Qarabağ nədən tam azad olmadı? - ".. .diplomatik mübarizəni davam etdirməliyik"

26-11-2020, 09:34           
 Qarabağ nədən tam azad olmadı? - "..
Azərbaycanın keçmiş Xarici işlər naziri Tofiq Zülfüqarov Reyting.az-a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Tofiq müəllim, Qarabağ münaqişəsi ilə bağlı hərbi faza dayandıqdan sonra diplomatik-siyasi faza başlayıb. Amma cəmiyyətdə həm də Rusiya sülhməramlılarının fəliyyətindən narahatlıq hiss olunur. Siz diplomatik faza haqqında nə düşünürsünüz, narahatlıq üçün əsaslar varmı?

- Əvvəla, biz bilməliyik ki, münaqişənin hərbi etapı başa çatıb, indi siyasi proses mərhələsi başlayıb. Müharibə fazasının nəticəsində işğaldakı ərazilərimizin böyük hissəsini nəzarət altına götürmüşük. Bunun nəticəsində məcburi köçkünlərin haradasa 90 faizi imkan qazanıb ki, evlərinə qayıtsın. Bunun özü böyük nəticə, böyük qələbədir.

Vaxtilə BMT-nin sənədlərində Azərbaycan vətəndaşlarının öz yurd-yuvalarından köçkün düşməsi humanitar fəlakət kimi qiymətləndirilmişdi. İndi biz, bu humanitar fəlakətin 90 faizini həll etmək imkanı qazanmışıq. Bu, böyük uğurdur.

Ordumuzun azad etdiyi ərazilərdə süverenliyimiz yüz faiz bərpa olunacaq. Qalan hissələrə gəlincə, indiki mərhələdə siyasətimiz belədir ki, siyasi vasitələrlə Azərbaycanın süverenliyinin bərpası üçün diplomatik mübarizəni davam etdirək. Fikrimcə, yaxşı şərait yaranıb ki, qarşıdan gələn tarixi dövrdə bu prosesi uğurla başa çatdıraq. Yəni həmin ərazilərdə də dövlətimizin süveren hüquqları bərpa olunsun. İndi bəzi tənqidi fikirlər eşidirik ki, sülh olmasaydı müharibə əməliyyatları davam edəcəkdi, qələbə əldə olunacaqdı və s.

- Siz bu cür düşünmürsünüz?

- Əslində biz anlamalıyıq ki, qarşıda iki yolumuz vardı: hərbi əməliyyatları davam edirir və itkilər verərək irəli gedirik. Bu halda biz dəqiq bilmirdik ki, qarşımıza ermənilərdən savayı çıxan olacaq, ya yox.

Müharibə əməliyyatları nəticəsində orada yaşayan erməniləri qovaraq sərhədin o tərəfinə atmalı idik. Bir növ 1990-cı illərin əvvəllərində ermənilərin bizə qarşı tətbiq etdiyi siyasəti təkrarlamalıydıq. Belə olduqda ortaya problem çıxırdı.

Bəli, bəzi insanlar haqlı olaraq deyirlər ki, zamanında ermənilər bizə nə edibsə, biz də onlara eynisini etməliyik. Amma baxın, hərbi əməliyyatların gedişi zamanı bizə dost olan və olmayan ölkələrin hamısı qəbul edirdilər ki, bura Azərbaycan ərazisidir və biz beynəlxalq siyasətə uyğun addımlar atırıq, bu da bizim hüququmuzdur. Lakin ermənilərin bizə qarşı atdığı addımı atsaydıq, yəni oradakı erməniləri etnik təmizləməyə məruz qoysaydıq, dəstəyimiz azalardı. Məncə, belə addımla ermənilərə imkan verərdik ki, bu faktdan istifadə edərək bizə qarşı beynəlxalq tənqid və təbliğatı böyütsünlər. Mümkündür ki, bu halda bizə qarşı hansısa qüvvələri də formalaşdıra bilərdilər. Beləcə, bizə imkan verməzdilər ki, bu siyasəti sona qədər həyata keçirək. Bu xəttin davamlı nəticəsi bir qədər sual altında idi. Hələ Laçın, Ağdam və Kəlbəcər rayonlarını müharibə ilə azad etməyi bir kənara qoyuram. Burada bizim verdiyimiz itkilər indiyə qədər olan itkilərdən bəlkə də az olmazdı. Hesab edirəm ki, bütün bunlar götür-qoy edildikdən sonra Azərbaycan dövləti ikinci yolu - mübarizəni siyasi-diplomatik yolla davam etdirməyi seçib. Hesab edirəm ki, bu, düzgün seçimdir. Çünki, biz real vəziyyəti təhlil etdikdə görürük ki, yuxarıda qeyd etdiyim birinci yol bəlkə də daha çox problemlərə gətirib çıxara bilərdi. Yəni bu, məcburi seçim idi və biz haqlı olaraq bunu seçdik.

