“Onun göstərdiyi fədakarlıq sözün həqiqi mənasında hər bir jurnalist üçün nümunədir...”

17-12-2021, 00:04           
“Onun göstərdiyi fədakarlıq sözün həqiqi mənasında hər bir jurnalist üçün nümunədir...”
“Salatın xanımı şəxsən tanıyırdım. Televiziyada rus redaksiyasıyla intensiv əlaqə saxlayırdı və reportajları yayımlanırdı. Çox cəsur bir xanım idi, azad düşüncəsi var idi, vətənpərvər idi. Ona görə də tale özü onu Qarabağa aparırdı”.

Bunu Moderator.az-a açıqlamasında professor Qulu Məhərrəmli Azərbaycanın ilk şəhid qadın jurnalisti Salatın Əsgərova haqda danışarkən deyib. O, Salatın xanımın bu yolda heç bir təmənna güdmədən xidmət etdiyini və sonda da canından keçdiyinin bildirib:

“İnsan əgər vətənini sevmirsə, onun qayğılarıyla yaşamırsa, ağrılarını içində hiss etmirsə, o, heç bir fədakarlığa hazır ola bilməz. Bu mənada Salatın Əsgərova vətənin övladı idi, onun dərdləriylə yaşayan, ona qarşı olan haqsızlığa üsyan edə bilən bir cəsur jurnalist idi. Hesab edirəm ki, onun həyatı, davranışları, yazıları, Qarabağın ilk illərində göstərdiyi fədakarlıq sözün həqiqi mənasında hər bir jurnalist üçün nümunədir. Özü də bunların hamısını o, heç bir təbliğat, təmənna güdmədən, vicdanının səsiylə edib. Ona görə də o, bizim üçün Azərbaycan jurnalistikasının cəsarət simvollarından biridir və xatirəmizdə də o cür qalır”.

Qeyd edək ki, bu gün şəhid jurnalistimiz, Milli Qəhrəman Salatın Əsgərovanın doğum günüdür. O, 16 dekabr 1961-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Birinci Qarabağ savaşı zamanı daim cəbhə bölgəsindən reportajlar hazırlayıb. 1991-ci il yanvarın 9-da içində Salatın Əsgərovanın da olduğu maşın erməni terrorçuları tərəfindən Qaladərəsi kəndi yaxınlığında mühasirəyə düşüb. Maşın yaxın məsafədən şiddətli atəşə tutulub. Nəticədə Salatın Əsgərova amansızcasına qətlə yetirilib.

Vasif Əlihüseyn












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.