“Bəziləri Saleh bəyin azad olunmasını yox, ölməsini arzulayırlar” - Aslan İsmayılov

16-12-2021, 07:48           
“Bəziləri Saleh bəyin azad olunmasını yox, ölməsini arzulayırlar” -
“Nə qədər istəsəm də bu mövzudan qaçım heç cür alınmır. Bəziləri öz ambisiyalarına görə gözlərini qırpmadan insan həyatını qurban verirlər. Siyasətçilərdən, xüsusilə oyunbazlardan xəbərləri olmayanlar isə çox asanlıqla bu tələyə düşürlər. Bir neçə gün bundan əvvəl uzun illərdir tanıdığım, səmimiliyinə heç bir şübhəm olmayan Milli Məclisin üzvü Vahid Əhmədov Qubada səfərdə olan Prezident İlham Əliyevlə görüşdü və ondan bir gün sonra açıq məktubla Prezidentə müraciət edib uzun müddətdir ki, aclıq edən Qarabağ qazisi Saleh Rüstəmlinin azad olunmasını xahiş etdi. Gözlədiyim o idi ki, ölkə Prezidenti Brüssel səfərindən qayıdan kimi Saleh bəyin azad olunmasını təmin edəcək. Bu gün isə şübhəliyəm. Əminliklə deyirəm ki, bəziləri Saleh bəyin azad olunmasını yox, ölməsini arzulayırlar ki, dünyaya car çəkib mövcud olduqlarını göstərsinlər. Ona görə də bu gün Brüssel görüşlərinə görə dünyanın gözü Bakıda olduğundan şəhərin mərkəzində mərəkə qurdular”.

Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov bildirib.

A.İsmayılov qeyd edib ki, həmin epizodlar bu dəqiqələrdə dünyada tirajlanır: “Bunu edənlər həm də Prezident Administrasiyasında oturanların bir çoxunun iş fəaliyyətinə bələddirlər və çox yaxşı bilirlər ki, bəziləri lazımi ünvanlarda təkidlə sübut etmək istəyəcəklər ki, Saleh bəyin bu mərəkədən sonra azad edilməsi hakimiyyətin zəifliyinin, müxalifətin isə gücünün göstəricisidir. Uzun illər şahid olmuşam ki, hakimiyyət bəzən müsbət addımları müxalifət faydalanmasın deyə atmayıb. Bu barədə əvvəllər də çoxlu epizodlar barədə yazmışam. Bu gün birini yenə də təkrarlayıram ki, OMON-çuların kütləvi şəkildə azad edilməsi prosesi Leyla Yunusun ANS TV-dəki bir çıxışına görə baş tutmadı. Həmin gün təxminən saat 17:00 radələrində o dövrlər ədliyyə nazirinin müavini, penitensiar xidmətin rəisi olan Aydın Qasımov İngiltərə səfirliyində keçirilən bir görüşdə 1-2 günə bütün OMON-çuların azad edilməsi barədə sənədlərin artıq tam hazır olduğunu və Prezident Heydər Əliyevin onu imzalanmasını gözlədiyini demişdi. Axşam təxminən saat 21:00 radələrin L.Yunus birbaşa efirdə elan etdi ki, o, Avropa Şurasının rəhbər şəxsləri ilə görüşüb və ona bildiriblər ki, onların göstərişinə əsasən OMON-çuların hamısı azad ediləcək. Aparıcı soruşanda ki, axı qərarı ölkə Prezidenti verir, L.Yunus çox aşağılayıcı formada dedi ki, Avropa Şurası göstəriş verəndən sonra Heydər Əliyev kimdir? Bununla da həmin addım çox sonralar hissə-hissə atıldı. Məhz buna görə hakimiyyət rəsmilərindən belə oyunlara getməyib Saleh Rüstəmlinin dərhal azad edilməsinin təmin olunmasını xahiş edirəm. Bu addım ancaq Sizin gücününüz göstəricisi olar”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.