərxanada “sehrli” adlandırdıqları xüsusi kreslolar var idi. Həmin kresloların bir düyməsi də olub. Faşistlər həmin kresloya əyləşən kimi, babam düyməni basır və kreslo zirzəmiyə enirmiş. Burada isə digər partizanlar aşağı enən “qonağın” həyatını “söndürürdülər”. Onlar bu minvalla yüzlərlə faşisti məhv edirlər. Rus filmlərində partizanların bu şücaəti haqqında bəhs olunur.
- Bəs ağıllı almanlar nə əcəb şübhələnmirdilər?
- Bir gün babamla partizanların bu “tilsimli” və “ölüm qoxulu” bərbərxanasından şübhələnməyə başlayırlar. Onlar izləyib görürlər ki, bərbərxanaya daxil olan alman əsgərləri oradan geri qayıtmırlar. Və oranı mühasirəyə alırlar. Güclü atışma başlayır, bir neçə partizan həlak olur, babam isə ağır yaralanır. Amma sağ qalan partizan yoldaşların köməkliyi ilə təhlükəli yerdən uzaqlaşaraq sığınacaqda gizlənməyə imkan tapır.
Əfsanəvi Xarqonun başına 10 min frank
- Almanların məhz babanızla bağlı qəzəbi bir çox kitab və sənədli filmlərdə öz əksini tapıb.
- Təsəvvür edin ki, almanlar o zaman babamın başına on min frank pul kəsirlər. Hətta, partizan dəstəsinin komandiri şəxsən deyirmiş ki, mən Xarqonu (babamın ləqəblərindən biri idi) düşməndən çox azərbaycanlılardan qoruyuram; qorxuram ki, pula şirniklənərək öz millətindən olanlar onu satalar.
- Onun bir ləqəbini açıqladınız. Lakin eşitdiyimə görə, onun bir neçə ləqəbi olub.
- Bir neçə deyil, çoxləqəbi olub. O, hər batalyonda bir ləqəblə vuruşurdu ki, ələ keçməsin. Xarqo - fransız dilində qəhrəman anlamını verir, amma digər ləqəbləri də olub: Ryus Armed - (rus Əhməd), Mişel - Mikayıl adına oxşar (atamın adı).
Sizə bir hadisə də danışım. Fransanın prezidenti partizan hərəkatının lideri Şarl de Qoll müharibə bitdikdən sonra bütün qəhrəman adlarının siyahıya alınmasını əmr edir ki, onları mükafatlandırsın. Babamın vuruşduğu batalyonda iyirmiyə yaxın ad qeyd olunur. Təsəvvür edin ki, sonda mükafatlandırma zamanı məlum olur ki, bütün adlar yalnız bir insana aid imiş - babam Əhmədiyyəyə. Hər kəs, hətta prezident özü belə təəccübünü gizlədə bilmir.
Şarl de Qollun Moskvaya xüsusi tapşırığı
- Fransa prezidentinin babanıza xüsusi diqqətindən bütün dünya danışır. Amma əfsanəvi Xarqonun ona dediyi sözləri hər kəs bilmir. Bəlkə bu haqda danışasınız?
- Şarl de Qoll babamı “Fəxri legion” ordeni ilə təltif edir. Ona şəxsi ev, prezident dəftərxanasında vəzifə təklif edir. Babam isə prezidentdən yalnız Azərbaycana qayıtmasında köməklik göstərməsini xahiş edir. Qeyd edim ki, hazırda Fransadakı ən nəhəng avtomobil zavodu babamın adını daşıyır.
- Qəribədir ki, bütün sadalanan şücaətlərə baxmayaraq, Sovet dönənimdə Əhmədiyyə Cəbrayılov kimi qəhrəmanları vətən xaini adlandırır, onların məhvinə çalışırdılar.
