Rusiya xofundan birdəfəlik qurtulmalıyıq - Partiya sədri
15-04-2021, 08:57

Torpaqlarımızın tam azadlığına qovuşması, mövcud problemlərin həlli istiqamətində görülən işlər eyni zamanda vəziyyətin nə qədər gərgin olduğunu meydana çıxarır. Belə bir şəraitdə siyasi partiyaların rolu və mövcud durumda proseslərdə iştirakı birmənalı qarşılanmır.
Bu və ya digər məsələlərlə bağlı “Həftə İçi”nə müsahibə verən Azadlıq Partiyasının sədri Əhməd Oruc bəzi məsələlərə diqqət çəkib.
- Əhməd bəy, 44 günlük Vətən Müharibəsindən sonra hazırkı ictimai-siyasi durumu necə dəyərləndirirsiniz, iqtidar-müxalifət partiyalarında hansı yeni münasibətlər formalaşır?
- 44 günlük hərbi əməliyyatlardan sonrakı dönəmi əsasən müharibədə əldə olunan nəticələr şərtləndirir. Azadlıq Partiyası olaraq hələ də hakimiyyətə dəstəyimizi birmənalı sürdürürük. Hesab edirik ki, Qarabağda azərbaycanlılar məskunlaşana qədər, Qarabağın Rusiyanın nəzarətində olan hissəsində Azərbaycan hakimiyyəti tam bərqərar olanadək, Azərbaycanla Naxçıvan arasındakı dəhliz tam fəaliyyət göstərənə qədər bu proses bitməyəcək. Yəni birliyə ehtiyac var və bizim hakimiyyəti dəstəkləməyimiz şərtdir. Hesab edirəm ki, Azərbaycanın uğurlu şərti milli birliyi qoruyub saxlamaqdır. Azərbaycanın əldə etdiyi nəticələrə ən böyük təhdid də milli birliyin pozulması ola bilər. Ona görə də, qənaətimizcə, hakimiyyətin Qarabağla bağlı yürütdüyü siyasəti dəstəkləmk lazımdır. Ölkədə hər hansı bir çalxalanma, qarşıdurma, iğtişaş havası olmamalıdır.
Bu prosesi pozmağa yönəlik çoxlu cəhd var. Bilirsiniz ki, beynəlxalq güclər arasında Dağlıq Qarabağ probleminin indiki vəziyyəti ilə bağlı Amerika, Fransa kimi narazı qüvvələr mövcuddur. Onlar hesab edir ki, Türkiyənin prosesə müdaxiləsi və onların prosesdən kənarlaşdırılması qətiyyən doğru deyil. Rusiya da ikibaşlı oyun oynayır. Bir tərəfdən, Türkiyə ilə münasibətləri genişləndirir, bir tərəfdən isə digər vasitəçilərlə oyunu davam elətdirir. Belə vəziyyətdə böyük güclər Azərbaycanın daxilinə nüfuz etmək üçün Dağlıq Qarabağ problemi ətrafında ölkəmizdəki fikir ayrılıqlarından bəhrələnməyə çalışırlar.
- Sizcə, xarici təsirlər narazı kəsimi aktivləşdirmək üçün hansı problemləri əsas götürə bilər?
- Açığı, bizim sosial və digər məsələlərlə bağlı çoxsaylı narazılıqlarımız və narahatlıqlarımız var. Lakin indiki dönəmdə Qarabağla bağlı vəziyyəti başa düşdüyümüzə görə, hakimiyyətə qarşı bir çağırış, kəskin mövqe nümayiş etdirmirik. Digər partiyalara gəlincə, onların sosial məsələlərdə kəskin mövqe göstərməsini başa düşürük. Hesab edirik ki, sosial məsələlər, rüşvət, korrupsiya, ölkədəki sosial-psixoloji durumla bağlı bütün narahatlıqların əsası var. Mənə elə gəlir ki, intiharların başlıca səbəbləri məmurların laqeyd münasibıtidir.
- Rusiya-Türkiyə məsələsində maraqlı məqamlara toxundunuz. Ümumiyyətlə Qafqaza sahiblənmək planı altında hansı siyasətin getdiyi görünür. Rusiya nəyə nail olmağa çalışır?
