Rus dilində danışanları dinləməli olduq` – Topçubaşinin varisləri: “Atam hökumətin təzyiqi ilə bunu etdi” (EKSKLÜZİV)

17-04-2020, 11:49           
Rus dilində danışanları dinləməli olduq` – Topçubaşinin varisləri: “Atam hökumətin təzyiqi ilə bunu etdi” (EKSKLÜZİV)
“Onların səssiz, fikirli olmasının səbəbi bu imiş”

“Atam dedi ki, büyüdüyünüz zaman babanızın kim olduğunu anlarsınız”.

“Bütün həyatımız boyu rus dilində danışanları dinləməli olduq”

“Hökumətin təzyiqlərinə görə atam soyadımızı dəyişdirdi”.

“Azərbaycandan heç kim sonradan anamı axtarmadı”

“98 yaşımda yemək hazırlayıram. Nəvəmin üzünü görməyə imkan vermədi. Yalnız qaldım…”

Əlimərdan bəy Topçubaşi – Azərbaycanın görkəmli dövlət xadimi. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından biri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin ilk sədri, Xarici işlər naziri. Milli müstəqilliyimiz və dövlətçiliyimiz üçün borclu olduğumuz tarixi bir şəxsiyyət.

Əlimərdan bəy Topçubaşinin böyük qızı Sara Kurdemirdən (Topçubaşi) 2 nəvəsi olub, Zərifə və Gülnarə Kurdemir. Zərifə Kurdemir bir neçə il öncə vəfat edib. 98 yaşlı Gülnarə Kurdemir və Zərifə Kurdemirin qızları hazırda İstanbulda yaşayırlar.

Qeyd: Artıq bir müddət ki, bütün dünya əhalisi təhlükəli Covid-19 virusundan əziyyət çəkir. Minlərlə insan bu virusun qurbanına çevrilib, yoluxanların sayı isə 2 milyona çatır. Dünyanın əksər ölkələrində olduğu kimi, Türkiyədə də xüsusi ilə yaşlı ( 65 yaşdan yuxarı) insanların evlərini tərk etmələri qəti-qağandır. Çünki, yaşlı insanlar bu virusa daha tez yoluxurlar.



HafizTimes.com olaraq tarixi şəxsiyyət Əlimərdan bəy Topçubaşinin Türkiyədə yaşayan yeganə varisləri ilə əlaqə saxladıq, vəziyyətləri ilə maraqlandıq. Söhbətimiz zamanı üzə çıxan maraqlı məqamları olduğu kimi sizə təqdim edirik:

Ə.Topçubaşinin həyatda olan yeganə nəvəsi 98 yaşlı Gülnarə Kurdemir HafizTimes.com-a danışır:

-İndi dünyada çox qəribə hallar baş verir. Hamı evə qapanıb. Heç kim bayıra çıxa bilmir. Əvvəllər bele bir hadisə baş verməyib. Mən də evdən çıxmıram. Bir köməkçim var. Həftənin 3 günü gəlir, mənə kömək edir, dərmanlarımı verir, ərzaq alır, yeməklər bişirir, təmizlik işləri görür… O, gəlməyəndə isə özüm yemək bişirməyə çalışıram…

Səhhətim də getdikcə pisləşir. Artıq gözlərim görmür, ayaqlarım yerimir. Bəzən danışmağı, sözləri də unuduram. Yalnız qalıram…

İki övladım vardı. Biri oğlan, biri qız. Qızım isə hazırda Bodrumda yaşayır. Ailə qurmuşdu. Övladı oldu. Daha sonra mənim kimi o da boşandı. Alman biri ilə ailə qurdu. Qızım da alman dilini bilir. Atası o vaxt təkid etdi ki, alman dilli məktəbdə təhsil alsın. Qızıma ailəmiz, Azərbaycanla bağlı hər şeyi danışmışam.

Oğlum Fikrəti isə çox gənc yaşda itirdim. Fikrətin taleyi Rəşad (Ə. Topçubaşinin kiçik oğlu Rəşid) dayıma oxşayır. Fikrəti də mən çox tez itirdim. Oğlum ailə də qurmuşdu. Gözəl toy etmişdik. Bir nəvəm də olmuşdu. Amma ağır xəstəlik Fikrəti bizim aramızdan əbədi olaraq apardı.

-Nəvəniz sizinlə görüşürmü?

