Culian Barns: “Allaha, cənnətə inanmıram, amma...”

16-12-2021, 07:05           
Culian Barns: “Allaha, cənnətə inanmıram, amma...”
Bu yaxınlarda məşhur yazıçı Culian Barns Lev Tolstoyun adı ilə bağlı olan “Yasnaya Polyana” mükafatına layiq görülmüşdü. Covid-19 pandemiyası məhdudiyyətləri səbəbindən yazıçı Rusiyaya gəlib, rus oxucuları ilə ünsiyyət qura, mükafatlandırmada iştirak edə bilməmişdi.

Yazıçı Forbes Life-ın köşə yazarı Natalya Lomıkinaya eksklüziv müsahibə verib, dinə, fəlsəfəyə münasibətindən, ingilis yumorunun incəliklərindən, rus ədəbiyyatına sevgisindən söhbət açıb.

Kulis.az həmin müsahibəni ədəbi ictimaiyyətin diqqətinə çatdırır.

- Culian, Yasnaya Polyana mükafatını aldınız, əslində bunu Lev Tolstoy mükafatı da adlandırmaq olar. Onun əsərləri sizə nə dərəcədə yaxındır?

- Mən məktəbdə rus dilini öyrənmişdim. İki ilimi rus dilinə sərf etdim, bu da məni rus ədəbiyyatını oxumağa sövq etdi. Tolstoydan bizə oxumaq üçün “Uşaqlıq” əsəri verildi, çünki bu mətni özümüz oxuyub başa düşə bilirdik. Sonralar Tolstoyu çox oxudum, amma ingiliscə, yəqin ki, 18-25 yaşım olanda. O, mənim üçün həmişə ən böyük ustadlardan biri olub. Mən hesab etmirəm ki, onda Floberin “Madam Bovari”sindən üstün əsər olsun, ancaq elə bir əsər varsa da, o da “Anna Karenina”dır.

Əlbəttə, “Hərb və sülh” möhtəşəm romandır, amma mənə nə düşünməli olduğumu söyləyən kitabları sevmirəm. O romanları sevirəm ki, məni düşünməyə çəksin. Erkən yaşlarımda Tolstoyun “Dirilmə” əsərini oxumuşdum və onda düşünürdüm ki, hansısa fahişəni öz həyatının pəncəsindən xilas etmək çox romantik bir şeydir, amma təbii ki, o zaman bir dənə də olsun fahişə tanımırdım, ona görə də bu, tamamilə idealist baxış idi. Ondan sonra “Dirilmə”yə təkrar qayıtmadım və məncə, buna dəyərdi. Ancaq belə bir şeyi ağlımdan keçirirəm: "Deməli, mənim 75 yaşım var, bəlkə, "Dirilmə"ni yenidən oxumalıyam". Bunu düşünəndən sonra dərhal öz-özümə deyirəm: "Niyə “Anna Karenina”nı yenidən oxumursan?! Artıq üç dəfə oxumusan və tam bəyənmisən”.

Mənim çağdaş ədəbiyyata da münasibətim eynidir. Kimsə müsbət rəy uçqunu gətirən inanılmaz dərəcədə qalın bir kitab nəşr edəndə tez-tez düşünürəm: “Bəli, dostum, mənsiz də kifayət qədər oxucunuz var, ona görə də yəqin ki, mən “Anna Karenina”, yaxud da Ford Madox Ford "Paradın sonu”nu yenidən oxuyacam”.

Paustovskinin bioqrafiyasını təzəcə oxumuşam. İngilis dilinə əla tərcümə olunmuş ilk üç cildi əlimə keçdi. Bu yeni tərcümədi. Bilirsən, 50 il qabaq oxuduğun kitabı yenidən oxumaq həmişə böyük təhlükədir. Onun buz üzərində getdiyi ilk iki-üç səhifə - sentimentallığımı bağışlayın, amma bu o qədər russayağıdır ki! Mən ondan aralana bilmədim və son üç həftəni oxudum. Heyrətamizdir! Bu qədər ildən sonra eyni kitaba qayıtmaq ən yaxşı nəticəni verir.

- Biz indiyə qədər bir-birimizdən soruşuruq: “Tolstoy, yoxsa Dostoyevski?” Bu il də bu sual çox aktualdı, çünki Dostoyevskinin 200 illik yubileyidir və biz bütün ili rus ədəbiyyatı haqda mübahisələr edirik...

