Makronun hiyləgər Brüssel gedişi – O, Əliyevlə Paşinyanı görüşdürməklə nəyə nail olmaq istəyir?

16-12-2021, 17:07           
Makronun hiyləgər Brüssel gedişi –
Ötən gün Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında qeyri-rəsmi görüş keçirilib. Maraqlıdır ki, bu görüş Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə baş tutub. Görüşün dekabrın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyan ilə birgə görüşündən bir gün sonra reallaşması isə xüsusilə diqqət çəkib.

Maraqlıdır, indiki halda Emanuel Makronun Azərbaycan və Ermənistan dövlət başçılarını bir araya gətiməkdə məqsədi nədir?

Mövzu ilə bağlı Sfera.az-a danışan politoloq Turab Rzayev bildirib ki, Fransa Prezidenti Emmanuel Makronun Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistan Baş naziri Nikol Paşinyan arasında qeyri-rəsmi görüş təşkil etməsinin iki başlıca səbəbi var:

"Birincisi, Makron anlayır ki, 44 günlük müharibə zamanı Fransanın tərəfsizliyini pozması və ermənipərəst mövqe sərgiləməsi yanlış siyasət idi. Hansı ki, bu siyasət nəticəsində rəsmi Paris faktiki olaraq Ermənistan-Azərbaycan danışıqlarından kənarda qalıb. Makron iki ölkə başçısını bir araya gətirərək ölkəsinin də prosesdə varlığını göstərməyə çalışır.

İkincisi, Makron anlayır ki, Fransada prezident seçkiləri yaxınlaşır və o qalib gəlmək istəyirsə, hər iki ölkənin də etimadını qazanmalıdır. Belə ki, Makron tərəfləri bir araya gətirərək erməni diasporu və lobbisinə mesaj verir ki, baxın, mən prosesdəyəm və yenə sizi müdafiə edirəm. Digər tərəfdən, həm də rəsmi Bakıya mesaj verir ki, Fransa regionda sülhün, əmin-amanlığın, sabitliyin tərəfdarıdır və bu istiqamtədə Bakıya dəstək verir. Yəni Makron həm Bakının, həm də İrəvanın dəstəyini eyni anda qazanmağa çalışır. Onu da deyim ki, son günlər Fransa prezidentliyinə bütün namizədlər ard-arda Ermənistana səfər edir. Görünür, digər namizədlər də hazırda erməni diasporu və lobbisinin dəstəyini qazanmağı arzulayır. Makron isə daha hiyləgər gediş edərək həm Azərbaycan, həm də Ermənistan tərəfinin dəstəyini qazanaraq rəqiblərini üstələməyə çalışır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.