Partiya sədrindən virusla bağlı şok açıqlama: “Azərbaycanda minlərlə adam ölüb“

5-12-2020, 12:40           
Partiya sədrindən virusla bağlı şok açıqlama:
“Rəsmi rəqəmlərə görə Azərbaycanda koronovirusdan indiyədək 1551 nəfər ölüb. Amma əsl rəqəmin bundan bir neçə dəfə çox olduğunu düşünməyə ciddi əsas var”.

Teref.az xəbər verir ki, bunu REAL Partiyasının sədri İlqar Məmmədov deyib. O qeyd edib ki, hər il Azərbaycanda ən müxtəlif səbəbdən təxminən 55-57 min adam həyatını itirir:

“Bu rəqəm aylar üzrə dəyişəndir. Amma eyni ay üzrə rəqəmlər çox da fərqlənmir. Onların yuxarı və aşağı hədləri var.

Qrafikə baxaq. 2015-2019-cu ilin aylıq ölüm rəqəmləri mavi “kəmər” içində dəyişir. 2020-ci ilin yanvar və fevral aylarında say həmin “norma” daxilində idi. Lakin mart ayından etibarən rəqəmlər fərqlənməyə başladı. Düzdür, aprel, may, avqust və sentyabr aylarındakı göstəricilər kəmərdən çox da kənarda durmayıb. Onlara “normanın inkişafı” kimi baxıb hesaba almamaq olar.

Amma mart, iyun və iyul aylarında normadan çox artıq - müvafiq olaraq 889, 1903 və 890 insan öldü. Səbəb? Həmin dövrdə ölkədə COVID-19-dan başqa bu qədər əlavə ölüm sayı yaradacaq heç bir fövqəladə hadisə baş verməyib. O əlavə ölümləri toplasaq, 3682 nəfər edir.

Əlbəttə, bu artıqlamanın hamısı COVID-19 səbəbilə yaranmayıb. Cüzi da olsa, əhalinin çoxalması, qocalması, keçmişdə yaranan hansısa demoqrafik dalğa buna təsir edə bilir. Amma bu cür təsirlər statistikada ləng tərpəndiyi üçün bu sayda əlavə ölüm qətiyyən yarada bilməz.

Deməli, 3682-nin böyük əksəriyyəti məhz koronavirusdan ölənlərin sayıdır. Bu, 3 min də ola bilər, 3 500 də. Amma hər halda TƏBİB-in dediyi 1 551 nəfər deyil”.

İlqar Məmmədov bildirib ki, həmin əlavə say koronavirusdan ölənlərin heç də hamısı deyil:

“Yəni normal saya aid ölümlərin də bir hissəsi COVID-19-dan irəli gəlir. Üstəgəl, normal saya aid olanların bir qismini virusa yoluxmuş, amma qarışıq səbəbdən ölənlər təşkil edir. Beləliklə, deyə bilərik ki, bu il virusa yoluxan minlərlə adam həyatını itirib. TƏBİB-in dediyi 1551 nəfər isə sadəcə testdən keçərək yoluxması təsdiqlənən və əsasən, COVID-19 səbəbilə həyatını itirən adamlardır.

İndi başlıca sual ondan ibarətdir ki, marta qədər davam edən 1 illik dövrdə sözügedən normadan artıq ölümlərin neçəsi statistikada əriyib ümumi nəticəni illik normaya yaxınlaşdıracaq? Məhz onda koronavirusun həqiqətənmi bu qədər həyəcana və sərt tədbirlərə layiq olub-olmadığını lap dəqiqliyi ilə göstərmək mümkün olacaq. Hökumət naməlum adamların naməlum metodları əsasında xalqa gah o, gah bu mübarizə üsulunu təqdim etmək təcrübəsinə son qoymalıdır. Heç olmasa, koronovirus məsələsində bütün qərarlar tam şəffaf rəqəmlər və metodlar əsasında verilməlidir”. (Yenisabah.az)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.