Səfirin açıqlamasında verilən MESAJLAR: “Bunlar Rusiyanın Qarabağdakı proseslərə aqressiv yanaşmasına gətirib çıxara bilər”

14-12-2021, 17:09           
Səfirin açıqlamasında verilən MESAJLAR: “Bunlar Rusiyanın Qarabağdakı proseslərə aqressiv yanaşmasına gətirib çıxara bilər”
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin erməni jurnalistlərin rus sülhməramlılarının 5 ildən sonra Qarabağda qalma müddətinin uzadılıb-uzadılmayacağı haqda sualına cavab verib. Səfir bildirib ki, “hər şeyi həyat və zaman göstərəcək”.

Editor.az-a açıqlamasında tarix üzrə fəlsəfə doktoru, politoloq Anar Əliyev bildirib ki, Rusiyanın Ermənistandakı səfiri Kopırkinin son bəyanatı çox maraqlı və bir neçə incə detallardan xəbər verir:

“Hesab edirəm ki, səfirinin bu açıqlaması bir neçə hədəfə istiqamətlənib və Rusiyanın Cənubi Qafqaz siyasətindən xəbər verir. Əlbəttə bu cür yanaşma erməni cəmiyyətini sakitləşdirmək, Ermənistan vətəndaşlarında Vətən müharibəsi və ondan sonrakı dövrdə formalaşan kəskin antiRusiya mövqeyinin müəyyən qədər yumşaldılmasına xidmət edir. Xüsusilə, nəzərə alsaq ki, həmin dövrdən sonra Ermənistan cəmiyyətinin Rusiyanın liderliyi ilə formalaşan KTMT-dən çox ciddi gözləntiləri var idi. Bu gözləntilər demək olar ki, hamısı puça çıxdı, heç biri özünü doğrultmadı. Beləliklə bu açıqlamanın əsas məqsədi Ermənistanda formalaşmış antiRusiya mövqeyinin yumşaldılması və Ermənistanın gələcəyinin Qərb dəyərlərinə deyil, Rusiyaya bağlı olduğunu, eyni zamanda revanşist dairələrə Qarabağ ermənilərinin gələcək taleyi ilə bağlı məsələlərin də Rusiyadan aslı olduğunu nümayiş etdirməkdir. Hesab edirəm ki, ikinci hədəf Rusiya-Azərbaycan münasibətləri ilə bağlı verilən mesajlardır. Səfir bu açıqlaması ilə Azərbaycanda Rusiyaya qarşı yaranan əks münasibətə işarə edərək bildirməyə çalışır ki, xüsusilə Qərb kaolisiyasının maraqlarına xidmət edəcək hər hansı bir addımın atılması Rusiya tərəfindən kəskin aqressiya ilə qarşılanacaq və bu, xüsusilə Qarabağda müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin gələcəyi ilə bağlı məsələlərdə öz əksini tapa bilər. Əsas hədəf budur. Üçüncü hədəf isə Türkiyə dövlətidir. Çünki Rusiya səfirinin açıqlamasında “hər şeyi həyat və zaman göstərəcək” deməsi həm də Rusiyanın Cənubi Qafqaz siyasətində ilk dəfə Türkiyə ilə birgə fəaliyyətin gələcək inkişaf istiqamətinin Rusiyanın Qarabağda sülhməramlı missiyasının taleyinə və gələcəyinə birbaşa təsir edəcəyini göstərir. Bununla həm də Türkiyəyə açıq şəkildə mesaj ötürülür ki, Rusiya ilə münasibətləri daima normal saxlamaq lazımdır, xüsusilə Rusiya-Ukrayna münaqişəsində açıq şəkildə Rusiyanın əleyhinə, maraqlarına zidd davranışlardan çəkinilməlidir. Türkiyə də antiRusiya koalisiyasında yer almamalıdır və ya NATO-nun üzvü kimi bu koalisiyanın iştirakçısı olsa da Rusiya əleyhinə atılan addımlara meydan olmamalıdır”.

Siyasi analitik səfirin açıqlamasında dördüncü mühüm mesajın Avropa dövlətlərinə ünvanlandığını bildirib:

“Son vaxtlar Cənubi Qafqazda Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsində və Qarabağdakı ermənilərin gələcək taleyi ilə bağlı məsələlərdə aktivlik nümayiş etdirən Qərb dairələrinə bir mesajdır ki, sizin hər hansı bir dövlət, xüsusilə Ermənistan üzərindən Cənubi Qafqaza Rusiya maraqlarına zidd olaraq daxil olma istəkləriniz Rusiyanın Cənubi Qafqazda, xüsusilə Qarabağdakı proseslərə aqressiv yanaşmasına gətirib çıxara bilər. Bu mənada Qərb dövlətləri bilməlidirlər ki, Ermənistan-Azərbaycan arasındakı münasibətlərin Rusiya üçün strateji əhəmiyyəti var. Rusiya Cənubi Qafqaz maraqlarını heç bir dövlətə güzəştə getməyəcək. Hesab edirəm ki, Rusiya tərəfi artıq növbəti siyasi gedişlərin Cənubi Qafqazda davamlı sülhün təmin olunmasının məhz Azərbaycan və Türkiyənin davranışlarından asılı olacağını nümayiş etdirir. Bu həm də Azərbaycan və Türkiyənin mövqeyinin nə qədər güclü olduğunu göstərir. Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı şəxsi münasibətlərin də bu proseslərin tənzimlənməsində mühüm rolu olacaq”.

//Gülnarə Abasova, Editor.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.