“ABŞ səfirliyinin Gömrük Komitəsinin indiki binasına yerləşməsinin qarşısını mən aldım...”

30-01-2022, 08:15           
“ABŞ səfirliyinin Gömrük Komitəsinin indiki binasına yerləşməsinin qarşısını mən aldım...”
“ABŞ səfirliyinin Gömrük Komitəsinin indiki binasına yerləşməsinin qarşısını mən aldım...”
MüsahibəOxunub: 58818:52, Bu gün
“ABŞ səfirliyinin Gömrük Komitəsinin indiki binasına yerləşməsinin qarşısını mən aldım...”
“Bu qurumu kimlərsə tənqid edəndə elə bilirəm ki, mənim doğma övladımı tənqid edirlər...”

“Müstəqil dövlətimizin ilk gömrük qurumunun yaradılmasında fəal iştirakımı özüm üçün böyük şərəf hesab edirəm...”

Yanvarın 30-da Azərbaycan Dövlət Gömrük Komitəsinin yaranmasının 30 illiyi qeyd olunur. Bu münasibətlə Moderator.az-da bu dəfəki həmsöhbətimiz həmin qurumun əsasının qoyulmasında fəal iştirak etmiş, hazırda politoloq kimi tanınan, ixtisasca həm də coğrafiyaçı-iqtisadçı olan, 1992-ci ildə DGK-nin ilk sədrinin ilk birinci müavini kimi çalışmış siyasi elmlər doktoru Cümşüd Nuriyev oldu.

-Cümşüd bəy, 1992-ci ilin yanvarında, müstəqil Azərbaycan dövlətinin ilk kövrək addımlarını atdığı, Qarabağda artıq hərbi əməliyyatların şiddətləndiyi, erməni işğallarının başlandığı bir vaxtda Dövlət Gömrük Komitəsinin əsası necə qoyuldu?

-Hələ 1991-ci ilin noyabrında o vaxtkı dövlət başçısı Ayaz Mütəllibov məni dəvət edərək Gömrük Komitəsini formalaşdırıb onun sədri olmağı təklif etdi. Ancaq mən həmin sahəni yetərincə bilmədiyim üçün imtina etdim. Əslində gömrük idarəsinin rəhbəri ya iqtisadçı, ya hüquqşünas və yaxud təhlükəsizlik əməkdaşı olmalıdır. Gömrük işini mənimsəmək, onun əsas özəyini formalaşdırmaq üçün azı, bir neçə ay vaxt lazım idi. Ona görə də DTK-nın tanınmış əməkdaşlarından, əks-kəşfiyyat idarəsinin rəisi olmuş polkovnik Maqsud Məmmədovun namizədliyi müzakirə olundu. Bu minvalla 1992-ci il yanvarın 30-da “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 561 saylı Fərmanı ilə Gömrük Komitəsi yaradıldı və Maqsud Məmmədov da həmin quruma ilk sədr, mən isə sədrin birinci müavini təyin olunduq...

Onu da deyim ki, Maqsud Məmmədov keçmiş SSRİ-də qəbul olunan bir neçə DTK əməkdaşından biri olmaqla eks-prezident Heydər Əliyevlə yaxın dost idi. Komitə əsasən keçmiş Azərbaycan Respublikası Gömrük İdarəsinin bazasında formalaşmışdı. Bir neçə ay müddətində Maqsud müəllimlə birgə Gömrük Komitəsinin strukturunu təşkil etdik. O vaxt gömrük işinin təhlükəsizlik və kəşfiyyat işini də təmin etmək lazım idi. Bunda ötrü də sovet vaxtından təhlükəsizlik xidmətlərinin xətti ilə xaricdə xidmət edən azərbaycanlıları cəlb etdik. Onlar gömrük sisteminin formalaşmasında, bu qurumun Azərbaycanın ticarət əlaqələri olan xarici ölkələrdə şəbəkəsinin yaradılmasında böyük rol oynadı. O əməkdaşlar iri xarici şirkətlərdə, onların yükgöndərən şöbələrində yerləşdirilmişdi və narkotik, silah, qiymətli metallar və s. qaçaqmalçılığıyla bağlı məlumatlarla bizi təmin edirdilər. Bu günədək həmin məsələdən danışılmayıb və o şəxslərin adı çəkilməyib. Artıq üzərindən 30 il keçdiyinə görə ümumi şəkildə danışmaq olar. Bizim qurduğumuz bu sistem gömrük komitəsinin fəaliyyətinin ilk dövrlərində böyük əhəmiyyətə malik oldu...

-Komitənin ilk binası harada yerləşirdi?

