“Seçkiqabağı bir-birlərinin dalınca Moskvaya gedərək özlərini Putinə təqdim edirlər ki...”

8-04-2021, 13:37           
“Seçkiqabağı bir-birlərinin dalınca Moskvaya gedərək özlərini Putinə təqdim edirlər ki...”
"Seçkiqabağı bir-birlərinin dalınca Moskvaya gedərək özlərini Putinə təqdim edirlər ki, bax, gör sənə kim daha çox sadiq olacaq, kimə etibar edə, kimi dəstəkləyə bilərsən. Hesab edirəm ki, Moskva bu mənada Köçəryanı dəstəkləyər. Çünki o, hələ sovetlər dönəmindən dövlət təhlükəsizlik orqanlarının agenti və Moskvaya sadiq siyasətçi kimi məşhurdur".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.


Deputat Elman Məmmədov

Deputatın sözlərinə görə, Robert Köçəryanın və Nikol Paşinyanın Moskvaya səfər etmələri bir daha onu deməyə əsas verir ki, Sovet dönəmində olduğu kimi yenə də “Ermənistan” adlandırılan bu dövlət müstəqil deyil, bu dövlətin ümumiyətlə müstəqil siyasəti yoxdur: "Robert Köçəryan kimi caninin, hərbi qatilin müharibə dövründə, müharibədən sonra yenidən ortalığa düşməsi, siyasətə qayıtmasını bəyən etməsi, seçkilərə qoşulması, bu bir neçə ay ərzində Moskvaya səfər etməsi, Rusiya rəhbərliyindən bir sıra adamlar, həmçinin birinci şəxslə görüşməsi, eyni zamanda onun ardınca seçkiqabağı Nikol Paşinyanın Putinlə görüşü sübut edir ki, Ermənistan həmişə olduğu kimi bu gün də xarici qüvvələr tərəfindən idarə olunur. Bu qüvvələr isə bir deyil, bir neçədir. Misal üçün, Şimal qonşumuz Rusiyanın mövqeyi bu məsələdə məlumdur. Rusiya hər zaman Ermənistanı idarə edən bir nömrəli dövlət olub və indi də olmağa davam edir".

E.Məmmədov ehtimal edir ki, Putinlə danışıqlar zamanı onların arasında mətbuata getməyən söhbətlər də olub. O bildirib ki, bütün bunlar gedişat zamanı məlum olacaq və seçkilərin nəticəsi də bir sıra qaranlıq məqamlara aydınlıq gətirəcək: "Təbii ki, Putinin danışıqlarının mərkəzində həm də bir məsələ durur: Qarabağ ilə bağlı problem birdəfəlik həllini tapmalıdır. Hesab edirəm ki, məsələ Rusiyaya qalarsa, Paşinyanın şansı nisbətən azdır, o yenə də sərsəm bəyanatlar verməyə davam edir. Robert Köçəryanın siyasi karyerasının inkişafında isə Moskva həmişə rol oynayıb. Onu vaxtında müxtəlif vəzilərdə oturdub, o cümlədən Ermənistanın prezidenti edib. Nikol Paşinyan isə bugün həm Rusiya, həm də Ermənistan cəmiyyəti qarşısında etibarını itirmiş adamdır".

E.Məmmədov Ermənistanda "Qarabağ klanı"na yenə üstünlük veriləcəyini hesab etmir. Onun sözlərinə görə, "Qarabağ klanı" hakimiyyətdə olduğu dövrdə Ermənistan bir çox şeydən məhrum olub: "Heç bir uğura imza ata bilmədi və sonda da 44 günlük müharibədə məğlub oldu. Bu, onların siyasi fəaliyyətinə verilən qiymətdir. Ermənistan cəmiyyəti və xaricdə yaşayan ermənilər, məncə, Köçəryanın yenidən siyasi arenaya lider kimi gəlməsini istəmirlər. Təbii ki, Rusiya ya Köçəryanı, ya da onun ətrafından kimisə hakimiyyətə gətirməyə çalışacaq. Lakin erməni xalqının mövqeyi ortada olsa, nəticə başqa cür ola bilər".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.