"Bu bəladan o millətlər xilas olacaqlar ki, onlar mütəşəkkil olma, .." - Nürəddin Mehdixanlı

22-04-2020, 09:51           
"Bu bəladan o millətlər xilas olacaqlar ki, onlar mütəşəkkil olma, .."  - Nürəddin Mehdixanlı
“Ona görə də əgər bu gün dövlətin başçısı səviyyəsində çağırışlar olubsa, millətin taleyi üçün narahat olan ziyalıların müraciəti varsa, buna əməl etmək lazımdır. Bu bəladan o millətlər xilas olacaqlar ki, onlar mütəşəkkil olma, təşkil olunma qabiliyyətinə malikdirlər”.

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Nürəddin Mehdixanlı deyib. Xalq artisti ölkəmizdə hamımızın bir nəfər kimi həm özümüzü, həm də ətrafımızdakıları qorumağımız üçün evdə qalmağımızın əsas şərt olduğunu bildirib:

“Hamı necə mən o şəkildə karantin rejimini evdə keçirirəm. Əgər çağırış evdə qal, özünü və başqasını qorudursa, biz də evdə qalmalıyıq və həm özümüzü, həm də başqalarını qorumalıyıq. Bununla zarafat etmək olmaz, doğrudan da koronaviorus qloballaşan düyanın yaratdığı qlobal bir fəsaddır. Əgər biz də millət olaraq var olmaq, yaşamaq istəyiriksə, övladlarımızın, gəncliyimizin yaşaması üçün bütün dünyanın qəbul etdiyi qaydalarla qorunmalıyıq. Başa düşürəm evdə oturmaq çətindir, bunun da özünəməxsus fəsadları var, amma bu uzunmüddətli deyil. İnsanlar var ki, müxtəlif imkanlara malikdirlər və bu mənada onlar hansısa problemlərlə üzləşirlər, amma bu da keçicidir. Ona görə də əgər bu gün dövlətin başçısı səviyyəsində çağırışlar olubsa, millətin taleyi üçün narahat olan ziyalıların müraciəti varsa, buna əməl etmək lazımdır. Bu bəladan o millətlər xilas olacaqlar ki, onlar mütəşəkkil olma, təşkil olunma qabiliyyətinə malikdirlər. Qanunlara-qərarlara uyan millətlər bu savaşdan başıdik çıxacaqlar. Adını nə qoyursunuzsa qoyun, bu gün kütləvi informasiya vasitələrində, həm dünyada bunun bir oyun olmasıyla bağlı fikirlər söylənilir. Hərə buna bir ad qoyub, amma gözümüzün qarşısında on minlərlə insanlar həyatını itirir. Bu faktdır. Bunu nə istəyirsiniz adlandırın, bu bəla insanlara ölüm gətirirsə, bundan qorunmaq lazımdır. Soyuqqanlı şəkildə, ağılla hərəkət etmək vacibdir. Müəyyən qaydalar var ki, onlara əməl etməliyik.

Onu demək istəyirəm ki, insanlar öz missiyalarını bəzən unudurlar və bundan kənara çıxanda da faktiki olaraq öz yaratdıqları fəsadların qurbanlarına çevrilirlər. İndi iyirmi birinci əsirdir, texnologiya sürətlə inkişaf edir. Bu elm ilan zəhəri kimi bir şeydir, ölçüsündə olanda faydalı, dərəcəsindən artıq olanda öldürür. Elm adamları var ki, onların yaratdıqları bəşəriyyəti yüz addım irəli, elə də olur ki, əksinə dünyanın sonunu gətirir. Məsələn, bəlkə nüvə silahı çəkindirici güc kimi üçüncü dünya müharibəsinin qarşısını alır. Ondan faydalı şəkildə istifadə edəndə enerjiyə çevrilir, insanların həyatına işıq verir, tibb ləvazimatlarının hazırlanmasında istifadə olunur. Amma bir də var ki, Xirosima və Naqasaki də insanlara qarşı istifadə olundu və yüz minlərlə insanın həyatına son qoyuldu. Bu gün bioloji tədqiqatlar sahəsində görülən işlər o yerə gətirib çıxarıb ki, görülən işlər böyük vəsaitlərlə savaşları qazanmağı minuma endirib və az vəsaitlə daha çox qırğına səbəb olmaq üstündə çalışılır. Faktiki olaraq koronavirus bioloji bir silah səviyyində olan bir şeydir. Görünmədən vurur və hardan, necə vurur, bilinmir. Hələ ki, araşdırma aparılır. Elmin inkişafı fayda verdiyi kimi, elmin aşırı inkişafı böyük bəlalara gətirib çıxarır. Bu gün dünyada milyondan çox insan bu virusa yoluxub, on minlərlə insan həyatını itirib.