- Əla! Ədəbiyyat da elə onun haqqında mübahisə etmək üçün var. Amma sizin sualınıza cavabım nə Tolstoy, nə də Dostoyevskidir, Tolstoy və Dostoyevskidir. Onların hər ikisi eyni dərəcədə dahidir. Heç birini seçməyə ehtiyac yoxdur. Bilirəm, biz onsuz da seçməyi sevirik. Çünki biz idman yarışlarını sevirik – kimsə qızıl medal almalıdır, ilin, on ilin, ya əsrin ən yaxşı kitabını yazmalıdır. Amma mən geniş baxış bucağının tərəfdarıyam. Ədəbiyyatda geniş zövqə malik olmaq yaxşıdır. Tolstoyun Turgenev haqda dediklərini xatırlamağa çalışıram... Turgenev çox xəstə idi və Tolstoy onun haqqında təxminən belə deyirdi: “O, məndən daha tez ölsə, çox pis olacam”. Düşünürəm ki, o, bunu demək istəyirdi: “İstəyirəm ki, mən öləndən sonra da o məni xatırlasın”. Mənə elə gəlir ki, bu sağlam eqodan xəbər verir.

- Başqalarının səni xatırlamaq arzusu...

- Bəli.

- Sizin “Qorxmağa heç nə yoxdur” kitabınız bu qəbildəndir. “Yasnaya Polyana” mükafatının münsifləri onu “ölülərin Avropa kitabı” adlandırıb. Bu, çox dürüst, ədalətli və avropasayağı yazılıb. Ölüm qorxusunu rasional nöqteyi-nəzərdən, Tanrıya, inanca dayanmadan, Tolstoydakı kimi, miflərə söykənmədən, eynən Şərq təcrübəsindəki kimi. Bu insanı təsirləndirir. Amma “Qorxmağa heç nə yoxdur” kitabı rahatlıq vermir. Siz Tolstoy kimi nə düşünməli olduğumuzu demirsiniz. Bəs özünüz kitabı bitirdikdə rahatlıq hissi gəldi sizə?

- Bəli, məndə rahatlıq hissi dəqiq oldu. Mən kitabı bitirdim və qabaqcadan ümid etdiyimi reallaşdırdım. Yazanda hər şeyi necə yerbəyer eləməli olduğunu və necə təqdim etməli olduğunu düşünürsən. Kitabın forması mənim üçün yeni idi: başlıqlar yoxdu, amma bölmələr var və onlar bir-biriylə əlaqəlidir. Kitab xatirələrdən, ailə tarixçəsindən, şəxsi və deməyə nəsə sözü olan fərqli ədəbiyyat mütəfəkkirlərinin fikirlərindən ibarətdir. Kitabı oxucunun gözü ilə görmək yazıçı üçün çətindir. Və mən oxucuya nə düşünməli olduğunu demirəm.

- Yeri gəlmişkən, oxucularla necə ünsiyyət qurursunuz?

- Oxucu qarşısında, hündür stulda əyləşib yüksək səslə danışmıram – burası dəqiqdir. Bu, təxminən belə görünür: biz bir küçə kafesində stol arxasında üzbəüz əyləşmişik. Yolun o biri tərəfində, küçənin o üzündə nə baş verdiyini izləyirik. Və mən soruşuram: “Nə fikirləşirsən, o cütlüyün ağlında nə var? Bəlkə küsüblər? Nə düşünürsən, onlar evlidir? Səncə, boşanmaq istəmirlər?” Baxmayaraq ki, həmin personajları küçənin o tərəfinə mən qoymuşam, oxucuma özümlə bərabər baxıram və ona təklif edirəm ki, hər şeyə birgə baxaq: “Nə fikirləşirsən, küçənin küncündə ağlayan itmiş uşaq onlarındır, yoxsa başqasının?” Oxucularım artıq bilir ki, mən onlara heç vaxt nə etməli, necə düşünməli olduqlarına göstəriş verməyəcəm. Bunun üçün kifayət qədər kitab yazmışam. Mən sadəcə oxucuyla fikrimi bölüşürəm: “Mənə elə gəlir ki, bu maraqlıdır və bu haqda belə düşünürəm, amma sən başqa cür də düşünə bilərsən”. Mühakimə edən yazarlar xoşuma gəlmir.