-Fikrətin oğlu olmuşdu. Amma o, vəfat etdikdən sonra anası nəvəmi də götürüb həmişəlik getdi. Nəvəmin üzünü bir daha heç vaxt görmədim… Artıq yalnız qalmağa öyrəşmişəm. Hərdən qızım zəng edir, əhvalımı soruşur.

-Əlimərdan bəy Topçubaşinin sizdən başqa həyatda olan varisləri varmı?

-Zərifə adlı bir bacım da vardı. O da mənim kimi Fransada dünyaya gəlmişdi. İllər öncə bacım da vəfat etdi. Onun iki qızı var. Hazırda İstanbulda yaşayırlar. Arada telefonla əlaqə saxlayırıq. Zərifə bacım Azərbaycana çox meyilli idi. Həmişə araşdırmaq, nəyisə axtarıb tapmaq istəyirdi…

-Evdə olduğumuz bu günlərdə yəqin ki, ilk ailə yada düşür. Siz ananız Sara Kurdemiri (Əlimərdan bəy Topçubaşinin böyük qızı) necə yada salırsınız?

-Anam yaxşı bir ailənin qızı idi. Ona çox bağlı idim. Fransanın Sen Klu şəhərindəki evimizin baxçasında anamla birlikdə oturub, söhbət edərdik. Həmin anlar gözümün önündə canlanır. İtimiz, pişiyimiz vardı. Anam 80 yaşında vəfat etdi. Amma heç vaxt bizə Azərbaycan, öz ailəsi, atası haqqında danışmadı. Həmişə susmağı seçdi. Anam bizimlə yox, yalnız rus dost, rəfiqələri ilə danışardı.

Yaxşı xatırlayıram ki, anam həmişə rus dilində danışırdı. Dostları da rus dilli insanlar idi. Ümumiyyətlə o vaxt hər kəs rus dilində danışırdı. Bacım Zərifə və mən bütün həyatımız boyu rus dilində danışanları dinləməli olduq…


(Vida mərasimi- 8 noyabr,1934-ci il)

-Sizcə bunun səbəbi nə idi? Onlar niyə Azərbaycan-türk dilində danışmırdılar?

-Yaşım az idi. Çox da maraqlanmırdım. Ona görə də anamıza bu barədə heç vaxt sual vermədik. Bacımla mən günün çox hissəsini məktəbdə keçirərdik. Bizim də fransız dilli rəfiqələrimiz vardı. Onlarla vaxt keçirərdik. Elə bil anamla ayrı-ayrı dünyada yaşayırdıq. Bizə qarşı münasibəti çox soyuq idi.

Atam anam kimi evdə rus dilində danışardı. Mən şəxsən onların rus dilində danışdıqlarını eşitmişəm. Yəqin ki, anam Azərbaycan dilini də bilib. Amma mən eşitməmişəm…

-Sizə də rus dilini öyrətdilər?

-O vaxtlar mənim üçün rus dilini tədris edən bir müəllimə tutmuşdular. Ondan özəl dərs də aldım. Amma sonralar unutdum.

-Atanız kim idi? Onu necə xatırlayırsınız? Hansı işlə məşğul olardı?

-Atam Əli Əşrəf Sultanov idi. Atam da Azərbaycandan olub. Onun yalnız anası və bacısı vardı. Onlar Bakıdan gəlmişdilər. Bizimlə birlikdə yaşayırdılar. Azərbaycanda Cümhuriyyət devrildikdən sonra Sovet hökuməti hər kəs kimi mənim atamı da incitdi. O da məcbur olub ölkəni tərk edib. Ailənin bir tərəfi Trabzonda yaşadı. Atam isə Fransaya köçdü. Fransızlarla birlikdə çalışırdı. İş adamı idi. Dövlət işində çalışmırdı. Atamın dəqiq nə işlə məşğul olduğunu bilmirdim. Biz o vaxt uşaq idik. Nəsə soruşmaq istəyəndə deyirdilər ki, “siz hələ uşaqsınız, böyüklərin işinə qarışa bilməzsiniz”. Atam əvvəllər Azərbaycanda hansı vəzifədə çalışdığı barədə bizə heç vaxt danışmayıb.

-Valideynlərinizin necə tanış olub ailə qurduqlarını bilirsinizmi?

-Anamla atam Azərbaycanda tanış olublar, bir-birini seviblər. Bakıda onların toyu olub. Daha sonra Amerikaya köçdülər. Bir müddət orada qalıblar. Oranı bəyənməyiblər. Fransaya köçüblər. Əlbəttə ki, onlar arasında güclü sevgi vardı.

