“Heç yanda sülhməramlılar sərhəd xidmətini aparmır” - ETİRAZ

22-01-2022, 12:04           
 “Heç yanda sülhməramlılar sərhəd xidmətini aparmır” - ETİRAZ
Bu günlərdə əsas müzakirə olunan və narahatlıq doğuran məsələlərdən biri Rusiya sülhməramlılarının təsir dairəsində olan baş verənlərdir. Görünən budur ki, Qarabağdakı erməni quldur dəstələri və separatçı qüvvələr getdikcə daha çox azğınlıq edirlər. DİA.AZ xəbər verir ki, bu mövzuda sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”ın suallarını cavablandırdı:

- Tofiq bəy, necə bilirsiniz, Rusiya sülhməramlılarının təsir dairəsindəki erməni quldurlarının özbaşınalığı nə vaxta kimi davam edəcək və biz buna nə qədər dözəcəyik?

- Mən bir şeyə fikir verdim. Rusiya XİN təmsilçisi Zaxarovanın Fransadan Qarabağa qanunsuz səfər edənlərlə bağlı şərhi var idi. Deyir ki, Qarabağa gələn xarici vətəndaşlarla bağlı qərar verməyə sülhməramlıların ixtiyarı var. Zaxarova BMT-nin tətbiq etdiyi yanaşmaya və beynəlxalq qanunların tətbiq olunması ənənələrinə zidd olaraq belə bir fikir söyləyir. Amma sülhməramlı əməliyyatlar zamanı sülhməramlıları qəbul edən ölkənin suverenliyini əlindən almır. Əgər əməliyyat sülhə məcburetmə əməliyyatıdırsa, o vaxt suverenlik əldən alınır. Bu isə yalnız BMT-nin xüsusi qərtnaməsi əsasında baş verən üslubdur. Yəni bunu bizə aid etmək olmaz. Suveren hüquqların ən vacibi sərhəddəki qaydalar və iqtisadi mühitin qorunmasıdır. Necə olur ki, bunlar özbaşına bizim hüquqlarımızı mənimsəyiblər? 10 noyabr sənədinə görə, müvəqqəti olaraq, 5 illik bölgədə nəzarət və təhlükəsizlik təmin olunmalıdır. Orda heç nə deyilmir ki, sizə kimsə sərhəd funksiyaları verir. Ya da iqtisadi mühitin qorunmasını, yəni gömrük funksiyalarını. Ona görə də biz bu məsələyə ciddi şəkildə mövqeyimizi bildirməliyik.

- Fransa və Rusiyanın eyni vaxtda erməni separatizmini himayə etmək cəhdləri, sizcə, razılaşdırılıbmı, yoxsa mövqelər sırf təsadüf nəticəsində üst-üstə düşür?

- Artıq fransız Pekressin Sovet İttifaqının, Rusiyanın xüsusi xidmət orqanları ilə əlaqələri hamıya bəllidir. Bəllidir ki, Pekressin ora getməsi məhz Rusiya xüsusi xidmət orqanları tərəfindən təşkil olunmuş “ziyarət” olub. Məqsəd də bu və ya digər şəkildə öz adamı vasitəsilə Fransada aprel ayında keçiriləcək prezident seçkilərinə birbaşa təsir göstərməkdir. İndi bəllidir ki, xanım Pekress Makronun əsas rəqibi olacaq. Bu baxımdan Rusiyanın xüsusi xidmət orqanlarının əməliyyatı təbii ki, Ermənistan və sülhməramlılar tərəfindən tam şəkildə həyata keçirilib. Amma Rusiya və Fransanın oyunları öz işləridir, bu, nəyə görə bizim suveren hüquqlarımız hesabına baş verməlidir? Nəyə görə biz İran sürücülərinin Qarabağa gəlişinə etiraz edirdik? Ancaq Pekress rəsmi Bakının etirazına qarşı çıxır və Fransada az qala bəyan edirlər ki, “əcəb etmişik”. Buna birdəfəlik son qoymaq lazımdır! 10 noyabr sazişində açıq göstərilir ki, orda təhlükəsizlik təmin olunmalıdır. Təhlükəsiziyi gedin post-patrul xidmətini həyata keçirməklə təmin edin. Amma sərhəd nəzarəti və iqtisadi mühitin qorunmasını təbii ki, Azərbaycan qurumları öz suveren hüquqları çərçivəsində həll etməlidir.

