Rusiya Türkiyəyə, Ermənistan da Dağlıq Qarabağa PKK terrorçularını gətirir-şok faktlar

18-09-2020, 23:13           
Rusiya Türkiyəyə, Ermənistan da Dağlıq Qarabağa PKK terrorçularını gətirir-şok faktlar
Qabil Hüseynli: “Bu prosesin başında Rusiyanın dayandığı qənaətindəyəm”

Rey Kərimoğlu: “Dağlıq Qarabağda antiterror əməliyyatı başlamaq lazımdır”

Ermənistan növbəti təxribata əl atır. Təcavüzkar ölkənin hakimiyyəti 90-cı illərin əvvəllərində sınaqdan keçirilmiş Yaxın Şərq ölkələrindən terrorçuların və muzdluların cəlb edilməsi taktikasından istifadə etməyə hazırlaşır.

İraq hökumətinə yaxın mötəbər qaynaqlardan virtualaz.org saytına məlum olub ki, Ermənistanın bu ölkədəki səfiri Qraçya Poladyanın vasitəçiliyi ilə bu ilin yayında İrəvan hakimiyyəti kürd təşkilatları ilə əlaqə qurub və Dağlıq Qarabağda PKK kürd terror təşkilatının yaraqlılarının yerləşdirilməsi haqda razılaşma əldə edib.

Qeyd edək ki, İraq, Suriya və Livanın erməni icmaları ilə humanitar əməkdaşlıq, habelə müharibələrdən və fəlakətlərdən zərər çəkmiş ermənilərə dəstək adı altında artıq beşinci ildir ki, Azərbaycanın işğal edilmiş ərazilərinə həmin ölkələrdən etnik ermənilərin köçürülməsi davam edir. Beynəlxalq konvensiyalara zidd olan bu fakt azmış kimi, indi də Ermənistan işğal edilmiş ərazilərə Yaxın Şərqdən terrorçu qruplaşmaların yaraqlılarını da yerləşdirir. Bu da nəinki Qafqaz regionunun, eləcə də, yaxın region ölkələrinin təhlükəsizliyini təhdid edə biləcək cinayətkar bir prosesdir.

Ekspertlər həyəcan təbili çalır, Azərbaycan tərəfin vaxt itirmədən bu faktın üzərindən çıxış edərək, beynəlxalq qurumlara, ATƏT Minsk qrupunun həmsədrlərinə müraciət etməsinin vacibliyini vurğulayırlar.

Sabiq dövlət müşaviri Qabil Hüseynlinin bu barədə fikirləri, ehtimalları kifayət qədər diqqət çəkir: “Baş verənlər tamamilə həqiqətə uyğundur. Bu prosesin başında Rusiyanın dayandığı qənaətindəyəm. Kreml Azərbaycan və Türkiyə ordusunun birgə təlimindən sonra çox təşvişə düşüb. Bununla əlaqədar olaraq rəsmi Ankaranı sıxışdırmaq üçün müxtəlif məqamlar axtarır. Belə məqamlardan biri də PKK-PYD variantından istifadə edilməsidir. Onsuzda PKK-nı Sovet İttifaqı dövründə rusların yaratdığını hamı bilir. Sonrakı dövrdə SSRİ-nin çökməsi və Rusiyanın başının özünə qarışması Kremlin kürdlərlə əlaqələrini sıfıra endirmişdi. Amma son vaxtlar Türkiyənin Suriya, Liviyada rus ordusuna vurduğu zərbələr nəticəsində artıq Rusiya qardaş ölkəni ciddi rəqib kimi görməyə başlayıb. Ona qarşı həm Yunanıstan, həm də Kürdüstan cəbhəsindən atəş açmağa start verib. Əvvəlcə Rusiya Yunanıstana xüsusi bir nümayəndə heyəti göndərdi və Aralıq dənizindəki böhranla əlaqədar “yanınızdayıq” mesajını verdi. Daha sonra Suriyada demokratik qüvvələr birliyi deyilən, PKK-PYD-nin daxil olduğu qruplaşmanın xüsusi nümayəndə heyəti təxminən 10 gün öncə Moskvaya səfər etdi, orada danışıqlar aparıldı. Bu danışıqlar nəticəsində strateji və taktiki addımlar dəqiqləşdirildi, gizli protokol imzalandı. İndi həmin protokol əsasında İrəvana xüsusi təlimat göndərildi ki, Türkiyəyə, lazım gələrsə Azərbaycana qarşı kürd variantından istifadə edilməsi çox məqsədəuyğundur, lazımı səmərə verə bilər. Üstəlik də qeyd edildi ki, Suriyadan, Livandan gətirilən və ASALA ilə ciddi əlaqələri olan qruplaşmaları da Dağlıq Qarabağ regionuna toplamaq, eyni zamanda, türklər tərəfindən ciddi sürətdə əzişdirilmiş, taqətdən düşmüş PKK tör-töküntülərini də Qarabağ ərazisinə yığmaq və onlara xüsusi düşərgədə təlim keçmək, onların yenidən “ətə-qana” gəlməsinə, döyüş mövqeyində durmalarına şərait yaratmaq vacibdir. Plan Rusiyanın Baş Qərargahında cızılıb.