Atam da evdə rus dilində danışardı. Azərbaycan dilində isə çox adi cümlələr işlədirdi. Məsələn: “Bunu götür, onu apar və s.” Amma atamla anam öz aralarında yalnız rus dilində danışırdılar.


(Ə. Topçubaşinin nəvəsi Zərifə Kurdemir)

-Sizin bir qardaşınızın olduğu da qeyd olunur. Hətta atanızın dəfn mərasimini də onun təşkil etdiyini bildirilir…

-Xeyr… (Bir müddət gözləyir, təəccüblə cavab verir) Biz yalnız iki bacı olmuşuq. Atamız qəfil ürək tutmasından vəfat etdi. Bizim üçün çox ağır günlər idi. Atamın məzarı Şişlidəki Zincirliquyu qəbristanlığındadır.

–Bayaq atanızın soyadını “Sultanov” kimi qeyd etdiniz. Bəs siz niyə “Kurdemir” soyadını daşıyırsınız?

-Əvvəllər ailədə hamımızın soyadı “Sultanov” idi. Daha sonra isə atam soyadımızı dəyişdi. “Kurdemir” soyadını daşımalı olduq.

-Atanız niyə belə bir addım atdı?

-Atam bunu etməyə məcbur oldu. Çünki hökumət onları sıxışdırırdı. “Kurdemir” sözünü də şəxsən atam seçdi.

-Bilirsinizmi ki, Azərbaycanda Kürdəmir adlı rayon var.

-Atam “Kurdəmir” sözünü soyad kimi seçməsinin səbəbini izah etmədi. Bəlkə də atamın ailəsi həmin dediyiniz rayondan olub. Atam öz ailəsinə çox bağlı olub.

-Türkiyədə sizin ailədən başqa “Kurdemir” soyadını daşıyan başqa ailələrlə bağlılığınız vardı?

-Xeyr. “Kurdemir” soyadlı başqa bir ailə tanımamışıq.

-Fransada ailənizin yaşadığı ev heç yadınıza düşürmü?

-Sen Klu şəhərində yaşadığımız evi xatırlayıram. Gözəl bir ev idi. Evin salon hissəsində oturduğumuz zaman “Eyfel” qülləsini görərdik. Ümumiyyətlə, Paris gözəl bir şəhərdi. Hər tərəfdə ağaclar var, yaşıllıqlar salınıb. Təəssüf ki, İstanbulda yaşıllıqlar artıq yoxdur.

Əvvəllər hər il Fransaya gedərdim, yaşadığımız evi də ziyarət edərdim. 5 mərtəbəli bina evi idi. Biz orada kirayə yaşayırdıq. Öz evimiz deyildi. İndi isə oralar çox dəyişib, başqa ailələr yaşayır. İnanıram ki, bir gün qızım və nəvəm gedib Fransadakı baba evimizi ziyarət edəcəklər. Mənim isə artıq 98 yaşım var, heç bir yerə gedə bilmirəm…



-Tanınmış ictimai-siyasi xadim Ramiz Abutalıbovun təşəbbüsü ilə Parisdə babanız Əlimərdan bəy Topçubaşinin yaşadığı ev (ünvan 37 rue Decamps,Paris-16) tapılıb və üzərinə xatirə lövhəsi vurulub.

-Buna görə çox sevinirəm. Əməyi, əziyyəti olan hər kəsə dərindən təşəkkür edirəm. Çox sağ olsun.

-Fransadan Türkiyəyə köçdükdən sonra həyatınız necə dəyişdi? Peşimanlıq yaşadınızmı?

-Əlbəttə ki, çox peşiman oldum. İstanbulu heç bəyənmədim. Paris kimi deyil. Yaşıllıqlar məhv edilib. Hər tərəf betonlarla əhatə olunub. Bu mənə çox pis təsir edir.

-Belə bir dəyərli ailəni təmsil etmək sizin üçün çətin olmadı ki?

-Hazırda yaşadığım evin salonunda babam Əlimərdan bəy Topçubaşinin rəsmi var. Hər gün onun rəsminə baxıram. Belə bir ailədən olduğuma görə qürur duyuram.

-Bəs babanız Əlimərdan bəy Topçubaşini necə xatırlayırsınız?

–Bizi parka aparardı. Bizimlə çox mehriban rəftar edərdi. Əlimizdən tutub gəzdirərdi. Bir yerdə oturub mənzərəni seyr edərdik. Babam çox səssiz bir insan idi. Çox danışmazdı.