- Azərbaycan əslində Gorus-Qafan magistralının bizim ərazilərimizə düşən hissəsində gömrük və sərhəd postunu qurmaqla, Ermənistana aid yük maşınlarına belə, normal, təhlükəsiz keçid imkanı yaratmaqla faktiki olaraq test həyata keçirmiş oldu. Bundan sonra Laçın dəhlizinə də eyni şəkildə nəzarəti təmin etmək imkanı yaranıb, elə deyilmi?

- Biz kiməsə nəsə sübut etmək məsələsini kənara qoymalıyıq. Bu, bizim dövlətimizin suveren hüquqlarıdır. İstənilən yerdə biz bunu tətbiq edə bilərik. Fransanın, ya Rusiyanın sərhədində bizi saxlayıb yoxlayırlar, bəs, niyə biz yoxlamırıq? Ya da elə Ermənistanın sərhədində. Biz kimə nə sübut etməliyik? Bəs biz nəyə görə müharibəni aparmışıq, şəhidlər vermişik: ona görə ki, suverenliyi bərpa edək. Bəs niyə Laçın dəhlizində bərpa olunmasın?

- Konkret nə etməyi təklif edirsiniz, yenidən Rusiya ilə danışmaq?..

- Danışmaq lazım deyil. Məlumat vermək lazımdır ki, artıq bizim sərhədin Laçın hissəsində sərhəd keçidi rejimi olur və orada keçidi biz təmin edirik, qoy yanımızda sülhməramlılar dursun, təhlükəsizliyə tam nəzarət etsin, vəssalam. Nə üçün razılaşmasın, məntiq nədən ibarət olmalıdır? Biz deyirik ki, təhlükəsizliyi sən təmin edirsən, dur da burda. Mən sənə mane olmuram, sadəcə sənədlərin yoxlanması ilə məşğul olacağam. Biz Şuşanın girəcəyində yanaşı durmuruq? “Setka”nın bir tərəfində bizik, digər tərəfində onlar. Problem varmı? Mənim dövlətimə kim girir, sərhədləri yoxlayacağıq, vəssalam. Təhlükəsizlik demirsənmi? Dediyin kimi, ermənilər qorxurlarsa, sənin əsgərin mənim yanımda dursun. Mən sənədləri yoxlayacağam, deyəcəyəm ki, bu keçsin, o keçməsin, vəssalam. Sən də icra elə!

- Belə olan halda Qarabağdakı erməni silahlıların məsələsi necə olacaq?

- Çıxış sərbəst olacaq, amma giriş yoxlama ilə. Onlar desələr ki, hərbi texnikanı çıxartmaq istəyirik, onda biz deyərik hansı miqdarda və sair. Əsas məqsəd nədir, toqquşma olmasın, qan tökülməsin. Sən ondan ötrü gəlmisən Qarabağa, təmin elə də, mən sənə bir söz demirəm ki...

- Son zamanlar ermənilər iddia edirlər ki, Azərbaycan Qarabağdakı qanunsuz silahlı dəstələrə qarşı əməliyyatlara başlasa, Rusiya ilə üz-üzə qalacaq. Bu iddianın əsası varmı?