- Başqa yazıçılar, rəssamlar və ya musiqiçilərlə ölüm və həyat haqqında danışmaq üçün yazıçıları “limon masası”na yığsanız, bu vacib mövzunu müzakirə etməyə kimi dəvət edərdiniz? (Limon – çinlilərdə ölüm simvolu. Barns bir neçə kitabında 1920-ci ildə intellektualların ölüm haqda danışmaq üçün yığışdığı Helsinkidəki “Kamp” restoranında keçirilən “limon masası”ndan söhbət açır. Bu cür söhbətlər üçün Parisdəki “Manyi” restoranına bir qrup yazıçı yığışırdı, Flober, Turgenev, Edmon de Qonkur, Dode və Zolya. Onların hamısı ateist ya da qatı aqnostik idilər, ancaq ölümdən qorxsalar da, ona çatmaq istəyirdilər, ondan qaçmaq yox).

- Birmənalı olaraq finlandiyalı bəstəkar Yan Sibeliusu çağırardım. Çünki o, Helsinkidə “limon masası”na aid oxumuş və eşitmişdi. Bu da həmin əhvalat üçün mənə ideya vermişdi. Yazıçıları çağırmaq çətindir, çünki onlar bir-biriləri ilə yola getmirlər. Düşünürəm ki, ruslardan Turgenevi çağırardım, çünki belə qənaətə gəlirəm ki, o, əla həmsöhbət idi və kampaniyaya yaraşardı. Onun həmişə danışmağa nəsə söhbəti vardı. Və həmişə hər yerə gecikirdi. Həmişə. O, böyük anqlofil idi, tez-tez Böyük Britaniyaya gəlir, aristokratlarla ova çıxırdı. Hətta bir neçə qarğa da vurmuşdu. Düşünürəm ki, Floberi də çağırardım. Bir də rəssam çağırmaq istəyərdim. Amma Pikkassonu yox – o, həmişə bizə nə etməli və nə düşünməli olduğumuzu deyirdi. Məsələn, Çarlz Brokla tanış olmaq istəyərdim. O, əsl sərt, sakit dahi idi. Mənə Pikasso kimi səs-küylü dahilər xoş gəlmir. Brokun 1930-cu illərdə Pikasso haqqında necə möhtəşəm bir şey dediyini bilirsiniz? “Pikasso əla rəssam idi, indi isə sadəcə dahidir”. Yaxşı deyilib, düzdü? “Sadəcə dahidir”. O, daha rəsm yaratmır, o, Pikassonu yaradır.

- Düşünürəm ki, indi bu daha aktualdır, çünki şəxsi həyatını İnstaqram və Yutuba yerləşdirən milyonlarla izləyiciləri olan bloggerlər məhz bunu eləməyə çalışırlar: “Pikasso yaratmaq”.

- Hə, mən də belə düşünürəm. Özüm sosial şəbəkələrdə yoxam.

- Sizdən yumor hissi haqqında soruşmaq istəyirəm. Ola bilsin ki, bu yanlış sualdır, amma ingilis yumoru sabit anlayışdır, oturuşmuş anlayışdır. Britaniya həyatında sizi hər zaman ironik edən qeyri-adi nə var?

- Öz millətimin adından danışa bilmərəm, amma bəlkə də bunun səbəbi, fransızlardan fərqli olaraq, bizim nəzəriyyəçi yox, praktik olmağımızdır. Həyatla bağlı qlobal suallara cavabımız yoxdur. Ona görə də elə suallarla rastlaşanda onlar haqqında zarafat edirik. Bu, bizim ictimai reaksiyamızdır. İngilis ənənəsi hesab etdiyim daha bir şey var: gülməli olmaq ciddi olmaq üçün yaxşı bir yoldur. Üstəlik, yumor hissi olmayan böyük yazıçı varmı? Diqqətlə baxsanız, demək olar ki, yumor hər kəsdə var. Şekspirin, Çexovun əsərlərində çoxlu yumor var.