-Babanız sizinlə hansı dildə danışardı?

-Babamla daha çox fransız dilində danışardıq. Həmin günləri yaxşı xatırlayıram. Onunla birlikdə parkda gəzən zaman çox əylənərdik. O anlar yaddaşıma əbədi həkk olub. Çox xoşbəxt idik.

Babam vəfat edəndə bacımla mənim 12-13 yaşımız olardı. Hər şeyi çox da başa düşə bilmirdik. Anamız bizi evdən bayıra çıxmağa icazə vermədi.

Atam da babamı çox sevərdi, hörmət edərdi. Sanki onlar arasında daha dərin bağlar var. Mən bunu babam vəfat edəndən sonra hiss edirdim. Az da olsa xatırlayıram ki, atam bacımla mənə bir dəfə dedi ki, “Büyüdüyünüz zaman babanızın kim olduğunu anlarsınız”.


(Ə. Topçubaşinin həyat yoldaşı Pəri xanım)

-Bəs nənəniz Pəri xanım Topçubaşi (Həsən bəy Zərdabinin böyük qızı, Əlimərdan bəy Topçubaşinin həyat yoldaşı) necə qadın idi?

-Nənəm yaxşı insan idi. O, yalnız qalmağı sevərdi. Xatırlayıram ki, bağçamızda o vaxtlar bir divan vardı. Nənəm həmişə orada tək oturardı, fikrə gedərdi. Sanki, kiminsə üçün həsrət çəkirdi. Biz də kənarda durub ona baxardıq. Başqa insanlarla ünsiyyət qurmazdı. Həyat yoldaşı yəni babam vəfat etdikdən sonra nənəm yalnız yaşadı. Amma onu hamımız çox istəyirdik. Mədəni bir qadın idi.

-Bilirdinizmi ki, nənəniz Azərbaycanda böyük bir şəxsiyyətin, Həsən bəy Zərdabinin qızı olub?

-Bu barədə heç nə xatırlamıram. Çox təəssüf edirəm. Bəlkə də bacım Zərifə bilərdi… Nənəm də heç vaxt artıq danışmazdı…


(Həsən bəy Zərdabi və xanımı)

–Xalanız Sevər Topçubaşi (Əlimərdan bəy Topçubaşinin kiçik qızı) necə yaşadı?

-Sevər bizim xalamız idi. Onu yaxşı xatırlayıram. Xalam heç vaxt ailə həyatı qurmadı. Bütün ömrünü yalnız başa vurdu. Qardaşı Ənvər dayımla ilə birlikdə yaşayırdı.

“Ənvər dayım isə heç vaxt övladı olmayan bir xanımla evlənmişdi”

-Ənvər dayımın həyat yoldaşı fransız bir xanım idi. Onların heç vaxt övladı olmadı. Dayım övladlarının olmayacağını əvvəlldən bilirdi. Amma onlar bir-birini seviblər. Yaxşı xatırlayıram ki, Ənvər dayımla fransız dilində danışardıq. Yüksək intellekt sahibi idi. Ümumiyyətlə dayılarımın hamısı mədəni insanlar idi.

Ən kiçik dayımın adı Rəşad olub. (Əlimərdan bəy Topçubaşinin kiçik oğlu Rəşid) Bilmirəm niyə, bəzən onu “Rəşid” kimi təqdim edirlər. Rəşad dayım yaxşı təhsil almışdı. Onun ömrü yarım qalıb, çox gənc ikən xəstəlikdən vəfat edib. Rəşadın yarım qalan ömrü ailəmizi çox incidib. Bəlkə də nənəmin kədərli, fikirli olması, babamın heç vaxt danışmamasının səbəbi də bu imiş…

-Bəs evin böyük övladı, Əliəkbər Topçubaşi dayınızı (Əlimərdan bəy Topçubaşinin böyük oğlu) necə yad edirsiniz?

-Elmi fəaliyyətlə məşğul olardı. Yüksək intellekt sahibi idi. Bütün həyatını bu sahəyə həsr etdi. Heç vaxt evlənmədi. Amma bilirəm ki, onun münasibət qurduğu xanımlar vardı. Xatırlayıram ki, ona bu barədə sual veriləndə deyirdi ki, evlənmək şərt deyil ki…

Əliəkbər dayımın İren Məlikova ilə səmimi münasibətləri olub. Bu barədə bilirəm. Mənim atam da İren xanımı yaxşı tanıyırdı, əlaqə də saxlayırdılar. Mən isə uşaq idim. Hər şeyi çox da başa düşmürdüm. Əliəkbər dayımın da övladı olmadı…

-Türkiyədə yaşamış Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucusu M. Ə. Rəsulzadəni tanıyırdınız?