- Biz heç kəsi öz qarşımızda görən deyilik. Onlar bizim dəvətimizlə gəliblər ki, reinteqrasiya prosesi toqquşmasız, qanun pozuntusu olmadan, təhlükəsizlik şəraitində keçsin. Biz indi ikinci addım atırıq da. Burda sadə və hamıya bəlli məntiq var. Mənim iki sərhədçim Laçın dəhlizində sənədləri yoxlayanda kimisə öldürəcək? Qoy rus avtomatla onun yanında dursun və nəzarət etsin. Qərarı kim verəcək: o girsin və girməsin? Bizimki verməlidir də. Söhbət bundan gedir, biz suveren hüquqlarımızı heç kəsə verən deyilik. Heç yanda sülhməramlılar sərhəd xidmətini aparmırlar. Burada “yox” deməyin heç bir əsası yoxdur.

- Vaxtaşırı sülhməramlılar Suqovuşan və digər əraziləri belə, öz təsir zonalarına daxil etdikləri xəritələri yayırlar. Burada məqsəd nədir?

- O xəritələr rəsmi xəritələr deyil. Hansı xəritəni yayırlar, cəhənnəm olsunlar, yaysınlar. Mənim xəritəyə baxmağa nə vaxtım var, nə həvəsim. Mən sadə bir məntiqi söyləyirəm və buna məntiqli bir cavab olmalıdır. Pekres gəldi, iranlılar gəldi, bizim xoşumuza gəlmədi, bitdi. Biz orada giriş-çıxışı bərpa edirik. Biz özümüz qərar veririk, Pekres gəlsin, yoxsa gəlməsin? O torpağı kiməsə icarəyə verməmişik. Müvəqqəti vermişik ki, təhlükəsizlik təmin olunsun. Sən Laçından kənar digər yerlərdə nə ilə məşğulsan: təhlükəsizliyi təmin edirsən, onda burda da eyni funksiyanı icra et!

- Sülhməramlıların işi sanki Qarabağ ermənilərinə nələrsə paylamaqdan və “erməni zəvvarları” kilsələrə daşımaqdan ibarətdir...

- Qoy eləsinlər, bunun bizə maneçiliyi yoxdur. Zəvvar sənədini göstərsin, “nə üçün gəlibsən”, sualına cavab versin. Əgər filan yeri ziyarət etmək istəyirsə, onda “xoş gəlmisən, gəl!”

- Sergey Lavrovun delimitasiya və demarkasiya prosesini sürətləndirmək çağırışı, sizcə, səmimiyyətdən irəli gəlir?

- Yox, bu, məntiqi baxımdan tamamilə ziddiyyət təşkil edən təklifdir. Bu proses sadəcə ondan sonra başlaya bilər ki, siyasi məsələlər həll olunsun. Ermənistan tərəfi Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıyandan sonra delimitasiya-demarkasiya başlaya bilər. Çünki delimitasiya və demarkasiya prosesinin axırında siyasi sənəd qəbul olunmur. Nəyə görə bu, texniki məsələni qabağa salırlar? Burada siyasi məqsəd var: Ermənistan necə ki, 30 il bundan qabaq bizə qarşı ərazi iddialarını irəli sürüb və münaqişəni başlayıb, indi də təzə şəraitdə həmin iddiaları davam etdirsin. Müharibədən sonra məğlub olan tərəf ilk növbədə ərazi bütövlüyünü tanımalıdır. Müharibə nəyə görə başlayıb? Biz ərazi bütövlüyü və suverenliyimizin təmin olunmasına nail olmuşuq. İndi isə sən bunu qəbul elə. Qəbul etmirsənsə, cəhənnəmə get, heç mən də sənin sərhədini də tanımaq istəmirəm. Mənim gücüm nəyə çatır, orda dayanacağam və deyəcəyən ki, mən bu sərhədi tanıyıram. Sən mənim sərhədimi tanımırsansa, məntiqlə, sənin sərhədin də yoxdur.

- Bu məntiqlə Azərbaycan ordusu İrəvana qədər irəliləyə bilər, deyilmi?

