“Araikin kiminləsə qucaqlaşması kimi informasiyalara izahat verilməli, ancaq bu, şişirdilməməlidir”
26-12-2020, 00:51

Torpaqlarımızın işğal altında qaldığı son 3 onillik boyu, eləcə də 44 günlük Vətən savaşı nəticəsində ərazilərimizin xeyli hissəsinin azad olunmasından sonra bəzi siyasətçi, politoloq, o cümlədən adi vətəndaşlar hansısa məqsədlə və ya səmimi olaraq belə düşünməkdədirlər ki, Qarabağda qalan ermənilərin, o cümlədən hazırda Rusiya sülhməramlılarının davranışları, tədbirləri və s. barədə informasiyaların verilməsi guya cəmiyyətdə müəyyən qıcıq və ruh düşkünlüyü yaradır. Bu rəylərdən belə çıxır ki, Azərbaycan mediası ermənilərin 1990-cı illərdən bəri torpaqlarımızda apardığı qanunsuz məskunlaşdırma, tikinti və abadlıq işləri, Zəngilan, Kəlbəcər və Ağdərədəki qızıl, mis və s. yataqlarını talan etmələri, Xankəndində müxtəlif qanunsuz “beynəlxalq” tədbirlər keçirməsi, Paşinyanın Şuşada yallı getməsini, separatçı-terrorçu Araikin "andiçməsi"ni və s. işıqlandırmalı deyildi...
Doğrudur, ermənilər öz mediaları vasitəsilə yaydıqları dezinformasiyalarla Azərbaycanda panika, təşviş, çaşqınlıq və eyni zamanda dövlətə qarşı etiraz hissləri formalaşdırmağa çalışırlar. Amma bu o demək deyil ki, Ermənistan və ya Xankəndindəki saytların yaydığı gerçək və ya yalan məlumatları Azərbaycan cəmiyyəti təhlil edib araşdırmamalı və Qarabağdakı proseslər başlı-başına buraxılmalıdır... 1980-ci illərdən 1992-ci ilədək Qarabağda baş verənləri xatırlayaq...
Qaniçən Zori Balayan 1981-ci ildə Azərbaycan və Türkiyə əleyhinə “Ocaq” kitabını yazır, amma Azərbaycan cəmiyyəti geniş şəkildə bu barədə yalnız 1988-ci ildə - artıq Qarabağ və Ermənistanda separatçı hərəkat başlayanda xəbər tutur. 1989-1990-cı illərdə Qorbaçovun əmri ilə A.Volskinin Qarabağda qurduğu xüsusi idarənin ermənilərin xeyrinə işlər görməsi haqda bizlər xeyli sonra öyrənirik. 1989-1991-ci illərdə sülhməramlı funksiyası daşıyan sovet hərbçilərinin gözü qarşısında Ermənistan Laçın yolu ilə həm avtomobil, həm də vertolyot və təyyarələr vasitəsilə yaraqlılar və silah-sursat daşıyır – Azərbaycan cəmiyyəti bundan xəbərsiz qalır... Və s. və i.a. Yuxarılardan isə xalqa yalnız bir söz deyirlər, emosiyalara qapılmayın, səbirli olun... Bir sözlə, həmin dövrdə Azərbaycan bir xalq, hökumət olaraq həm daxildən, həm də xaricdən informasiya blokadasına alınır ki, bu da sonda torpaqlarımızın işğalıyla nəticələnir. Bu təcrübədən çıxış edərək demək olarmı ki, Azərbaycan jurnalistləri bu gün Rusiya sülhməramlılarının Xankəndindəki separatçı rejimə dəstək verməsi, Şuşanın, Laçının, Tərtərin kəndlərində erməni silahlı qüvvələrinin qalması və s. haqda faktları işıqlandırmalı deyil?..
Sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov mövzu ilə bağlı sualları belə cavablandırıb.
“Təbii ki, bizim jurnalistlər Qarabağda Azərbaycan ordusunun qələbəsindən sonra baş verən hadisə və prosesləri işıqlandırmalıdır. Ancaq ilk növbədə nəzərə alınmalıdır ki, biz qalib olsaq da, minlərlə şəhidimizin, yaralılarımızın olduğu bu savaşdan sonra ölkədə insanların emosional durumu bir az gərgindir. Bir çox ailələr üçün psixoloji baxımdan çox ağır bir dövrdür. Odur ki, Azərbaycanda baş verən olay və proseslər, xüsusən Qarabağla bağlı hər bir informasiya verilərkən mümkün qədər dəqiqləşdirmə aparılmalı və lazımi izah, şərh verilməlidir. Çalışmaq lazımdır ki, cəmiyyətdə lazım olmayan narahatçılıqlar yaranmasın... Əsas da o motiv vurğulanmalıdır ki, bir günə, bir aya 30 ildən çox müddətdə toplanmış problemlərin hamısını həll etmək mümkün deyil. Yəni cəmiyyətə proseslərin hansı istiqamətdə getməsi, tədricən, addımbaaddım hansı işlərin görülməsi izah olunmalıdır....