Biz ingilislər yumor hissi olmayan insanlar haqqında daim zarafat edirik. Təbii ki, bu yerdə qalanlar üçün darıxdırıcı ola bilər. İndi biz Avropa İttifaqından çıxdığımız üçün mənim sevimli zarafatım sadəcə onun tərkibində olduğumuz vaxtlar və milli fərqlər haqqındadır. Bəzi vacib məsələ ilə bağlı hökumətin iclası keçirilir. Britaniyalı nümayəndə deyir: “Yaxşı, məncə, biz bunu etməliyik, sonra bunu, sonra isə bu və bu”. Fransız nümayəndə isə belə cavab verir: “Mən görürəm ki, bu, praktikada işləyəcək. Amma bu, nəzəri cəhətdən işləyəcəkmi?" Bu lətifəni Fransada bir-iki dəfə demişəm, amma bu onlara gülməli görünməyib.

- Görünməyəcək də! Mövzunu davam etdirib siyasətdən soruşacam. İki il əvvəl sonuncu müsahibəmiz zamanı mən sizə “Zamanın səsi” (Barnsın Şostakoviç haqqında romanı) barəsində soruşmuşdum. Bu, Boris Consonun baş nazir olduğu gün idi və siz dediniz ki, “zamanın səs-küyü”nü çox yüksək səslə ifa edən, yerində olmayan və sona çatdıra bilməyən tunc orkestri kimi hiss edirsiniz. İki il keçdi. “Zamanın səs-küyü” dəyişibmi?

- Xeyr, Boris Conson hələ də eyni səs-küy salır, onun orkestri hələ də uyğunsuzdur və partituranı oxuya bilmir. Özü də ancaq barabanda çalır, heç bir incə alətdə ifa etmək qabiliyyəti yoxdur. Conson daha yaxşı alındıra bilmədi. Detallara əhəmiyyət vermədi. O, Aİ-dən (Avropa İttifaqı - red) çıxmaqla bağlı razılaşmanı oxumadı, sözünü tutdu və inandı ki, nəyisə bəyənməsək, onu dəyişdirəcəyik. Onun Avropanı qiymətləndirməmək üçün heyrətamiz qabiliyyəti vardı, bu isə bizə baha-başa gəlirdi. Bu, bir növ qeyri-ciddiliklə nadanlığın qarışığıdır və bu, xarici işlərə, ümumiyyətlə, xarici siyasətə ən yaxşı yanaşma deyil. Consonun xanım Meyin dövründə xarici işlər naziri olduğu vaxtlar vardı, o zaman Aİ-nın yüksək nümayəndələri görüşmüşdü, onlardan biri Qay Verhofstadt (Belçikanın keçmiş baş naziri, indi isə Avropa Liberal Partiyasının rəhbəri) idi, biri də mənə elə gəlir ki, Almaniyanın maliyyə naziri cənab Şoybleydi. Onlar tamamilə mat qaldılar və dedilər ki, “heç nəyi ciddiyə almayan xarici işlər naziri görməyiblər”. Və bu, sadəcə olaraq, "Britaniya yumor hissi"ndən çox fərqli bir şeydir - bu, ciddi olmaq qabiliyyətinin tamamilə olmamasıdır və ölkə üçün çox pisdir. Deməli, ölkə hazırda çox yaxşı vəziyyətdə deyil və mənə elə gəlir ki, yaxın bir neçə ildə də yaxşı olmayacaq.

- Xüsusilə pandemiyanı nəzərə alsaq...