N.Mehdixanlı bu gün böyük dövlətlərin virus qarşısına aciz qaldığını bildirib:

“Çox qəribədir ki, ölüm hallarının sayına görə Avropa birinci yerdədir. İnkişaf etmiş dövlətlər, bizə nümunə göstərilən ölkələr bu sınaqdan üzüqara çıxdılar. Belə bir vəziyyətdə də həmin ölkələr bir-birilərindən oğurluq etdilər, bir-birilərini aldatdılar. Amma müsəlman ölkələrində belə hadisələr baş vermir. Avropada marketlərə hücum edib oğurluq edirlər, talayırlar, amma müsəlman ölkələrində ciddi şəkildə belə şeylər baş vermədi. Böyük və güclü saydığımız ölkələrin əslində ölüm qorxusu qarşısında nə qədər qorxaq və nə qədər təşkilatlanmamış olduqları ortaya çıxdır. Onlar üçün əsas odur ki, mən sağ olum, başqası vacib deyil. Baş verənlər isə ortaya fərqli bir mənzərə çıxardı.
Artıq otuz ilə yaxınlaşır ki, biz müstəqilik və hətta başqa imperiyaların basqısı altında olmuş olsaq da belə min illərin o başından gələn milli-mənəvi əxlaqi dəyərlərimizi itirməmişik. Yardımçı olmaq, bir tikəni bölüşmək əxlaqını, insanlığımızı qoruyub saxlamağı bacarmışıq. Bu isə çox böyük dəyərdir. Əslində dünyada dünənə qədər mələk saydıqlarımızın mələk maskası altında şeytan olduqları ortaya çıxdır. Onların terrorçu kimi tanıdmaq istədiklərinin isə əslində mələk olduğu məlum oldu. Dünyanın hər yerində azərbaycanlılar meydana çıxdı. Texnologiya və xüsusilə səhiyyə sahəsində nə qədər soydaşlarımızı tanıdıq. Onlar paylaşımlar, yardımlar etməyə başladılar. Xatirələrimizdə bizə çox yaralar vurmuş Rusiya kimi bir imperiyada həmin soydaşlarımız imkansız rus ailələrinə yardımlar edirlər. Azərbaycan xalqı bir daha göstərdi ki, biz başqaları kimi nankor millət deyilik, yaşadığımız yerin insanlarına dəyər verməyi bacarırıq.
Bizim ölkəmizdə bəzi insanlarımız var ki, məsələnin ciddiyyətini başa düşmür, qaydalara riayət etmirlər. Düşünmür ki, o, bununla təkcə özünü yox, başqasını da təhlükə qarşısına qoyur. Evdə qalmaq nə böyük problemdir ki, buna riayət etməyək. Evdə qalmalıyıq ki, o yoluxma zəncirini qıraq. Özünüz də şahidisiniz ki, ölkəmizdə virusa yoluxanların sayında ciddi azalma var, bu isə evdə qalmağımızın nəticəsidir. Əgər bu gün dövlətin başçısı bununla bağlı xalqa müraciət edirsə, biz də buna əməl etməliyik. Biz bu yer üzündə yaşamağa haqqı olan millətik. Biz istəyirik ki, hər şey davam etsin”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.