Son vaxtlar belə bir stereotip formalaşıb ki, guya yuxarıda hansısa qurumun qərarıyla sülhməramlılar Qarabağa gəliblər və öz istədiklərini, bildiklərini edirlər. Biz bu stereotipdən uzaq olmalıyıq. Birincisi, onu anlamalıyıq ki, Azərbaycan dövləti 30 ilə yaxın işğalda qalan hüquqi torpaqlarında öz suverenliyini bərpa edir. Yəni həmin ərazilərin xeyli hissəsi (təxminən 4700 kv.km-lik) hərbi əməliyyatlar sayəsində azad edilib. Dugər bir hissədə məlum üçtərəfli razılaşma əsasında Azərbaycan tərəfi qəbul edib ki, o ərazilərdə Azərbaycanın suverenliyi mərhələ-mərhələ bərpa olunsun. Bu prosesdə bizə yardımçı olmalı olan Rusiya sülhməramlıları və eyni zamanda həm rus, həm Türkiyə hərbçilərinin daxil olduğu atəşkəsə nəzarət üzrə monitorinq mərkəzidir. Bunları dəvət edən və maliyyələşdirən isə Azərbaycan dövlətidir. Bir sözlə, anlamalıyıq ki, bu məsələlərdə söz sahibi Azərbaycandır, Azərbaycan dövlətidir... Və proseslərin siyasi məntiqi ondan ibarətdir ki, keçmiş Dağlıq Qarabağ ərazisində Azərbaycanın suverenliyi tam şəkildə bərpa olunmalıdır. Yalnız bu mahiyyəti anladıqdan sonra bu və ya digər olay və proseslərə lazımi qiymət verə bilərik...”- deyə sabiq nazir bildirib.
Politoloq dövlətin, cəmiyyətin, eləcə də medianın Qarabağda diqqətdə saxlamalı olduğu əsas məsələlərdən də danışıb:
“Bu kontekstdə dövlətimiz də, cəmiyyətimiz də, media da diqqəti bir neçə aktual məsələyə yönəltməlidir. İlk növbədə Ermənistan ordusunun Dağlıq Qarabağ və digər ərazilərimizdəki qalıqları mütləq identifikasiya, yəni müəyyən olunmalı və torpaqlarımızı tərk etməlidirlər. Doğrudur, dövlət sərhədlərimiz, demək olar ki, bərpa edilib. Eləcə də Ermənistan silahlı qüvvələri Kəlbəcər, Laçın və Ağdam rayonlarını tərk ediblər. Yəni proses artıq başlayıb, ancaq onu sonadək yekunlaşdırmaq vacibdir...
İkincisi, torpaqlarımızda hələ də yaşamaqda davam edən ermənilərdən təşkil olunmuş qanunsuz hərbi birləşmələr də müəyyən edilərək tərksilah olunmalıdır...
Nəyə görə bu iki məsələnin vacibliyini vurğulayıram. Çünki Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə qalanlar qanuni və ya qanunsuz olaraq kompakt şəkildə məskunlaşmış ermənilərdir. Onlar arasındakı separatçı meyillər əsasən Ermənistandan gələn siyasi, hərbi və maliyyə dəstəyi nəticəsində formalaşıb. İndi biz bu əlaqənin, dəstəyin qarşısını alsaq, hesab edirəm ki, sonra ikinci mərhələdə Qarabağdakı proseslərin nəzarətə götürülməsinin təmin edilməsi mərhələsi başlaya bilər...”
“Bəs elə şərait yaratmaq olmaz ki, bəhs edilən monitorinq mərkəzinin jurnalistlərlə əməkdaşlığı qurulsun və Qarabağda baş verənlər haqda Ermənistan və digər xarici media vasitələrinin yaydığı informasiyaların dəqiqləşdirilməsi təşkil edilsin” sualını isə T.Zülfüqarov belə cavablandırıb:
“Əlbəttə, bu da mümkün olan və vacib məsələdir. Dövlətimizin də, cəmiyyətin real vəziyyəti qiymətləndirə bilməsi üçün monitorinq mərkəzinin fəaliyyəti çox vacibdir. Burada sülhməramlıların post-patrul xidməti ilə yanaşı, ərazidəki silahlı və ya silahsız şəxslərin kimliyini texniki vasitələrlə də müəyyən etmək lazımdır...
Və biz onu anlamalıyıq ki, Rusiya sülhməramlıları Qarabağda gedən prosesin bir hissəsidir... Onlar orada əsasən patrul xidməti aparırlar. Ancaq bunları idarə edən və bunların fəaliyyətini tənzimləyən monitorinq mərkəzi olmalıdır. Monitorinq, nəzarət isə, demək olar ki, idarəetmədir. Və bu baxımdan proseslərə nəzarət edən və onları bir növ idarə edən bizim dəvətimizlə ərazimizə daxil olan Rusiya və Türkiyə hərbçiləridir... Yəni bunlar özbaşına gəlməyiblər, dövlətimizin icazəsi ilə gəliblər. Eyni zamanda Türkiyə ilə yanaşı, Rusiya rəhbərliyi də dəfələrlə bəyanatlar veriblər ki, Dağlıq Qarabağ adlanan ərazi Azərbaycanın tərkib hissəsidir. Bu mənada biz gələcəyə daha arxayın olmalıyıq... Əlbəttə, problemlər olacaq, amma ümumi proses Azərbaycanın xeyrinə gedir... Odur ki, Araikin kiminləsə qucaqlaşması, rusların Xocalıda ermənilər üçün məktəb təmir etməsi və s. kimi informasiyalara izahat verilməli, ancaq bunlar o qədər də şişirdilməməlidir. Təəssüf ki, bəzi şərhçilər də belə məsələləri qabardıb sensasiya yaratmağa çalışırlar... Bir sözlə, gəlin hər şeyə təmkinlə baxaq və emosiyalara, panikaya uymayaq, təşvişə düşməyək...” -deyə keçmiş nazir vurğulayıb.Moderator