-Onun haqqında eşitmişəm. Amma təəssüf ki, özünü tanımaq fürsətim olmayıb. O, babam kimi böyük insan olub.


(Zərifə Kurdemir və jurnalist Xanlar Bayramov)

Əlimərdan bəy Topçubaşinin nəvəsi Zərifə Kurdemirin İstanbulda yaşayan qızları HafizTimes.com-a danışır:

-Biz bilirik ki, anamızın ailəsi Azərbaycandan olub. Babasının Azərbaycanda Cümhuriyyət qurucusu, dövlət adamı olduğunu da bilirik. Anamız bizə ailəsi ilə bağlı çox az danışardı. Nənəmiz Sara Topçubaşini xatırlayıram. Biz onu görəndə çox yaşlanmışdı. Bir küncdə oturardı, heç danışmazdı.

Anamız Zərifə xanım Parisdə Konservatoriyanı bitirib. Universitetdə təhsil alıb. Daha sonra ailələri ilə birlikdə Türkiyəyə köçüblər. İstanbulda atamla tanış olub, evləniblər. Bacımla mən dünyaya gəldikdən sonra valideynlərimiz boşanıb. Evdə iki bacıyıq. İkimiz də ailə qurduqdan sonra anamız evdə tək yaşamalı oldu. Onunla çox da əlaqə qura bilmədik. Daha sonra anamız xəstələndi və vəfat etdi.

Anamız deyirdi ki, Azərbaycandan biri ilə danışır, ailəsi ilə bağlı şəkilləri, arxivi istəyir. Anam da evdə olan hər şeyi ona təqdim etdi. Bu gün isə evimizdə anamla, ailəsi ilə bağlı heç nə qalmayıb. Anam deyirdi ki, Türkiyədə təhsil alan Azərbaycandan olan bir tələbə ilə kitab üzərində çalışırlar. Kitabda anam ailəsindən bəhs edib. Anam o kitabın nəşr edilməsi üçün çox dəstək oldu. O tələbənin adını indi unutmuşam…


(Z. Kurdemir bu nişanı Ramiz Abutalıbova təqdim edib)

Sonralar isə Azərbaycandan heç kimsə anamı axtarmadı…Amma anamız Azərbaycana çox bağlı idi. Bakıya getmək istəyirdi. Bu ona qismət olmadı, vəfat etdi. Anam da, Gülnarə xalam da boşanıblar. Hər ikisinin də həyatı ağır keçirib. Onlar çalışıb, əziyyət çəkərək övladlarını, bizi böyüdüblər.

İndi isə ağır vəziyyətdə yaşayırıq. O biri bacım İstanbuldan kənarda yaşayır. Həyat yoldaşım ağır xəstəlikdən əziyyət çəkir. Mən də ona baxıram. Xalam da çox yaşlanıb. Bütün dünyada olduğu kimi Türkiyədə də virusa görə vəziyyət çox ağırdı. Heç birimiz evdən bayıra çıxa bilmirik. Sizin vasitənizlə Azərbaycana öz dualarımızı, sevgimizi göndəririk…

Tanınmış ictimai-siyasi xadim Ramiz Abutalıbovun Zərifə Kurdemirin qızlarının fikirləri ilə bağlı qeydləri:

Zərifə Kurdemirlə görüşən tələbənin adı – İmanov Vüqardır. Çap etdiyi kitab (elmi iş) – “Ali Merdan Topçubaşi (1865-1934). Lider bir aydın ve bağımsız Azerbaycan Cümhuriyyetinin temsili” (İstanbul, 2003).
Zərifə xanım bəzi sənədləri və nişanı mənə verib. Hazırda bu sənədlər Azərbaycan Dövlət Arxivində qorunur, Fond 3172 (Müdir Emin Sərdarov), nişanı isə Azərbaycan Tarix Muzeyinə vermişəm (Nailə xanım Vəlixanlı və Fərhad Cabbarov)
Parisdən gətirdiyim bütün sənədləri isə Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət arxivində, 648 və 649-cu fondlarda qorunur.
Hafiz Əhmədov

HafizTimes.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.