- Ancaq müşahidə etdikdə görürük ki, sülhməramlı kontingentin rəhbərləri Xankəndindəki separatçıların nümayəndələri ilə mütəmadi görüşür, bəzən görüşlərdə separatçıların bayraqları asılır. O cümlədən Rusiya Xankəndində hansısa humanitar tədbirər həyata keçirir, reaksiya mərkəzi yaradır və s...

- Bu səbəbləri hamı danışır, amma gəlin vəziyyəti təhlil edək. Sülhməramlıların gəlişi bizə imkan verib ki, güc yolu ilə azad etməli olduğumuz ərazilərin böyük hissəsini itki vermədən geri qaytaraq. Bu, real nəticədir.

Yuxarıda dediyim kimi, müəyyən təhlükələr mövcud idi. Məsələn, mən istisna etmirəm ki, döyüşləri Xankəndində davam etdirsəydik, ermənilər orada özləri təxribat törədərək mülki insanları qırğına verər və beləcə, bizi ittiham edərdilər. İndisə belə ittiham və təxribatların baş verməməsinə təminat verən elə sülhməramlılardır. Yəni onlar təhlükəsizlik təminatını öz üzərlərinə götürüblər və Azərbaycan Silahlı Qüvvələri orada olacaq təxribatlara görə cavabdeh deyil.

Baxın, görün orada nə qədər təxribatlar oldu. Bunu bizə qarşı da edə bilərdilər. Bunu etməklə məqsədlərinə - dünya ölkələrinin bu hərbi əməliyyatlara qarşı rəyinin dəyişməsinə nail olmağa çalışacaqdılar. Buna qədər hamı bizə dəstək verir, elan edirdi ki, Azərbaycan ərazi bütövlüyünü təmin edir, köçkünləri öz torpaqlarına qaytarmağa çalışır, bunun üçün tədbirlər həyata keçirir. Amma ermənilərin yaşadığı və bizim olan ərazilərdə belə təxribatlar həyata keçirilsəydi, bu, bizə qarşı addım olacaqdı. İndi sülhməramlılar bu kimi hallara cavabdehdir.

