"Ramiz Mehdiyevin dediklərini hələ az yazdıq ..."

11-09-2020, 11:30           
"Ramiz Mehdiyevin dediklərini hələ az yazdıq ..."
"AMEA-nın Mətbuat və İnformasiya Xidmətinin bu məlumatına hörmətlə yanaşırıq”.

Yeniavaz.com xəbər verir ki, bu sözləri “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin onlara verdiyi açıqlamanı təkzib etməsinə cavab olaraq "Facebook"da yazıb.

Onun sözlərinə görə, məlumatdan da göründüyü kimi, akademik R.Mehdiyevin "Təzadlar"ın əməkdaşı ilə söhbəti inkar edilmir, hətta söhbət əsnasında akademikin bəzi şəxslərlə bağlı söylədiyi ittiham və məlumatları məlum yazımızda qeyd edilməyib, lakin Mətbuat və İnformasiya Xidmətinin məlumatında bu barədə bəhs edilir:

“Nəhayət, Mətbuat və İnformasiya Xidməti də öz məlumatında diplomatik formada qeyd edir ki, "...bu günlərdə akademik Ramiz Mehdiyev heç bir yerli və xarici KİV-ə müsahibə verməmişdir". Bəli, biz də yazmışıq ki, razılaşmaya əsasən, akademik R.Mehdiyev yaxın günlərdə "Təzadlar"a müsahibə verəcək, yazmamışıq ki, müsahibə verib”.

A.Mərzili musavat.com-a açıqlamasında isə bildirib ki, R.Mehdiyevin AMEA-nın saytında yazdığı təkzib yox, məlumatdır. Onun sözlərinə görə, saytda “Təzadlar” qəzeti əməkdaşının ona zəng etməsi inkar edilməyib: “Sadəcə bu açıqlama çox ajiotaj yaratdı, onun ətrafında yayınlar edildi. Eyni zamanda mətbuat onun daha öncə məhkəməyə verəcəyini dediyi adamlardan yenidən açıqlamalar aldı. Beləcə, məsələ daha da böyüdü. O, üstüörtülü, diplomatik şəkildə belə bir açıqlama vermək zərurəti hiss etdi. Amma onunla razılaşmışdıq ki, yaxın günlərdə müsahibəmiz baş tutacaq. Gələn həftənin bazar ertəsi, ya da çərşənbə axşamı günü bu müsahibə gerçəkləşməliydi”.

A. Mərzili deyib ki, R.Mehdiyevlə 15-20 dəqiqə telefonla danışıq baş tutub: “Mənim yanımda əməkdaşımız Elçin Məmmədli zəng elədi, mən nömrəsini verdim. Orda qeyd edilir ki, şəhər telefonuna zəng etmişik. Amma biz onun mobil telefonuna zəng etdik. Dediklərini belə az yazdıq. Maksim Musayev və Fəzail Ağamalının da əleyhinə çox şeylər danışdı. Biz yazmadıqlarımızı da özləri açır. Mən onların məlumatına hörmətlə yanaşıram. Amma bu, təkzib deyil. “Ramiz Mehdiyev nə xarici, nə də ölkədaxili mətbuata müsahibə verib” deyirlər. Biz onsuz da onun bizə müsahibə verdiyini iddia etmədik ki”.

A.Mərzili bildirib ki, iki gün əvvəl köməkçisinin şəhər telefonuna zəng edərək, R.Mehdiyevdən müsahibə istəyiblər: “Onda bizə deyildi ki, Ramiz müəllimə müsahibə istəyimiz çatdırılıb, bizə onun cavabını bildirəcəklər. Amma hər hansı cavab reaksiyası gəlmədiyi üçün biz də özümüz mobil nömrəsinə zəng etdik. Amma mətbuat bu xəbəri yanlış təqdim etdi və yazdı ki, “Təzadlar” Ramiz Mehdiyevdən müsahibə alıb. Halbuki o, müsahibə deyildi”.

A.Mərzili bildirib ki, bütün hallarda müsahibə vədi qüvvəsində qalır: “Çox güman ki, bu müsahibə baş tutacaq. Dünən elə söhbətimiz oldu ki, bu müsahibə baş tutmalıdır. Hətta özü müsahibənin bir həftə-on gün sonra olmasını istəmişdi. Biz israr edincə, gələn həftəyə razılaşdırdıq. Ümid edirəm ki, müsahibə gerçəkləşəcək və biz öz suallarımıza cavab tapacağıq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.