"Ordumuz da, silah-sursatımız da, qeyrətimiz də, Qarabağda tökülməyə qanımız da var" — AÇIQLAMA

3-09-2020, 00:04           
"Ordumuz da, silah-sursatımız da, qeyrətimiz də, Qarabağda tökülməyə qanımız da var" — AÇIQLAMA
“Əgər biz müharibəyə futbol oyunu kimi baxsaq, bunu öz Qarabağımızda oynayacağıq və bu da bir üstünlükdür...”


“Bizim torpaqlarımız işğal olunub, namərd, çörəyimizi yeyən ermənilər mahnılarımızın, süfrəmizin, mətbəximizin, ərazimizin qırıntısıyla toplum və xalq olmaq istəyir. Yəni mənim 75 yaşım var, döyüşçü deyiləm, amma bütün uşaqlara bişirmək üçün kartof soya bilərəm”


Bunu Moderator.az-a açıqlamasında yazıçı Seyran Səxavət deyib. Yazıçı torpaqlarımızı işğaldan azad etmək üçün hamını səfərbərliyə çağırıb:


“Mən özüm hərbçi deyiləm, amma deyilənlərdən, aldığım informasiyalardan belə məlum olur ki, ordumuz keçmiş SSRİ məkanında ən güclü ordulardan biridir. Hətta dünyanın ən yaxşı orduları sırasında olmasıyla bağlı informasiya da getmişdi. Düşünürəm ki, orduyla bağlı zarafat informasiyalar verməzlər. Biz hesablaşaq ki, bir məsələ var deyir ki, “ağıllı fikirləşənədək dəli vurdu çayı keçdi”. Rusiyanın əlaltısının, yəni Ermənistanın başını əzsək, Rusiya meydana çıxacaq. Bizdə isə Türkiyə kimi qüdrətli dövlət arxamızdadır. Ümumiyyətlə, risk etməsən, heç nə əmələ gəlməz. Rusların gözəl məsəli var, deyir ki, “risk etməyən heç vaxt şampan içə bilməz”. Bununla yanaşı, haqq-ədalət bizim tərəfimizdədir. Futbolda belə bir şey var, komanda öz ölkəsində oynayanda daha çox dəstək alır və qalib gəlir. Əgər biz bu müharibəyə futbol oyunu kimi baxsaq, bunu öz meydanımızda oynayacağıq və bu da bir üstünlükdür. Bütün camaatımızın, proses başlayandan sonra qeyrətli oğlanlarımızın potensialı artacaq. Bizim torpaqlarımız işğal olunub, namərd, çörəyimizi yeyən ermənilər mahnılarımızın, süfrəmizin, mətbəximizin, ərazimizin qırıntısıyla toplum və xalq olmaq istəyir. Yəni mənim 75 yaşım var, döyüşçü deyiləm, amma bütün uşaqlara bişirmək üçün kartof soya bilərəm”.


Yazıçı mənasız danışıqlar prosesinin artıq heç bir faydası olmadığını bildirib:


“O gün Lavrov deyir ki, “biz inanırıq ki, danışıqlar prosesi yaxın vaxtlarda bərpa olunacaq”. Bu söz mənə çox pis gəldi. Əgər danışıqlar prosesi bərpa olunsa, nə qələt eləyəcəyik ki? Otuz ildir onsuz da danışıqlar gedir də. Mən inanmıram ki, bəşər tarixində bu qədər uzun danışıqlar getsin, bunu görməmişik. Burda bizim çox nəhəng şairimiz Məhəmmədhüseyn Şəhriyar yadıma düşür. Onun “Azərbaycan” adlı gözəl şeiri var və orda belə bir misra var deyir ki, “ya qalx, biryolluq azad ol, ya tamam yan, Azərbaycan”. Millət həmişə öz tarixində, yaşayışında bax bu misraya uyğun psixoloji duruma həmişə hazır olmalıdır. Bu cür hazırlığı olan millət heç vaxt məğlub olmaz.


Fikirləşirəm ki, filan şey filan olsa, filan şey də filan olacaq düşünsək, onda elə şərəfsizliyimizi boynumuza alaq və görək tale bizə nəyi deyir. Tale də şərəfsizlərə həmişə zəlil-zəlalət ovqatı hədiyyə edir. Bu cür də taleyimizlə barışaq, boynumza alaq ki, biz gözüylə görənlərik. Ən azı torpaqlarımızın alınmasını gözümüzlə görmüşük. İndi dünyanın hər yerindən ermənilər gətirib Qarabağda yerləşdirirlər. Bu gün də Qarabağ işğaldan azad edilməsə, demək torbada pişik var və o gün-gündən böyüyür. Ona görə mən bütün Azərbaycan xalqını, böyükdən-kiçiyə heç nəyi fikirləşmədən Qarabağda müharibəyə səsləyirəm. Ordumuz da, silah-sursatımız da, qeyrətimiz də, Qarabağda tökülməyə qanımız da var. Heç kim bizə alimlik etməsin, mollalığı yığışdırmaq lazımdır. Onda belə çıxır ki, ölkəni mollalar ölkəsinə çevirək, dizimizi qucaqlayıb canımızı girləyək?”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.