Onun yerinə yetirilməsi və koordinator kimi Ermənistan seçilib. Erməni tərəfə xüsusi təlimatlar verilib. Həm PKK-nın tör-töküntülərinin, həm də ki, Livandan ASALA ilə əlaqəsi olan ermənilərin Dağlıq Qarabağa köçürülməsi ilə ciddi sürətdə məşğul olurlar. Özü də Ermənistan bu yaxınlarda Suriya ərazisinə 350 nəfərlik xüsusi dəstə göndərdi. Onu bir rota kimi nəzərdə tuturdular. Amma 350 nəfər az qala bir batalyona yaxın döyüşçü dəstəsi deməkdir. Bu dəstə Suriya ordusu tərəfində dayanmağı məqsəd bilsə də, amma bu ordunun potensialına heç bir potensial qata bilməz. Amma onlar orada ASALA və PKK-PYD-nin ciddi nəzarəti altında təlim görürlər, döyüş təcrübəsi toplayırlar, xüsusi təyinatlılar kimi yetişdirirlər. Beləliklə, biz görürük ki, Yaxın Şərqdə yenidən terrorçuların Ermənistana və işğal edilmiş ərazilərinə toplanması prosesi getməkdədir. Burada xüsusi döyüş poliqonları formalaşdırılır. Bütün bunları Ermənistan tərəfinin Türkiyəyə qarşı açdığı ikinci cəbhə də adlandırmaq olar. Belə məlumatlar qardaş ölkədə də var. Yəqin ki, rəsmi Ankara bununla bağlı xüsusi əməliyyat planları hazırlayır. Bölgəni qarışdırmaq istəyən Rusiya strateqləri, erməni millətçiləri Türkiyə və Azərbaycanın birlikdə hazırlayıb, həyata keçirəcəkləri antiterror tədbirlərinin şahidi olacaqlar. Bu proses hələ yenicə başlayıb. Bunun daha da inkişaf edib yayılması prosesində Türkiyə və Azərbaycan tərəfləri lazımı faktları toplayıb beynəlxalq təşkilatlara verdikdən, dünya ictimai rəyinə bu faktları çatdırdıqdan sonra artıq antiterror, hərbi əməliyyatların başlanması prosesi gündəmə gələcək, o reallaşdırılacaq. Həmin planın reallaşdırılması çox yaxın vaxtlara da təsadüf edə bilər. Çünki bələkdəcə düşməni boğmaq daha sərfəlidir. Bu hərbi taktikanın ən mühüm ünsürlərindən biridir. Kifayət qədər döyüş təcrübəsi olan Türkiyə ordusunun, o cümlədən, Azərbaycan ordusunun bu məsələləri yerbəyer etməsi zənnimcə çox da uzun çəkməyəcək”.

Qarabağ qazisi Rey Kərimoğlu: “Hələ Qarabağ müharibəsi başlayan günlərdən Ermənistan tərəfindən döyüşənlər əsasən muzdlular olub. Bu proses dünən də olub, bu gün də davam edir. Ermənilər Qarabağda üstünlük təşkil etmək, Azərbaycana qarşı döyüşmək üçün bütün vasitələrdən istifadə edirlər. Münaqişə zonalarından ermənilərin işğal edilmiş Azərbaycan ərazilərinə köçürülməsi prosesi da aparılır. Son Tovuz döyüşlərində çox faktlar üzə çıxdı. İndi də PKK-çılardan xüsusi təlim görmüş xüsusi təyinatlıların Qarabağa gətirilməsi prosesinə start veriblər. Ermənilərlə PKK-çılar bir medalın iki üzüdürlər. İkisi də terror fəaliyyətləri ilə məşğuldurlar. Zaman-zaman PKK-çıların Dağlıq Qarabağda təlim bazalarının, düşərgələrinin olması barədə xəbərlər yayılıb. Bu xəbərlər artıq sübutunu tapmaqdadır. Onlar Azərbaycan Silahlı Qüvvələrinə qarşı döyüşlərdə, təxribatlarda iştirak ediblər və edəcəklər də. Ona görə də arzulayaq ki, Azərbaycan tərəfi beynəlxalq konvensiyalara, ölkə qanunlarına uyğun olaraq addımlar atsın. Bir haşiyə də çıxıb deyim ki, aprel döyüşləri zamanı ermənilər tərəfindən kürdlərin iştirak etdiyi faktı var idi. Sonralar bu təsdiq də olundu. Azərbaycana qarşı kürdlərin silahlandırılması davam edir. Azərbaycan dövləti bununla bağlı qəti tədbir görməlidir. Dünyada terrorçulara qarşı döyüş təcrübəsi olan dövlətlərə müraciət olunmalı, onlardan kömək alıb, birlikdə Dağlıq Qarabağda antiterror əməliyyatı başlamaq lazımdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.