Nazirlik: "Yeni agentlik İKT sahəsinin ölkə iqtisadiyyatına əlavə dəyər qatqısını artıracaq"
15-10-2021, 16:58

"Qlobal texnoloji transformasiyalara uyğunlaşdırılması məqsədilə ölkənin İKT sektorunun tənzimlənməsi və daha çevik idarəçilik mexanizmlərinin qurulması vacibdir. Bu səbəbdən sahənin bütün tənzimləmə, qiymət, keyfiyyət, çevik inkişaf siyasətini həyata keçirəcək requlyatorun – "İnformasiya Kommunikasiya Agentliyi" publik hüquqi şəxsin yaradılması zəruri idi".
Bu barədə telekommunikasiya sahəsində yeni yaradılacaq qurumla bağlı "Report"un sorğusuna cavab olaraq Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) açıqlamasında deyilir.
Nazirlik yeni yaradılan Agentliyin əsas funksiyalarını da açıqlayıb.
"Məlum olduğu kimi, Azərbaycan Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanı ilə "İnformasiya Kommunikasiya Agentliyi" publik hüquqi şəxsi yaradılıb.
Bu Agentlik ölkəmizdə İKT və rabitə sahəsində sertifikatlaşdırmanı, uçotu, tənzimləməni və keyfiyyətə nəzarət daxil olmaqla nəzarəti, o cümlədən telekommunikasiya operatorları arasında qarşılıqlı arabağlantı münasibətlərinin tənzimlənməsini, radiospektr idarəçiliyini həyata keçirəcək.
Tənzimləyici qurumun olması ölkədə rəqəmsal iqtisadiyyatla kollaborativ qaydada rəqəmsal transformasiyanı sürətləndirəcək və hüquqi-tənzimləyici çərçivə yaradacaq, eləcə də İKT sahəsinin ölkə iqtisadiyyatına əlavə dəyər qatqısı artacaq.
Hazırda tənzimləyicinin olmaması ölkənin adını beynəlxalq təşkilatların qınaq mənbəyinə çevirir. Mobil və sabit genişzolaqlı və universal xidmətlərin inkişafının ölkənin ucqar və regional, o cümlədən kənd yerlərində nəzarətsiz qalması, internet xidmətlərinin əlçatan olmaması, qiymət və keyfiyyət siyasətinin aparılmaması əlavə narazılıqlar yaratmaqla yanaşı, ölkənin texnoloji hazırlıq meyarlarına ciddi mənfi təsir göstərir. Agentliyin fəaliyyəti bu istiqamətdə çətinliklərin aradan qaldırılmasına da istiqamətlənəcək".