-Gömrük Komitəsinin yerləşdiyi ilk bina Bakı limanı və Dəniz vağzalının yanında olub. O vaxt paytaxta əsas yüklər limandan və aeroportdan gəlirdi. İlk vaxtlar Azərbaycanın cəmi 4 gömrük postu var idi; cənubda – İranla sərhəddə Astara, Culfa, eləcə də beynəlxalq hava limanı və Bakı Dəniz limanında...
Gömrük Komitəsinin hazırkı binasının mən 1992-ci ilin mayında AXC hakimiyyətə gələndən bir neçə gün sonra, böyük çətinliklə olsa da, Komitəyə verilməsinə nail oldum. O vaxt ABŞ səfirliyi həmin binanın onlara verilməsi ilə iqtidarın razılığını almaq üzrə idi. Səfir Riçard Maylz dirənmişdi. Mən gecə təcili o vaxt prezident səlahiyyətlərini icra edən Ali Sovet sədri İsa Qəmbərlə görüşdüm. Ona izah etdim ki, Amerika səfirliyi şəhərin ən hündür yerlərindən birində, həm də Prezident Aparatına, Müdafiə və Təhlükəsizlik naziliklərinə, parlamentə yaxın məkanda yerləşən o binanı ələ keçirsə, bütün Bakı onların tam nəzarətində olacaq və dövlət rəhbərliyinin danışıqlarını belə, izləmək imkanına yiyələnəcəklər. İsa Qəmbər mənimlə razılaşdı və binanın Gömrük Komitəsinə verilməsinə rəsmi qərar verildi. O zaman həmin binada Prezidentin Nəzarət İnspeksiyası yerləşirdi. O qurum binadan çıxarıldı və biz əməkdaşlarımızla birgə gecə səhərədək orada oturub heç bir kənar şəxsi içəri buraxmadıq...

-Bəs Şimalda, yəni Rusiya ilə sərhəddə gömrük məntəqəsi nə vaxt yaradıldı?

-Şimalda, Yalama və Samurdakı ilk gömrük məntəqələri 1992-ci ilin iyununda, bilavasitə mənim rəhbərliyimlə yaradıldı. Bundan əlavə, yenə də İranla sərhəddə Xudafərin, Naxçıvanda Türkiyə ilə sərhəddə Sədərək və Gürcüstanla sərhəddə Sınıq körpü postlarını açdıq. Onu deyim ki, o vaxt Türkiyə ilə gediş-gəliş hələ çox aşağı səviyyədə idi...

- Gömrük postlarının yaradılarkən hansısa ölkə problem yaratmadı ki?

-O zaman şimal sərhədimizdə ilk gömrük postlarımız yaradılarkən yalnız Rusiya problem yaratdı. Moskva etiraz etdi ki, bizimlə sərhəd olmamalıdır, gömrük olmamalıdır. Lakin buna rəğmən biz bu ölkə ilə sərhəddə gömrük məntəqələrini yaratdıq. Məhz bundan sonra mənim üçün problemlər yaradılmağa başlandı. Həmin postları yaratdığıma görə Moskvanın təzyiqi ilə bir neçə ay sonra işdən azad edildim...

Buna rəğmən komitə sədrinin 1-ci müavini işlədiyim cəmi 8 ay müddətində xeyli iş gördük. Əvvəla, dediyim kimi, komitənin strukturunu formalaşdırdıq, gömrük məntəqələrini yaratdıq. Bundan əlavə, 1992-ci ilin avqustunda Təbrizdə ilk dəfə Azərbaycan mallarının sərgisini təşkil etdik. Hökumət nümayəndə heyətinin sədri mən idim. İranla xeyli danışıqlardan sonra razılıq aldıq. Nümayəndə heyətinə o zaman Azərbaycan rəhbərliyində təmsil olunan Kamran Hüseynov, Həsən Seyidov, Fikrət Sadıqov kimi tanınmış və peşəkar hökumət xadimləri daxil idi...

-Sizdən başqa ilk Komitə sədrinin digər müavinləri kimlər idi?

-Komitədə digər müavinlər Daxili İşlər nazirinin keçmiş müavini Telman Əliyev və sonradan Naxçıvanın MTN rəhbəri olmuş polkovnik Hüseyn Hüseynov və keçmiş DTK polkovniki Azər Abdullayev oldu. İlk vaxtlar komitədə və yerlərdəki məntəqələrdə təxminən 110 əməkdaş çalışırdı. Onu da deyim ki, Gömrük Komitəsinin gənc əməkdaşlarının hazırlanmasında qardaş Türkiyənin böyük rolu oldu...