- Bəli, xüsusən indi. Pandemiyanın öhdəsindən kifayət qədər yaxşı gəldik, bir çox insan peyvənd olundu və bizdə peyvənd nisbəti yüksək idi. Amma bizdə ölüm nisbəti də yüksək oldu. Gələcəyin nə olacağını bilmirik. Bunun daha yaxşı olacağı ehtimalı azdır, lakin bütün xəstəxanalar artıq, demək olar ki, doludur. Bilirsiniz, Britaniyada bir çox insanlar peyvənddən imtina edirlər, çünki onun gücünə inanmırlar. Bu peyvənd əleyhinə inanclar internetdə yayılır. İnsanlar internetdə elmi olmayan bir şey oxuyurlar və sonra deyirlər: “Peyvənd olmaq təhlükəlidir. Çox adam ölür və hökumət bu barədə bizə məlumat vermir”. Bu, elmdən imtina etməkdir. Şüurlu cahillik insan təbiətinin bir təzahürüdür. Və bizim dövrümüzdə gənclərə təsir etmək xüsusilə asandır. Bir dəfə məktəbin yanından evə gedirdim, uşaq izdihamı var idi, etiraz edirdilər. Onlardan biri mənə bir neçə vərəq verdi, orada yazılmışdı: “Camaat, Covid bir mifdir, əslində belə bir şey yoxdur. Mövcud olsa belə, peyvənddən ölənlərin sayı hələ də Coviddən ölənlərdən qat-qat çoxdur”. Mən ona soruşdum: “Buna inanırsan?” Onun 12-13 yaşı vardı və o qədər axmaq idi ki, o ərazidə əməlli-başlı tutaşdıq. Orda qışqıra-qışqıra belə dedim: “Bəlkə dünyanın düz olduğuna da inanırsan?” O isə elə hey təkrarlayırdı: “Bu saytı oxuyun, bu saytı oxuyun!” Mən də öz-özümə düşündüm: “Ay Allah, hər şey pisdir”.

- Siz özünüz peyvənd olunmusunuz?

- Əlbəttə. İki dəfə peyvənd olundum, sonra gücləndirici və qripə qarşı peyvənd vurdurdum. Amma mən sizə bir nümunə danışacağam. Qan vermək üçün vaxtaşırı xəstəxanaya getməli oluram. Təxminən altı ay əvvəl prossedur vaxtıydı, tibb bacısı mənə iynə vururdu. Mən ondan soruşdum: "Hansı peyvəndiniz var?" O, Pfizer cavabını verdi, sonra güldü və zarafat etdiyini söylədi. Dəqiqləşdirdim: “Demək istəyirsiniz ki, sizə peyvənd vurulmayıb? Bəs siz Covidin mövcud olduğuna inanırsınız?” O, əlini yellədi və dedi: "Bəli, o, hər yerdədir." Onda soruşdum: “Niyə peyvənd olunmursunuz bəs?” O da cavab verdi: “Mən ondan əmin deyiləm”. Və sən oturub tibbi xalatdakı bu adama baxa-baxa düşünürsən: “Yəqin ki, bu nəsə dini bir şeydir”. Belə insanlar var, danışırlar: “Allah məni qoruyur”. Düşünmürəm ki, qoruyar. Təbiətdən qorumaz, bu dəqiqdir. Maraqlıdır, görən Tolstoy nə hiss edərdi? Necə düşünürsünüz, o peyvənd olunardı?

- Düşünürəm ki, olunardı. O, proqressiv düşünür və ailəsinin qayğısına qalırdı.

- Ümid edək.

- Qayıdaq sizə və yazıçı olmağın nə demək olduğuna. Sizin “Yasnaya Polyana” mükafatınız var, siz Buker laureatısınız və dünyanın bir çox mükafatlarını qazanmısınız. İçinizdə yazıçı olduğunuza dair bir hiss varmı? Bu hiss nə vaxt ortaya çıxdı?

- Mən çox gec başlamışam yaradıcılığa. İlk romanım 44 yaşım olanda çap olundu. Və hər şey onunla başladı ki, görəsən, ümumiyyətlə, kitab çap edə bilərəmmi? Yazı və nəşr ideyasının özü qeyri-mümkün görünürdü. Və əslində, uğur qazandığımı dərk etmək mənim üçün kifayət edərdi.

Amma təbii ki, bir kitabı çap edəndə başqa bir kitab yazmaq barəsində düşünməyə başlayırsan. Çünki bu sizin ilk kitabınızdırsa, bunun təsadüf olmasından qorxursunuz. Düzünü desəm, ümumiyyətlə, yazıçı ola biləcəyinə çox şübhə edirsən, “mənim buna haqqım varmı?” deyə düşünürsən. Sən məktəbdə, universitetdə oxumusan, ən yaxşı kitabları, dünya ədəbiyyatını mənimsəmisən. Və birdən özündə cəsarət tapıb deyirsən: "Bütün bunlara əlavə edəcəyim bir şey var". Bu, ilk başda çox ruhdan salır. Amma üçüncü kitabımı, “Floberin tutuquşusu”nu yazanda artıq hiss edirdim ki, yazıçıyam və bundan sonra da yazıçılığıma davam edəcəyəm.