- Torpaqları işğal edib orda erməni dövlətini yaradan, indi də erməniləri ora köçürən Rusiyadır. Moskva faktiki olaraq 2 əsirdən artıqdır ki, Azərbaycanı özünün əsarətində saxlayıb. Rusiyanın Azərbaycana mövqeyi bəllidir. Onlar bu münaqişə vasitəsi ilə Qafqazada öz mövcudluqlarını qoruyub saxlamağa çalışırlar. Bütün dövrlərdə də buna nail olublar. Yəni Qafqazada parçala hökm sür siyasəti Rusiyanın ən aktiv siyasətidir. İndi də həmin siyasəti aparırlar və heç bir sülhməramlı missiyasını daşımırlar. Azərbaycan ərazilərinin ilhaq altında olması, daim burda gərginlik mənbəyinin, konfliktlərin olmasında maraqlıdırlar. Şükür edirik ki, indi Türkiyə regiondadır. Regionda və dünyada Türkiyənin nüfuzu, yeri, rolu artmaqdadır və bu proses paralel olaraq Azərbaycanın da Rusiyadan qurtulmasına, Qafqazda sülhün yaradılmasına Azərbaycanın ərazisinin işğaldan azad edilməsinə səbəbə olcaq.
- Hərb və diplomatiya ilə sərhədlərimizin bütövlüyü təmin olundu. “Bəs nəyə görə erməni silahlıları ərazidən çıxarılmır, hansı əsasla ermənilər Qarabağa köçürülür, niyə Laçında ermənilərə dəhliz verilməlidir?” sualları açıq qalır. Bu məsələlərin öz həllini tapması üçün nələri etməliyik? İqtidar-müxalifət dialoqu kontekstində sizin partiya tərəfdən bununla bağlı hans təkliflər var?
- Birinci, onu deyim ki, iqtidar-müxalifət dialoqu faktiki yoxdur. Müharibədən əvvəl hərdən kontaktlarımız olub, müharibə dövrü bizim dəstəklədiyimiz bəyanatlar olub. Ondan sonra heç bir məsələ müxalifətlə-iqtidar arasında müzakirə mövzusu deyil.
Azərbaycan vətəndaşlarının Xankəndiyə, Xocalıya və digər ərazilərə köçürülməsi, Azərbaycanın Laçın dəhlizinə birbaşa özünün nəzarət etməsi zəruri bir məsələdir. Biz bilmirik o dəhlizdən ruslar ermənilərə nələr gətirirlər. Orada ermənilər təlimlər keçirir, nə edir bizə məlum deyil. Beynəlxalq hüququn tələb etdiyi zəruri işlər görülmür. Türkiyənin buradakı hüquqi statusu faktiki olaraq əngəllənir. Azərbaycan Türkiyə ilə bu münasibətləri qurmazsa, bundan ruhlanan Rusiya ilə ermənilərin atacağı addımlar başa düşüləndir. Hələ ki, Azərbaycan ictimai-siyasi cameəsi bu məsələ ilə bağlı dözüm nümayiş etdirir.
Bu məsələlərdə əsas iradəni hakimiyyət ortaya qoymalıdır. Noyabrın 10-dan 5 aydan artıq müddət keçir. Hələ də müharibənin nəticəvi sonluğu, Ermənistanın məsuliyyətə alınması ilə bağlı proses görünmür. Bu məsələlərlə bağlı beynəlxalq hüququn yol verdiyi addımlar atılmalıdır. Azərbaycan vətəndaşlarının öz yerlərinə köçürülməsi ilə bağlı işlər görülməlidir. Ölkəmizə dəymiş ziyanın hesablanması və bunun beynəlxalq ekspertlər tərəfindən qəbul olunması və digər prosedurlar var. Ermənistanın beynəlxalq məhkəməyə verilməsinə, dəymiş ziyanın ödənilməsi ilə bağlı qərara, bu zəruri və mütləqdir. Biz Rusiya xofundan qurtulmalıyıq. Türkiyə bu məsələdə Azərbaycanla birlikdə olmalıdır.
Görünən odur ki, Xankəndiyə, Xocalıya nə vaxt qayıdacağımız bəlli deyil. Paralel işğaldan azad olunan ərazilərimizə də nə vaxt qayıdacağımız bəlli deyil. Bununla bağlı nə bir plan, nə də bir yol xəritəsi yoxdur. Hesab edirik ki, əhalini öz yerlərinə qayıtması üçün bir qanun layihəsi hazırlanmalıdır. Eyni vaxtda Prezidentin yanında bir komitə yaradılmalıdır ki, bu işlə məşğul olsun. Həmin komitə də ictimaiyyətə açıq olmalı, orda ictimaiyyət nümayəndələri təmsil olunmalıdır.
