"Ramiz Mehdiyev də anlayırdı ki, atdığı addım nə ilə nəticələnə bilər..." - GƏLİŞMƏ
7-09-2020, 09:08

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev nəvəsinə etdiyi toydan sonra yayılan görüntülərlə bir anda ölkə gündəminə oturdu.
Ölkədə tətbiq olunan sərtləşdirilmiş karantin rejimi qaydalarını pozmaq Ramiz Mehdiyev üçün heç də ucuz başa gəlmədi. Akademikin bu addımı onu bir növ siyasi böhrana yuvarladı. Söhbət Ramiz Mehdiyevin hakimiyyət daxilindəki şəxsi nüfuzunun bir anda böyük ölçüdə aşağı düşməsindən gedir.
Maraqlıdır, Ramiz Mehdiyev niyə bu addımı atdı? Akademik hələ də hakimiyyət daxilində gücünü saxlaya bilirmi?
Bu və digər məsələlərlə bağlı Cebhe.info-nun suallarını “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev cavablandırıb.
-Mehman bəy, son günlərin əsas gündəm mövzusuna çevrilən AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin nəvəsinə etdiyi toydan sonra qarşılıqlı ittihamlarla müşahidə olundu. Ramiz Mehdiyev onun adını çəkənləri məhkəmə ilə hədələdi və bu minvalda 3 açıqlama ilə çıxış etdi. Necə düşünürsüz, nə baş verir? Ramiz Mehdiyev niyə bunu etdi?
-Bu onu göstərir ki, hakimiyyətdaxili mübarizə gedir. Əslində Ramiz Mehdiyev də anlayırdı ki, atdığı addım nə ilə nəticələnə bilər. Qarışılıqlı ittihamlar isə onu göstərir ki, ən yüksək səviyyədə buna start verildi. Deməli aralarında əvvəldən, hələ Ramiz Mehdiyev Prezident Aparatında işləyəndən ziddiyyət və qarşıdurma vardı. Bugünkü proses də onun davamıdır. Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasına göndərildi, “Heydər Əliyev” ordeni ilə yola salındı. Ancaq görünürdü ki, Ramiz Mehdiyev narazıdır və təzə kadr siyasəti, tutduğu kursla onu da bildirirdi. Ümumiyyətlə, Ramiz Mehdiyev bunu gizlətmirdi, deyirdi. Ancaq bu söhbətlər açıq mətbuatda yox, gizli dairələrdə gedirdi. İndi isə münasibətlər açıq formaya keçib. Əslində Ramiz Mehdiyev Akademiyada oturub oranın işləri ilə məşğul olsaydı, məncə problem olmazdı...
-Ramiz Mehdiyev hələ də hakimiyyət daxilində güclüdürmü?
-Yox, hesab etmirəm. Çünki bizdə proseslər fərqlidir. Bu gün ona qarşı gedən kampaniya göstərir ki, Ramiz Mehdiyevin gücü qalmayıb. Vaxtilə onun əli ilə vəzifəyə gələn adamlar da ondan üz döndərdi. İndi kim ona dayaq olacaq?!
-Necə düşünürsüz, Ramiz Mehdiyev nə istəyir? Yəni apardığı mübarizədə məqsədi nədir? Nəyə nail olmaq istəyir?
-Əslində heç nə. Çünki artıq elə bir gücü qalmayıb. Sadəcə olaraq, proseslərin gedişatı bu mənzərəni yaratdı. İndi də özünü qorumağa çalışır.
-Mehman bəy, Ramiz Mehdiyevin mübarizəsinin sonu nə ilə yekunlaşacaq?
-Hesab edirəm ki, o, Azərbaycan Milli Elmlər Akademiyasından xaric olunacaq. Sadəcə olaraq, bağında oturub təqaüdçü həyatını yaşayacaq. Başqa heç nə etmək imkanı qalmayıb.