- Dünyanın quruluşunu, bütövlükdə kainatı izah etmək üçün sizə daha asan olanı hansıdır: ədəbi forma, yoxsa fəlsəfi? Ölümü və yaradılışı, şəri və yaxşılığı, sevgini və nifrəti araşdıranda, qlobal kateqoriyalarda düşünəndə sizə hansı daha yaxındır: ədəbiyyat, yoxsa fəlsəfə?

- Mən heç özümü filosof kimi görmürəm. Bax, qardaşım filosofdur, o, səhv etdiyimdə mənə deyir. Amma yazıçı olduğum üçün heç kimə “səhv edirsən” demirəm, oxucudan onun bu haqda nə düşündüyünü soruşuram – nə qədər mümkündür, nə dərəcədə mümkündür? Yəni, kimsə mənə filosof desə, mən ona filosofu təqlid etdiyimi, nəzəriyyəçi olmadığımı deyəcəm. Bu, mənim başqa bir britaniyalı xüsusiyyətimdir - nəzəriyyə qurmaq, mücərrəd fikirlərlə düşünmək mənə komfortlu deyil.

İnsanlar həyatın bəzi qlobal problemləri haqqında düşünəndə cavab almaq üçün Dekarta getmirlər, özləri həvəskar fəaliyyətlə cavab axtarırlar. Bəzən hansısa cavabı da tapırıq, amma bunun nə dərəcədə düzgün olduğunu bilmirik. Biz, ümumiyyətlə, nə qədər bilmədiyimizdən xəbərdar deyilik.

Ona görə də mən Allaha inanmıram, cənnətə inanmıram, amma təəccüblənməyə hazıram. Bertan Rassel haqqında belə bir əhvalat var. O, heyrətamiz filosofdur, özü də ateist idi. Bir gün kimsə ondan soruşmuşdu: “Cənab Rassel, əgər sən ölüb cənnətdə oyansan və Allah da oradadırsa, ona nə deyəcəksən?”. Onun cavabı isə belə olub: “Ya Rəbb, bizə kifayət qədər dəlil gətirmədin!” Məncə, əladır.

- Pandemiyanın bu iki ili ərzində çoxları gündəlik vərdişlərini dəyişdilər və hər gün əhval-ruhiyyəni qaldıran nələrsə tapdılar. Gündəlik həyatınızdan zövq almaq üçün nə edirsiniz?

- Bilirsiniz, mənə və başqa yazıçılara rahatdır. Bax indi öz kabinetimdə oturmuşam, arxamda yataq otağı, o tərəfdə də mətbəx var. Pandemiyadan əvvəl yataqdan qalxır, mətbəxə gedir, səhər yeməyi yeyir, qəhvə içir və işləməyə başlayırdım. İndi də tamam eyni şeyi edirəm. Elə oldu ki, pandemiyanın başlamasına təxminən üç ay qalmış yeni kitab yazmağa başladım, üç ay əvvəl isə bir layihəm var idi və bitirən kimi onun üzərində işlədim. Kitab apreldə çıxacaq. Təbii ki, yeni bir romanla pandemiyadan qurtulmaq daha asandır. Həm də özümə rahatdır ki, evdə “mənə kömək edəcək” üç uşağım yoxdur.

Bir sözlə, yazıçılar bir az daha şanslı idilər. Amma düşünürəm ki, pandemiya hər kəsə müəyyən qədər təsir edib və hiss edirəm, həyatım bir çoxlarının həyatı kimi dəyişməsə də, bir az asossial olmuşam. Evdən çıxmamağa öyrəşirsən, kimsə nəsə təklif edəndə ilk reaksiyan belə olur: “Yox, yəqin ki, getməyəcəyəm, evdə qalacam, belə daha təhlükəsiz olacaq”. Ancaq bu anda siz də dayanıb özünüzə deməlisiniz: “Yox! Yadındadır, bu adam sənə xoş gəlirdi”. İstər-istəməz mütəmadi görüşdüyüm insanların sayı azalıb, təbii ki, yaxın dostlardan danışıram. Bu çox yaxşı deyil və heç bir həll yolu yoxdur. Ümid edək ki, vaksinlərin inkişafı pandemiyanın inkişafı ilə ayaqlaşacaq.

Tərcümə etdi: Ayxan Ayvaz












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.