Koçaryanın “Azərbaycanla diplomatik münasibət quraq” çağırışına cavab – Öncə bu iki şərti yerinə yetirin
9-12-2020, 17:04

"Diplomatik münasibətlərin qurulması üçün Ermənistan iki şərti yerinə yetirməlidir”
Bu sözləri Sfera.az-a açıqlamasında Ermənistan parlamentinin hakim partiyadan olan komissiya sədri Andranik Koçaryanın ölkəsini Azərbaycanla diplomatik münasibətlər qurmağa çağırmasına münasibət bildirərkən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib:
"Azərbaycanla Ermənistan arasında kommunikasiya xətləri, sərhədlər açıla, ticari əlaqələrə start verilə, diplomatik münasibətlər qurula bilər. Amma bunun baş verməsi üçün iki şərt var: Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı, ölkəmizə və Türkiyəyə qarşı ərazi iddialarından, Dağlıq Qarabağın "müstəqilliyinə” çalışmalarından əl çəkməlidir. Yəni, İrəvan ənənəvi siyasətindən vaz keçməli, düşmənçiliyə son qoymalıdır. Bu iki şərtin yerinə yetirilməsi halında həmin istiqamətdə çalışmalar başlaya, diplomatik münasibətlər qurula bilər”.
Politoloq hesab edir ki, Koçaryan sözügedən açıqlamasını Paşinyanla razılaşdırdıqdan sonra səsləndirib:
"Son günlər Ermənistanda bu sayaq çağırışlar artır. Bunu vaxtilə Levon Ter-Petrosyan da deyib. Amerikalı professor, keçmiş müşavir Jerar Libaridyan da deyib. Həmçinin, Ermənistanın yeni iqtisadiyyat naziri də Azərbaycan və Türkiyə bazarlarının İrəvan üçün faydalı olacağını vurğulayıb.
Ermənistan parlamentinin kommisiya sədri də anoloji fikirlər səsləndiribsə, deməli qapalı görüşlərdə həmin məsələ ciddi müzakirə olunub. Deməli, bu məsələni baş nazir Paşinyanla da müzakirə ediblər. Görünür, başa düşürlər ki, ənənəvi siyasət Ermənistanı uçuruma aparacaq”.