ELÇİBƏYİN KÖMƏKÇİSİ RUSİYADAN NARAHATDIR: "Bunlar aydınlaşmadıqca, cəmiyyətdə Rusiyadan narazılıq artacaq"
15-12-2020, 02:28

Oqtay QASIMOV
13 dekabrda Rusiya Müdafiə Nazirliyi Qarabağda “sülhməramlılar”ın yerləşməsini göstərən xəritə yayıb.
Xəritədən görünür ki, son günlər Azərbaycan ordusuna qarşı təxribat törədən erməni terrorçuları Çaylaqqala və Köhnə Tağlar kəndlərindən təmizlənəndən sonra bölgəyə gələn rus hərbçiləri burada mövqe tutaraq, nəzarət zonasını genişləndiriblər.
Belə çıxır ki, bundan sonra hansısa ərazilərdə baş verə biləcək erməni terrorunun qarşısı alınanda, ruslar həmin yerləri nəzarətə almalıdırlar?
Noyabrın 10-dan bəri, Qarabağda Rusiya “sülhməramlılar”ının himayasində cəzasız qalacaqlarına arxayın olub, rahatlaşan ermənilər həyata keçirmək istədikləri planlarını onlarla koordinasiyalı etməyə çalışırlar. Məhz bu arxayınlığa görə, terrorçu Arayik Arutunyan Moskva səfərindən qayıdandan sonra “Etimad hökuməti” formalaşdırır, birinci Qarabağ Savaşının əsas hərbi cinayətkarlarından biri olan Balasanyanı hərbi vəzifəyə təyin etməklə “Ordunun yenidən qurulması”ndan dəm vurur, soyqırım törətdikləri Xocalı və Qaradağlıda aparılacaq tikinti işlərindən, məskunlaşdırmadan danışır…
10 noyabr anlaşmasıyla Rusiya ordusunun “sülhməramlı missiya” ilə Qarabağa yerləşməsi Azərbaycan cəmiyyətində ciddi narahatlıq yaratmışdı. Narahatlığın səbəbi iki yüz ildir cənubi Qafqaza yerləşən Rusiyanın Azərbaycana xoş olmayan münasibəti, son 30 ildə 20 yanvar və Xocalı faciələrində iştirakı, Qarabağda erməni problemini yaradıb idarə etməyə çalışması olub. Birinci Qarabağ savaşında Rusiya ordusunın Ermənistan tərəfindən hərbi əməliyyatlarda iştirakı və son hərbi əməliyyatlara qədər havayı silah-sursatla təminatı hələ unudulmayıb…
Bu bir ayda Qarabağda baş verənlər iə narahatlığın əbəs olmadığını ortaya çıxardı.
Rusiya “sülhməramlılar”ının bölgəyə gəlişindən sonra missiyasından kənar fəaliyyətlərinə diqqət yetirmək lazımdır. Anlaşmaya görə, münaqişə zonasında 1960 hərbçi, 90 ədəd zirehli maşın, 380 ədəd avtomobil və xüsusi texnika ilə təhciz edilmiş Rusiya “sülhməramlısı” olmalıdır. Amma ilk günlərdən verilən açqlamalar, “sülhməramlıların” arsenalına anlaşmada nəzərdə tutulmayan tanklar, PUA-lar, Mİ-8 və Mİ-24 helikopterləri, aviasiya kimi hərbi texnikanın cəlb edilməsi Rusiyanın heç də xoş məramından xəbər vermirdi.
Rusiyanın Qarabağda Humanitar Reaksiya Mərkəzi, səhra xəstəxanası yaratması, FHN-nin dəstələrini infrastrukturun bərpası və təmir işləri adı ilə bölgəyə gətirməsi, xunta rejiminin terrorçu başçısı ilə mütəmadi təmaslar, Xocalı hava limanının yenidən işə salınması istiqamətində fəaliyyətlər, erməni qaçqınların anlaşmaya zidd olaraq BMT-nin Qaçqınlarla iş üzrə Ali Komissarlığı və Azərbaycanla əlaqələndirmədən sürətlə geri qaytarılması kimi özbaşına fəaliyyətlər Azərbaycanın suveren hüquqlarına hörmətsizlikdən daha ciddi məna daşıyır.
