“Bəyanatda Qarabağın statusuna və yaxud Minsk qrupuna dair bir cümlə gördünüzmü?” - HƏQİQƏTƏN DƏ..

15-12-2021, 20:12           
“Bəyanatda Qarabağın statusuna və yaxud Minsk qrupuna dair bir cümlə gördünüzmü?” - HƏQİQƏTƏN DƏ..
“Brüssel görüşündən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin yaydığı bəyanat müsbətdir. Ancaq təklif edirəm ki, sənəddə olanlara deyil, olmayanlara da diqqət edək. Sənəddə olmayan nədir? Siz bu bəyanatda Qarabağın statusuna dair hər hansı bir ifadəyə rast gəldinizmi? Və yaxud həmin bəyanatda ATƏT-in Minsk qrupuna dair bir cümlə gördünüzmü? Sənəd bir yana, kiminsə dilindən bu barədə bir söz səsləndirildimi? Bu baxımdan sənəddə olanlar öz yerində, amma olmayanlara da fikir vermək vacibdir”.

Teef.az yazır, bunu Reyting.az-a Azərbaycan və Ermənistan rəhbərlərinin Brüssel görüşü ilə bağlı Avropa İttifaqı Şurasının Prezidenti tərəfindən verilən bəyanatı şərh edərkən Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

R. Musabəyovun sözlərinə görə, bütün bunlar o deməkdir ki, ermənilərin daima ortaya gətirdiyi məsələlər Brüseldə də dəstək ala bilməyib.

“Əlbəttə, ermənilər yenə də “status”, “Minsk qrupu” deyərək zarıyacaqlar. Obrazlı desək, ermənilər Brüssel meydanında da bunu eşitmək istəyirdilər, amma eşitmədilər”, - R. Musabəyov əlavə edib.

Deputat diqqətə çatdırıb ki, əslində bu, ermənilər üçün məğlubiyyətdir: “Bu, həm də o deməkdir ki, gedin, reallıqlarla hesablaşın. Reallıq da odur ki, beynəlxalq hüquq Azərbaycan tərəfindədir. Üstəlik, real güc də Azərbaycandır və Ermənistan bununla hesablaşmağa məhkumdur”.

R. Musabəyovun fikrincə, ermənilər dəmiryolu ilə bağlı qərar verməyə də məcburdurlar: “Avropa Birliyi bu məsələlərə də yardım edə biləcəyini dilə gətirdi. Amma bu o halda mümkündür ki, masaya konkret layihə gəlir, onun konkret marşrutu və maliyyə tutumu göstərilir. Həm də bu işlərin hansı müddətdə görüləcəyi nəzərdə tutulur.

Şarl Mişel qeyd edib ki, Avropa İttifaqı təkcə ekspert qrupu, məsləhətçi kimi deyil, maliyyə cəhətdən də dəstək verə bilər. Amma bunun üçün masada konkret sənəd-layihə olmalıdır”.

Deputat bildirib ki, Avropa İttifaqının regionda kommunikasiyaların açılmasına maliyyə dəstəyi göstərə biləcəyi mesajı Ermənistan üçün sərfəlidir: “Ermənistanın pulu yoxdur. Onsuz da Avropa Birliyi Ermənistana 5 il üçün 2,6 milyard avro maliyyə vəd edib. Amma bu, konkret layihələr üçün vəd olunub, yəni alın, ata malı kimi xərcləyin,- məsələsi yoxdur. Həmin puldan bu məsələyə də ayırmaq mümkündür”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.