“Məgər cərimə verəndə koronavirus adamdan uzaq gəzir?”

29-03-2021, 23:39           
“Məgər cərimə verəndə koronavirus adamdan uzaq gəzir?”
Könül İsmayılova: “Təcrübə göstərdi ki, cərimələr insanları karantini pozmaqdan çəkindirmir”
Bayram günlərində ictimai nəqliyyat işləməsə də bu müddət ərzində koronavirusa yoluxanlar arasında artım qeydə alınıb. Artımla bağlı statistik göstəricilər əhali arasında istər-istəməz sərt karantin rejiminin yenidən tətbiq ediləcəyi narahatlığını yaradır. Bu narahatlıq ictimaiyyətdə müzakirə mövzusuna çevrilib və əksəriyyət qapanmalara qarşıdır.

Məsələylə bağlı Versus.Az-a açıqlama verən Müasir Müsavat Partiyasının sədr müavini, psixoloq Könül İsmayılova vətəndaşların narazılığının başadüşülən olduğunu bildirib.

COVİD-19 pandemiyasının itkilərlə yanaşı insanların güzəranına da zərər vurduğunu deyən MMP yetkilisinin fikrincə, bu bir ildə insan ölümü yalnız virusa yoluxmalar arasında olmadı:

“Bir çox insanlar virusa yoluxmasalar da, yoluxma qorxusundan psoxoloji gərginliyə düşdü, əsəb, ürək çatışmazlığı halları ilə üz-üzə qaldı ki, bu da ölümlə nəticələndi. Eyni zamanda, qapanmalar sosial durumu ağırlaşdırdı, intiharların sayını çoxaltdı, təhsildə donuqluq yaratdı, bir sözlə, koronavirus dünyanı iflic etdi. Ən pisi budur ki, bu proses hələ də davam etməkdədir”.

K.İsmayılova bildirdi ki, əslində karantin qaydalarında yumşalmalar olmalıdır ki, insanlar normal həyatlarını davam etdirsinlər. Onun sözlərinə görə, gizli toy və yas mərasimləri və o məclislərin polis tərəfindən dağıdılması, iştirakçıların cərimələnməsi də psixoloji olaraq insanları aqresivləşdirir:

“Əminliklə deyə bilərəm ki, insanları daha çox narahat edən, əsəblərini tarıma çəkən məsələ məhz qapanmadır. Bu gün də qapanmadan söhbət gedir və insanlar haqlı olaraq sosial şəbəkələr vasitəsi ilə etirazlarını bildirirlər. TƏBİB, Operativ Qərərgah müəyyən yumşalmalara getməlidir. Rəsmi olaraq qərar verilməlidir ki, məsələn, toylara müəyyən sayda insanın iştirakı və məsafə gözlənmək şərti ilə icazə verilsin. Yas mərasimlərinə də müəyyən qaydalar tətbiq edilməklə icazə verilməlidir. Onsuz da bu insanlar cərimə ödəmək bahasına da olsa, mərasimlərini keçirəcəklər, niyə boş yerə əsəbləşməlidir? Məgər cərimə verəndə koronavirus adamdan uzaq gəzir? Axı təcrübə də göstərdi ki, cərimələr insanları karantini pozmaqdan çəkindirmir”.

Könül xanım vurğuladı ki, bu bir il ərzində insanlar artıq maskaya, məsafə saxlamağa vərdiş edib:

“Bu, müsbət haldır. Demək ki, artıq insanlar özlərini qoruyurlar. Buna görə də qapanma qərarı verilməməlidir. Bu qapanmalar həm də iqtisadiyyatımıza bir zərbədir. Çalışaq ki, qapanma çıxış yolumuz sayılmasın”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.