Qeyd edilənlərin sülhməramlı missiyanın “münaqişə tərəflərini ayırmaq, insidentlərin qarşısını almaqla təhlükəsizlik məsələlərini tənzimləmək, qanunsuz hərbi birləşmələrin tərksilah edilməsini həyata keçirmək” kimi fəaliyyətlə heç bir əlaqəsi yoxdur.
Bu fəaliyyətlər işğalçı tərəfin davranışı kimi dəyərləndirilməlidir. Bir ay ərzində 39 min erməninin Qarabağa geri gətirildiyini elan edən Rusiyadan bölgədəki 25 minlik işğalçı Ermənistan ordusunun 39 hərbçisinin çıxarıldığı haqda məlumat eşitmədik.
Geri gətirilənlərin kimliyi, onların arasında hərbi cinayətkarların olub-olmaması haqqında məlumatlar Azərbaycanla paylaşılırmı? Rusiyadan bir ay ərzində yalnız İrəvan üzərindən 250 təyyarə reysi ilə Qarabağa yüklər gətirilib. Sual olunur: bunlar nə yükləridir? Bəlkə, Rusiya Suriyadakı “Himeymim” bazasının analoqunu burada qurmaq istəyir? Xocalı hava limanının işə salınması üçün gecə-gündüz fasiləsiz çalışmaların məqsədi nədir? Maraqlıdır, Rusiya Qarabağdakı missiyasından kənar fəaliyyətlərlə bağlı Bakı ilə müzakirə aparırmı?
Rusiyanın Qarabağdakı bugünkü “sülhməramlı missiyası” ilə 1988-ci ildəki bədnam “Volski komitəsi”nin fəaliyyətlərindəki bənzərlik haqlı narahatlıq yaradır. Xocavəndin Çaylaqqala və Köhnə Tağlar kəndlərindən terrorçuların təmizlənməsi məsələsinin Moskvada Rusiya və Ermənistan Müdafiə nazirlərinin görüşündə müzakirəsi suallar yaradır: Azərbaycan ərazilərinin məsələsi niyə Ermənistanla müzakirə edilməlidir?
Rusiya ilə bütün məsələlər müzakirə edilərək, onlara aydınlıq gətirilməlidir. Bilinməlidir ki, Rusiya Qarabağda nə etmək istəyir: problemin həll edilərək bölgədə sülh, əməkdaşlıq mühitinin yaranmasınımı, yoxsa ənənəvi siyasətini davam etdirib işğalçıları və separatçıları qorumaqmı?
Bunlar aydınlaşmadıqca, cəmiyyətdə Rusiyadan narazılıq artmaqda davam edəcək.
Bunun Rusiyanın zərərinəmi, xeyrinəmi olacağını özü müəyyən etməlidir. Faktiki, hazırkı durumda “sülhməramlıların” fəaliyyəti Türkiyə prezidenti Ərdoğanın səsləndirdiyi və Putinin də dəstəklədiyi əməkdaşlıq formatının əleyhinə yönəlib.
Azərbaycanda Rusiyaya inamın tam itməməsi üçün 10 noyabr anlaşmasına uyğun olaraq “sülhməramlılar” Azərbaycan qanunvericiliyinə uyğun fəaliyyət göstərməli, hələ də bölgədə qalan işğalçı Ermənistan ordusunun ən qısa zamanda oradan çıxarılmasını, “Artsax” müdafiə ordusu adlanan terror təşkilatının tərksilah olunmasını təmin etməlidir.
Qarabağda gərginliyin azaldılması və atəşkəsin davamlı olması üşün Türkiyə hərbçilərinin Atəşkəsə Nəzarət və Müşahidə missiyasına başlamaları qısa müddətdə həllini tapmalı, onlar Müdafiə naziri Hülusi Akarın da bildirdiyi kimi, həm də təmas xətti boyunca patrul xidməti həyata keçirməlidir.
strateq.az