Koronavirusdan sonrakı qorxu: - "İnsanlar toy, yas məclislərindən uzaq qalacaqlar"

17-04-2020, 11:14           
Koronavirusdan sonrakı qorxu: -
Bütün dünyanı qorxuya salan koronavirus pandemiyası demək olar ki, hər kəsin şüuraltında təsirini buraxıb.

Koronavirusun yayılması səbəbilə əksər dünya ölkələrində özünütəcrid qaydalarına riayət olunur.

Ancaq bu şərait insanların psixologiyasına təsirsiz ötüşmür.

Koronavirusdan sonrakı mərhələdə həyatımızda dəyişikliklər olacaqmı? İnsanlar kütləvi tədbirlərdən, toy məclislərindən imtina edəcəklərmi? Uşaqlar və yeniyetmələrin sosial münasibətlərində zədələnmələr olacaqmı?

Cebhe.info-nun bu suallarını HUMEL Psixologiya Mərkəzinin direktoru, psixoloq Tariyel Faziloğlu cavablandırıb.

-Tariyel bəy, postkoronavirus dönəmində həyat tərzimizdə nələr dəyişəcəki?

-Postkoronavirus dönəmində təbii ki, həyat tərzimiz dəyişəcək. Çünki bu dönəmdə əsasən karantinin bizə verdiyi psixoloji travmaları toparlamaq zaman alacaq. Burda iki əsas səbəb var. Birincisi, insanların sosial izolyasiyası onların davranış tərzlərini, komfort zonalarını dəyişdi. İkincisi, sosial xof yaradıldı. Kütləvi informasiya vasitələrinin bilərəkdən və ya bilməyərəkdən neqativ informasiya yükünü həddən artıq insanlara yönəltməklə onlarda ümumi olaraq insanlara qarşı sosail qorxu yarandı. Ona görə də postkoronavirus dönəmində insanların ünsiyyəti, münasibətləri çox da yaxın olmayacaq. Bu, insanların sosial münasibətlərinə təsir göstərəcək və güvən hissinin, ortaq paylaşım duyğusunun ciddi bir şəkildə zəifləməsinə və insanların tənhalaşmasına gətirib çıxaracaq.

-Pandemiyadan sonra kütləvi mərasimlər, toylar, restoran görüşləri və başqa əyləncələrdən imtina oluna bilərmi? Ən azı bu məclislərin formatı dəyişəcəkmi?

-Ciddi bir şəkildə imtina olunacaq. Çünki karantin dönəmi bitsə belə, insanların hələ də virus qorxusu, şişirdilmiş pandemiya qorxusu onlarda insanlara qarşı uzaq qalmaq duyğusunu dəyişməyəcək. Çoxlu insanların toplaşdığı tədbirlər, şənliklər, məclislərdən uzaq qalmağa çalışacaqlar.

-İndi usaqlar qorxurlar ki, evdən çöldə ölüm var. Bu məsələ uşaqlarda hansı psixoloji vəziyyətləri yaradacaq?

-Uşaqların, xüsusən də 16-17 yaşdan aşağı yeniyetmələrin daha çox virtuallaşması baş verəcək. Real sosial münasibətdənsə, virtual münasibətlərə üstünlük verəcəklər. Zatən onlar artıq dərs tapşırıqlarını onlayn şəkildə alırlar və bu hala daha çox alışdılar. İndiyə qədər böyük bir təhlükə qarşısında idilər, indi artıq uşaqlarda onların tam zədələnməsi baş verir. Uşaqlarda və yeniyetmələrdə sosial bərabərlik, sosial ünsiyyət, sosial fəallıq, demək olar ki, minimum həddə olacaq. Əksər hallarda onlarda psixoloji immunitet zəif olacaq, həddən artıq tez aqressivləşə biləcəklər, affekt vəziyyətləri çox ciddi olacaq. Neqativ bir xəbər olsa da, deməliyəm ki, postkoronavirus dövründən sonra yeniyetmələr arasında intihar hallarının sayı sürətli şəkildə artacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.