İkincisi, kontaktlara nəzərə salaq. Bəyannamənin bəndlərində bəzi məqsədlər göstərilib. Ermənistan hərbi hissələri təkcə Kəlbəcər, Laçın və Ağdamı tərk etməməlidir. Ümumiyyətlə, Ermənistanın ordusu Azərbaycan ərazilərini tərk etməlidir. Baxın, sülhməramlılar Laçın dəhlizində avtomobilləri yoxlamadan buraxmırlar. Daha çox silah və partlayıcı maddə axtarılır. Başqa sözlə, Azərbaycan ərazisinə silah gətirilməsi qadağandır. Söhbət ondan gedir ki, Ermənistanın hərbi işğal faktı sülhməramlı əməliyyatın və sonra onlara qoşulacaq türk hərbi müşahidəçilərin fəaliyyəti nəticəsində əsas faktor kimi aradan götürülür. Biz bunu görməliyik. Və bu posesi həyata keçirmək üçün de-fakto orada olan və fəaliyyət göstərən, bizim “işğalçı administrasiya” adlandırdığımız qurumla sülhməramlıların kontaktları normaldır. Bu proseslərin icrasını həyata keçirmək üçün onlar görüşməlidir. Bu, separatçıların tanınması məsələsi də deyil. Beləcə, sülhməramlılar bizə imkan verir ki, siyasətimizi davam etdirək və hərbi faktoru - yəni yerli erməni əhalisini nəzərə alsaq - silahlı müxalifət faktorunu tam aradan qaldırmaq imkanı qazanaq. Onların siyasi mövqeləri bizdən fərqli ola bilər, amma bu siyasi müxalifət olmalıdır, silahlı müxalifət yox. Biz beynəlxalq instrument vasitəsilə -sülhməramlı əməliyyatla bu məsələni də həll etməyə nail olacağıq. Bundan sonra gələn məqsədlər zamanla, ardıcıl şəkildə həll ediləcək. Amma gəlin bu yolu gedək...

Kommunikasiyaların bərpası dedikdə bizdə hamı Laçın dəhlizindən bəhs edir. Amma yada salaq ki, orada xüsusi rejim formalaşır. Bu da o deməkdir ki, silahlı şəxslər bu ərazilərə daxil ola bilməz.

Bu gün Kəlbəcər Azərbaycana verilib. Orada infrastruktur bərpa olunmalı, insanlar öz yerlərinə qayıtmalıdır. Bunun üçün biz hansı yoldan istifadə edəcəyik? Başa düşürük ki, şimal yolundan - Ağdərədə ermənilərin bərpa etdiyi yoldan istifadə olunacaq. Dağlıq ərazilərdən keçən bu yolun qış fəslində istifadəsi çətin olacaq. Sülhməramlılar bunu təmin etməyə məcburdur. Çünki təhlükəsizliyə cavabdeh onlardır.

Bunun davamı olaraq deyim ki, Şuşada hansısa işlər görülür. Amma, eyni zamanda ora yeni yolun çəkilişinə başlayıblar. Deməli, istər-istəməz biz Laçın dəhlizindən istifadə etməliyik. Oranın da təhlükəsizliyini sülhməramlılar təşkil edir. Yəni praktik məsələlər var ki, bu mərhələdə onları təmin etmək üçün belə kontaktlar olmalıdır. Bilirsinizmi, bir var praktik yanaşma, bir də var deklarativ yanaşma. İndi praktik yanaşma bunu tələb edir.

- Rusiya müdafiə, xarici işlər və fövqəladə hallar nazirlərinin əvvəl Yerevana, sonra Bakıya səfərlərini necə qiymətləndirirsiniz?

- Fikrimcə, Ermənistanda hakimiyyətə iddialı dairələrdə fikir formalaşmışdı ki, əgər Paşinyana qarşı olan müxalifət hakimiyyətə gəlsə, 10 noyabrda imzalanan üçtərəfli sazişin icrasını dayandıra bilərlər. Əsas söhbət işğal altında qalan Laçın, Kəlbəcər və Ağdamdan gedirdi. Guya müxalifət hakimiyyətə gəlsə Paşinyanın götürdüyü öhdəliklərdən boyun qaçıra bilər. Məncə, onlara deyilib ki, belə mümkün deyil. Məsələn, Ermənistanda bir siyasətçini həbs ediblər. O, əvvəl elan edirdi ki, biz hakimiyyətə gəlsək bu bəyannamənin bəndlərinin icrasını dayandıracağıq. Amma rusiyalı nazirlərin Yerevana səfərindən sonra həmin şəxs çıxıb dedi ki, razılaşmanın şərtlərini dayandırmaq mümkün deyil. Bir sözlə, Ermənistanda bəzi qüvvələr çalışırdı ki, bu razılaşmanın bəlli şərtlərinə əməl etməsin. Putin də açıq bəyan etdi ki, əgər razılaşmanı pozsalar, bu, Ermənistanın faciəsi olar. Hesab edirəm ki, rusiyalı nazirlər bu təhlükələrlə bağlı Ermənistana ciddi xəbərdarlıq edib.