- Əhməd bəy, daim tənqidlə yanaşdığınız siyasi partiyaların, xüsusilə müxalifətin fəaliyyətində nə kimi dəyişikliklər var?
- Azərbaycanda bu gün müstəqil fəaliyyət göstərən partiya yoxdur. Azadlıq Partiyası və Hacıbaba Əzimovun rəhbərlik etdiyi Azərbaycan Milli Birlik Partiyasından başqa kim buna etiraz edərsə, mən onun hardan maliyyələşdiyini sübut eləyə bilərəm.
- Özünü daha çox müstəqil hesab edən Milli Şura, Müsavat Partiyası da bu fikirləri digər partiyalar haqqında deyir.
- Azərbaycan müxalifətinin bir araya gəlməsinə imkan verməyən Milli Şuradır. Onlar qorxurlar ki, partiyalar bir araya gələrsə, nə işlə məşğul olduqları, hardan qidalandıqları barədə ictimaiyyətin aydın təsəvvürləri olar. Milli Şura Azərbaycan müxalifətinin bu günə düşməyində müstəsna rola malikdir. Azərbaycanda əxlaqi- mənəvi dəyərləri deqradasiyaya uğradıblar. Onlar İranın, Rusiyanın, Amerikanın istənilən bir sifarişini yerinə yetirmək üçün müzdlu qrupdan başqa bir şey deyillər.
- Müxalifətin siyasi partiyaların Ağdama səfəri ətrafında yaratdığı müzakirələri necə dəyərləndirirsiniz?
- İşğal altında olmuş ərazilərimizə səfərlərin təşkilinin həm də siyasi əhəmiyyəti var. Müsavatın rəhbəri Arif Hacılı isə bunu oyun adlandırır. Arif Hacılı gedib Gürcüstanda ermənilərlə çaxır içə bilər, biz Ağdama gedə bilmərik?! Getdiyimiz yer də Azərbaycan ərazisidir. Hakimiyyətin də borcu bizi ora aparmaq idi. Kimsə getmək istəmirsə özü bilər. Onlar başqa yerlərərə gedirlər. Özləri 3-5 gündən bir hansısa mənşəyi bilinməyən təşkilatların çağırışı ilə Avropaya gedirlər, amma burdan Ağdama getməyimiz ayıb sayılır?! Bu mövqe nataraz və düzgün olmayan mövqedir.
- Əhməd bəy, partiyanız ofislə təmin olundumu?
- Bizə ofis təklif ediblər, amma yararlı olmadığına görə imtina elədik. Təbii ki, istifadəyə yararlı normal ofisin verilməsini gözləyirik. Digər tərəfdən, partiyaların ofislə təmin olunması qanunidir. “Siyası partiyalar haqqında” qanuna görə, hökumət bütün partiyaları ofislə təmin etməli, partiyaların rayon şöbələrinin fəaliyyətinə imkan yaradılmalıdır. 20-25 il idi ki, bu proses pozulmuşdu. Müəyyən islahatlar əsasında hökumətdə edilən müsbət kadr dəyişikliyi nəticəsində bu məsələyə müsbət yanaşılır. Müsavatın özünün illərdir ki, ofisi var. Amma nədənsə başqa partiyalara ofis verilməsi onlara əcaib gəlir. Bu cür əcaib təfəkkür tərzi Azərbaycan müxalifətinin başında dayananlarda var. Ona görə müxalifət bu gündədir. Ölkənin ciddi problemlərinin həllinə yönəlik məsələlər ətrafında danışmaqdansa, yersiz intriqalarla məşğuldur.
- Hazırda Azadlıq Partiyası fəaliyyətini hansı istiqamətdə davam etdirir?
- Əvvəl gördüyümüz işləri davam etdiririk. Çalışırıq ki, imkan daxilində Azərbaycanın mövqelərinə, siyasi kursuna Türkiyəyə münasibətdə milli maraqlara uyğun mövqe sərgiləyək. Hakimiyyətlə görüşlərdə Azərbaycanın beynəlxalq aləmdə təbliği ilə bağlı təkliflər vermişik. Azərbaycanın sabahı ilə bağlı çox ümidliyik.