Deputat: “Ramiz Mehdiyev niyə partiyadan çıxarılmalıdır ki?”
1-09-2020, 11:35

Prezident Administrasiyasının (PA) sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevlə bağlı müzakirələr səngimir. Əslində, Mehdiyev özü dalbadal bəyanatları ilə buna rəvac vermiş olur…
YAP-çı deputat, hakim partiyanın Siyasi Şurasının üzvü Musa Quliyev “Yeni Müsavat”a açıqlamasında deyib ki, hazırda Yeni Azərbaycan Partiyasında rəhbər strukturlarda təmsil olunan şəxslərdən kiminsə qurumdan xaric olunması məsələsi gündəmdə deyil:
“Bu məsələ aktual da deyil. O ki qaldı, partiya üzvünə hər hansı bir cəza verilməsi, yaxud xəbərdarlıq alması, partiyadan çıxarılması, bu onun mənsub olduğu ilkin partiya təşkilatının qərarı əsasında olur. Amma hazırda partiya rəhbərliyindəki şəxslərin hər hansı biri barədə belə bir məsələ gündəmdə deyil”.
Deputat R.Mehdiyevin YAP-dan çıxarılmasına heç bir əsasın olmadığını düşünür: “Axı o niyə partiyadan çıxarılmalıdır ki? Hər hansı bir şəxs, vətəndaş toy edirsə, o hansısa bir qanunu pozur. Toy edən şəxs də, toyda iştirak edənlər də, cərimə olunublar və demək olar ki, hamısı İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan qaydada məsuliyyətə cəlb olunublar. Amma bununla bağlı kimisə partiyadan çıxarmaq məsələsi hazırda gündəmdə deyil”.