- Bəs, cənab prezident həmin sözü deyib. Bildirdi ki, yarım il sizi gözləyirik, nəticə olmasa, bəlkə də məsələlər bizim xeyrimizə yekunlaşacaq.

- Bir sıra hallarda ermənilər də Azərbaycan Prezidentinin xəbərdarlıqlarının zarafat olmadığını anlayırlar. 6 ayın tamamında nə baş verə bilər?

- Mən hesab edirəm ki, hələ onlar məsələnin ciddiliyini başa düşmürlər. Təəssüflər olsun ki, Rusiyada olan erməni dairələri buna şərait yaradır. Zaxarovanın bəyanatı Lavrovun müharibədən əvvəl verdiyi bəyanatına bənzəyir. Yadınızdadır, demişdi “Dağlıq Qarabağ məsələsi Azərbaycanın daxili işi deyil”. Yəni Azərbaycanın suverenliyini şübhə altına qoyurdu. Sən o vaxt suverenliyimizi necə şübhə altına ala bilərdin? Bəs, indi nə oldu? İndi Zaxarova da həmin ideyanı deyir ki, Rusiya xarici vətəndaşların Qarabağa girişini müəyyən edəcək. Salaməleykum!

- Putinsə deyib Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir...

- Bəli. Yəni erməni tərəf yenə bu dalğanı təşkil edir, bunu görürük. Buna çox ciddi şəkildə cavab verilməlidir. Cənab prezidentin bu yaxınlarda yerli televiziyalara verdiyi müsahibənin əsas məqamı budur. Vəziyyət bundan ibarətdir. Biz məqsədlərimizi çox açıq şəkildə ortaya qoymalıyıq. Bəzən biz də aldanırıq ki, ay delimitasiya - demarkasiya oldusa, hər şey öz həllini tapacaq. Birincisi, bu, texniki məsələdir. İkincisi də illərlə çəkə bilər.

- Şəxsi fikrim budur ki, delimitasiya və demarkasiyanın tez başa çatması heç də bizim marağımıza uyğun deyil, ən azı zaman-zaman Ermənistana verilmiş ərazilərin taleyi həll olunmalıdır...

- Bəli. Açıq danışaq, indi Rusiyanın bu və ya digər şəkildə postsovet məkanında kiməsə qarşı güc tətbiq etməsi real görünmür. Qazaxıstan hadisələrindən sonra bu, minimuma endirilib. Çünki Qazaxıstanda gülməli əməliyyat oldu, çörək zavodunu guya ermənilər qoruyurdu və s. Bu, onu göstərdi ki, belə bir təcrübə mənfidir. Bu baxımdan Azərbaycan daha sərt mövqeyini göstərməlidir.

- Nəhayət, Araik Arutyunyan və digər canilərlə bağlı nə etmək lazımdır?

- Yavaş-yavaş onlar özləri başa düşməlidir ki, ya Azərbaycanın qanunlarına tabe olmalıdır, ya da çıxıb getməlidirlər. Onsuz da köç baş verir. Amma bizim qapımız açıqdır. Bizim dövlətin qanunları var: kim insanlığa qarşı hərbi cinayətlər törətməyibsə, bu insanlar vətəndaşlıq alıb, yaşaya bilərlər. Kim bunu qəbul etmir, ən yaxşı halda bizim qanunlarla “görüşüb”, onun gücünü biləcək, ya da ondan öncə qaçıb getsin, istədiyi yerdə yaşasın. Hər halda orda canilər və camaat var. Onlar bizdən belə bir addımı istəyərdilər ki, adi camaatı “mübarizə”yə cəlb eləsinlər və toqquşmalar olsun. Təbii ki, onların marağındadır. Nəticədə desinlər ki, gəlin kömək edin və s. Bu şəraitdə qərar qəbul etməkdə sərbəstdirlər, ya qalırlar, ya da çıxıb gedirlər. Orda ikinci erməni dövləti olmayacaq, Azərbaycan olacaq, vəssalam!шаблоны для dle 11.2


Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.