“Rusiya mətbuatında azərbaycanlı jurnalistlərin zəif görünməsi rus dili ilə bağlı deyil”

11-09-2020, 09:54           
“Rusiya mətbuatında azərbaycanlı jurnalistlərin zəif görünməsi rus dili ilə bağlı deyil”
Xalq yazıçısı Çingiz Abdullayev öz facebook profili vasitəsilə ölkədəki rus məktəblərinin bağlanmasına çağıran yerli millətçiləri tənqid edib. Çingiz Abdullayev qeyd edib ki, Rusiya mediasında erməni soyadlı jurnalistlər üstünlük təşkil edir və bu, lobbi fəaliyyətinin nəticəsi deyil: “Onlar rus dilində səlis danışan ağıllı, intellektual və istedadlı insanlardır”.
Ç.Abdullayev xarici kanallarda (rus kanallarında) demək olar ki, heç bir azərbaycanlının olmadığını, varsa belə, rus və ya ingilis dilində yaxşı danışmadıqlarını da vurğlayıb.
Məlum məsələdir ki, Rusiyada, eləcə də digər xarici ölkələrdə yetərincə savadlı, intellektual soydaşlarımız, jurnalistlərimiz var. Lakin nədənsə onların səsləri hələ ki zəif çıxır. Məsələ həqiqətən yalnız rus və ya xarici dili bilməkdirmi?



Hikmət Hacızadə: “Bizimkilər özlərini belə təqdim etməyə utanırlar...”
Məsələ ilə bağlı Azərbaycanın Rusiyadakı sabiq səfiri, politoloq Hikmət Hacızadə “Yeni Müsavat”a danışıb:
“Əlbəttə ki, əgər dünya televiziyalarında danışmaq istəyirsənsə, xarici dili mükəmməl bilmək lazımdır. Bunu da ki, rus və yaxud xarici dilli məktəblərdən əldə etmək olur. Xaricdə olanlarımızın bir qismi bizim kəşfiyyatçılarımız olmalıdır, oradan məlumatlar götürüb, bizə ötürməlidir. Bu mənada Çingiz Abdullayevlə razıyam. Bir məsələni də vurğulayım ki, şəxsən mən özüm rus məktəbini bitirmişəm”.
Hikmət Hacızadə qeyd etdi ki, bu məsələdə mental dəyərlər də öz sözünü deyir: “Burada artıq ikinci məsələ özünü göstərir - mentalitet. Onlar rus dilini bilir, lakin fəal deyilər, sanki utancaqdırlar, həmişə sıxıntı hiss edirlər, camaat arasına çıxmaq istəmirlər, gizlənirlər. Əlbəttə ki, onlar öz fikirlərini ifadə etmək qabiliyyətinə malikdirlər, lakin utancaqlıq göstərirlər, danışmırlar, danışmaq vərdişləri yoxdur. Lakin erməni hər yerdə həyasızcasına danışır, özünü hər yerə sala bilir, ona görə də onda reportaj alınır və işə girə bilir. Bizimkilər isə bir daha qeyd edirəm ki, utancaqdırlar. Özlərini belə təqdim etməyə utanırlar. Bu isə artıq bizim mentalitetimiz, mədəniyyətimizdir”.

Qulu Məhərrəmli: “Rusiya mətbuatında azərbaycanlı jurnalistlərin zəif görünməsi rus dili ilə bağlı deyil”
Tanınmış teletənqidçi Qulu Məhərrəmli də mövzu ilə bağlı danışıb. O qeyd edib ki, Rusiya mətbuatında azərbaycanlı jurnalistlərin zəif görünməsi rus dili ilə bağlı deyil: “Bunun birinci səbəbi ölkənin içində media səviyyəsi ilə bağlıdır. İkincisi isə rus mediası ilə zəif işin aparılmasının nəticəsidir. Daha bir, sonuncu səbəb isə təhsil ola bilir. Bir daha qeyd edirəm ki, rus məktəblərinin bu məsələ ilə birbaşa əlaqəsi yoxdur. Uzun illərdir ki, jurnalistika fakültəsinin rus bölməsinin hər il 20-30 məzunu olur. Eləcə də ingilis dilini bilənlərin sayı az deyil. Sadəcə olaraq, Rusiya mediası ilə işin zəif qurulması bu nəticəni verir. Xatırlayıram ki, illər öncə Moskvada ”Azerbaycanski ekspress" qəzeti nəşr edilirdi. Qəzetin rəhbəri həmin dövrdə Azərbaycan səfirliyində mətbuat katibi çalışan Ağamalıyev idi. Lakin çox təəssüf ki, həmin qəzetə dəstək olunmadı. Halbuki “Azerbaycanski ekspress” qəzeti Rusiya məkanında səs salırdı, hətta ermənilər bundan narahat olmağa başlamışdılar. Eləcə də Moskvada yerüstü yayıma efirə çıxan televiziyamız var idi. Çox təəssüf ki, onların hər ikisini qoruyub - saxlamaq gücümüz, qabiliyyətimiz olmadı. Qeyd etdiyim mətbuat orqanlarımız Rusiya mətbuatına ciddi surətdə inteqrasiya oluna bilirdi. Yəni biz öz bacarıqsızlığımızı, fərsizliyimizi rus dilinin üstünə atmamalıyıq. Bunun üçün əvvəldən lazım olan səviyyədə lazımi mexanizmlər qurulmayıb. Bütün bunlar hamısı onun nəticəsidir".
“Mentalitet xüsusiyyətlərimiz də bu məsələdə özünü göstərir” fikrinə isə Qulu Məhərrəmli bu cür mövqe bildirdi: “Mentalitet xüsusiyyətlərimizə qalanda ölkə içində görün nə qədər həyasız, vicdansız trollar var. Lakin onların savadı, qabiliyyəti yoxdur, uzaqbaşı insanları təhqir edib, yalan, böhtan yaza bilirlər. Amma biz həqiqətən Rusiya mediası üçün yaza bilən səviyyəli jurnalistlər yetişdirməliyik. Əlbəttə ki, ölkə içində rusdilli medianın inkişafına da diqqət etməliyik. Məsələn, ölkəmizdə ”Zerkalo" kimi güclü, Cənubi Qafqazda tanınan qəzetimiz var idi. Eləcə də “Exo” da onun kimi. Bu redaksiyalarda çalışan jurnalistlərin kifayət qədər intellekti, ağlı, yazı qabiliyyəti var idi. Onların Rusiya mediası ilə əlaqələrini qurmaq əvəzinə sıradan çıxartdıq, nəticədə böyük bir resursdan məhrum olduq. İndi də gec deyil və biz bu sahəyə diqqəti artırmalıyıq".

“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.