Xalq Cəbhəsi hakimiyyətə gələndən az sonra 1992-ci ilin iyununda Maqsud Məmmədovu vəzifəsindən azad etdi və onun yerinə Xocalı soyqırımı zamanı cəmi iki nəfərin qətlə yetirilməsi haqda məlumat vermiş keçmiş Daxili İşlər naziri Tofiq Kərimov təyin edildi. Onun gömrük işindən, ümumiyyətlə, xəbəri yox idi. Səhv etmirəmsə, 1992-ci ilin sentyabrında T.Kərimov da azad olundu və Gömrük Komitəsi sədri vəzifəsinə İbrahim Vəliyev təyin edildi. 1993-cü ilin yayında isə Tahir Əliyev bu vəzifəyə təyin olundu...

Heydər Əliyev hakimiyyətə gəldikdən və İlham Əliyev onu əvəzlədikdən bəri keçən müddət ərzində isə Gömrük Komitəsinin əldə etdiyi uğurlar hamıya məlumdur...

-Cümşüd bəy, axı bir çox rəsmi mənbələrdə Gömrük Komitəsinin yaradılıb formalaşmasında ilk sədrin və sizin xidmətləriniz qeyd ounmur?

-Əlbəttə, bu, doğru deyil. Mən “Gömrük tarixi” adlı dərslik kitabı yazmışam və orada 1991-ci il müstəqilliyimizin bərpasından sonra ilk sədrlərin kimlərin olduğunu göstərmişəm. Tarixi faktları gizlətmək olmaz. Bu faktdır ki, Gömrük Komitəsi 1992-ci il yanvarın 30-da Azərbaycanın 1-ci Prezidenti Ayaz Mütəllibovun fərmanıyla yaradılıb. Hamıda bilir ki, Gömrük Komitəsinin əsasının qoyulmasının əksər işlərini mən görmüşəm. Parlamentdə Gömrük tarifi haqqında ilk qanunun qəbul edilməsində, Gömrük Məcəlləsinin ilkin variantının hazırlanmasında da fəal iştirak etmişəm. Gömrük işinin tədrisi ilə bağlı 5 dərslik("Gömrük ekspertizası", "Gömrük hüququ", "Ekologiya hüququ", "Gömrük rəsmiləşdirilməsi", "Gömrük işinin təşkili və idarə edilməsi") və 3 dərs vəsaiti (“Gömrük statistikası", "Azərbaycanın Gömrük tarixi", "Gömrük etikası”) yazmışam...

Kimlər bunları qəbul etmirsə, canları sağ olsun. Ola bilər ki, kiminsə bir şəxs olaraq məndən xoşu gəlməsin. Fəqət, dediklərim faktdır və onları danmaq mümkün deyil...

Amma bütün bunlara rəğmən mən özüm üçün böyük şərəf hesab edirəm ki, Azərbaycan Respublikasının müstəqilliyinin bərpasından sonra dövlətimizin ilk gömrük qurumunun sıfırdan yaradılmasında, onun əmlak və hüquqi bazasının formalaşmasında, bu sahədə beynəlxalq əlaqələr qurulmasında, gömrük işinin gənc mütəxəssislərə öyrədilməsində və s. aparıcı və fəal rol oynamışam. Kimlərin bunları qəbul edib-etməməyi məni o qədər də maraqlandırmır. Çünki mən bu işləri kimlərəsə xoş gəlsin deyə etməmişəm, Azərbaycan xalqı, Azərbaycan dövləti üçün etmişəm... Və hər şeyə rəğmən qəzetiniz və saytınız vasitəsilə bütün Gömrük Komitəsi rəhbərliyini və əməkdaşlarını 30 illik yubiley münasibətilə təbrik edir, onlara dövlətimizin gömrük sisteminin daha da möhkəmləndirilməsi və şəffaflandırılması işlərində uğurlar arzulayıram...

Bilirsiz, bu qurum mənim üçün çox doğmadır, sanki bir övladımdır. Çünki dediyim kimi, onun yaradılmasında əlimdən gələni etmişəm. Odur ki, kimlərsə səhv, ya düz Gömrük Komitəsini tənqid edəndə sanki mənim doğma övladımı tənqid edir. Mən bunu çox ağır qəbul edirəm. Bir növ bunda özümü də günahkar sayıram ki, deməli, o vaxt bu qurumun bünövrəsini qoyanda biz nələrdəsə səhvlərə yol vermişik...

Sonda sizə, saytınızın rəhbərliyinə belə bir əlamətdar tarix münasibətilə bizləri yad etdiyiniz üçün dərin təşəkkür və minnətdarlığımı bildirirəm...

-Biz də maraqlı söhbət üçün sizə təşəkkür edirik.

Sultan Laçın












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.