Digər tərəfdən, Qarabağdakı erməni əhalisinə təhlükəsizlik təminatı verilir. Mən hesab edirəm ki, bunun icrasında Azərbaycan da qismən maraqlıdır. Rusiya indiki mərhələdə üzərinə götürüb ki, orada olan humanitar problemləri həll etsin. İşıq, su, qaz, istilik və s. problemləri. Məncə, bunu həyata keçirməyi Ermənistandan yox, bəlkə də Azərbaycandan istəyiblər. Hesab edirəm ki, biz, buna icazə verməliyik. Çünki bura Azərbaycan dövlətinin ərazisidir, orada baş verən iqtisadi, humanitar əməliyyatlar bizim ərazimizdən getməli, yəni nəzarətimiz altında olmalıdır. Ola bilsin ki, rusiyalı nazirlər Bakıda bu barədə də danışıqlar aparıblar. Hər halda mən bunu istisna etmirəm. Eyni zamanda bilirəm ki, belə fikirlər çox adamların xoşuna gəlməyəcək. O mənada ki, niyə biz onlara kömək edirik, onlar evlərini özləri düzəltsinlər və s. Biz faktiki olaraq elan etmişik ki, əgər Qarabağdakı ermənilər bizim vətəndaşımız olmaq istəyirlərsə, vətəndaşlığı qəbul etsinlər. Bu, bizim rəsmi siyasətimizdir. Bundan fərqli siyasəti dünyada heç kəs qəbul etməz. Biz bunu başa düşməli, həm də qəbul etməliyik. İstər-istəməz bunu Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu sübut edən element kimi göstərməli, bəlkə də təbliğ etməliyik.

- Sizə elə gəlmirmi ki, Rusiyanın Cənubi Qafqazda belə qabarıq fəaliyyəti ilə paralel olaraq sanki Türkiyə zəifləmə istiqamətində gedir?

- Mən belə düşünmürəm. Bəyanatda nəzərdə tutulan addımları götürsək görəcəyik ki, onların əksəriyyətini erməni tərəfi icra etməlidir. Təbii ki, bu halda Rusiyanın rolu daha çox olmalıdır. Çünki ermənilər daha çox ruslara etibar edirlər. Faktiki reallıq belədir.

Amma düşüncəmə görə, digər bir mərhələdə türklər də daha aktiv ola bilərlər. Zənnimcə, türk hərbçilərinin prosesə qoşulması o vaxta təsadüf edəcək ki, ermənilər dekabrın 1-nə qədər bəzi rayonlarımızı azad edəcəklər. Bu, mərhələli şəkildə həyata keçirilən əməliyyatdır. Hansısa mərhələdə ruslar daha çox aktiv görünəcək, hansısa mərhələdə türklər. Bunu da normal qəbul etmək lazımdır. Türklərin fəaliyyəti dünənə qədər necə vardısa, indidə elədir.

Türkiyənin dəstəyini hər zaman hiss etmişik. Digər mərhələdə bəlkə biz təkcə türk hərbçilərini deyil, türk biznesini, mütəxəssislərini ərazilərimizin bərpası prosesində görəcəyik. Məncə, biz məsələyə konfrantasiya formasında deyil, bu istiqamətdə baxmalıyıq.

Yazırlar ki, ruslar burada baza formalaşdırır və s. Əvvəla, bu baza deyil. Bazaya ehtiyac da yoxdur. Rusiyanın müdafiə konsepsiyasına baxaq görək Xankəndində 2 min hərbçinin olması ilə nəsə dəyişər... Məncə, bu stereotip yanaşmadır. Və ya Türkiyənin nüfuzu Azərbaycanda hərbçilərin sayından asılıdır? Məncə, bu, daha çox subyektiv yanaşmalardan irəli gəlir.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.