- KQB-nin Sovet rejimindən aldığı xüsusi tapşırıqlar əsasında babam dəfələrlə həbs edilir, cismani və mənəvi əzaba məruz qalır, əl-ayaq dırnaqları çıxardılırdı. Yalnız 1966-cı ildə Fransa Prezidenti Şarl de Qoll Əhmədiyyə Cəbrayılov üçün Moskvaya gəldikdən sonra, babam Kənd Təsərrüfatı İnstitutuna daxil olur. Daha sonra ona vəzifə verilir. Ümumiyyətlə, dörd-beş il boyunca o, paradlarda ən böyük fransız generallarından irəlidə getmək hüququnu qazanır ki, bu da Fransa tarixində yalnız çox mötəbər insanlara nəsib olub.
- Bəs Əhmədiyyə Cəbrayılovun neçə övladı olub?
- Babamın üç oğlan, dörd qız övladı olub. Amma bu yaxınlarda fransalı jurnalistin apardığı araşdırma nəticəsində məlum olub ki, babamın Fransada fransız qadından iki oğlu da var imiş. Oğulları haqqında babam ilk dəfə yalnız 1989-cu ildə böyük bibimin toy günü ona söyləyib. O, qızına yaxınlaşaraq bir qədər kədərli halda həmin gün Fransada onun qardaşının da toy günü olduğunu söyləyib.
- Bəs ailə bu təzə xəbəri necə qarşıladı? Qohumlar bununla maraqlandılarmı?
- Vallah, bibim söylənənlərin zarafat olduğunu düşünüb və bu barədə heç kəsə deməyib. Yalnız indi yayılan məlumatlara görə, babamın Mişel və Əli adlı oğulları iyirmi ilə yaxındır ki, Fransada yaşayırlar. Hazırda isə onların hansı ölkədə yaşadıqları haqqında heç bir məlumatımız yoxdur.
Əsirlikdən qayıtdı, qəzada dünyasını dəyişdi
- Qaranlıq qalan daha bir məqam var. Babanızın müəmmalı ölümü. Qəribədir ki, o boyda əsirlikdən canını qurtara bilən insan həyatın əzablı illərinə tab gətirir, amma sonda adi bir yol qəzasında dünyasını dəyişir?
- Ümumiyyətlə, insanın harada və hansı şəraitdə dünyasını dəyişəcəyi bəlli deyil. Məsələn, deyirlər ki, hansı isə bir kənddə Sona xala 116 yaşına çatıb, amma bəlkə də bu həmin Sona xala ömründə bir yetimə belə əl tutmayıb, insanlara heç cüzi yaxşılığı da dəyməyib. Mənim atam çox az yaşayıb. O, 38 yaşında Qarabağ uğrunda gedən döyüşlərdə igidlik göstərərək, şəhidlik zirvəsinə yüksəlib. Mən də öz növbəmdə hər zaman atam qədər az yaşayıb çox iş görmək arzusunda olmuşam. Babam əslində az ömür sürməyib. 1994-cü ildə 74 yaşıda küçədə dayanarkən onu avtomobil vurdu və xəstəxanada dünyasını dəyişdi.
Babam olduqca güclü və eyni zamanda şən insan olub. Döyüşçü dostları danışırdılar ki, o, hər dəfə kəşfiyyatdan qayıdanda əl açıb oynayardı, qələbəsini bu cür qeyd edərdi. Azərbaycan şeiri və sənətinin vurğunu idi. Mikayıl Müşfiqi o qədər çox sevirdi ki, atama Müşfiq, mənə isə Mikayıl adını qoydu.
Əhmədiyyə Cəbrayılov tək Azərbaycana deyil, dünyaya səs salan qəhrəman olub və bizi də öz ruhunda böyüdüb. Heç yadımdan çıxmır, 1990-cı ildə atamın dəfnində 5-6 min insan iştirak edirdi. Hər kəs eşidə bilsin deyə, babam sözlərini qrammofonla söyləyirdi. O, atamı son mənzilə yola salarkən, yalnız bir cümlə dedi: “Mən oğlumun qanını bu xalqa halal edirəm!”