“Müharibə Putinə və Qərb ölkələrinə sərf edir” - Ekspertlər danışır

8-03-2022, 09:50           
“Müharibə Putinə və Qərb ölkələrinə sərf edir” -
“Ukrayna ordusu hazırda vuruşur. Vacibi odur ki, Kiyev ordu sisteminə nəzarət edir və ruslar onu tam sıradan çıxara bilməyib. Hesab edirəm ki, hələ dəhşət qarşıdadır. Burada söhbət Rusiyadan və ya Ukraynadan getmir”. Teref.az xəbər verir ki, bunu Reyting.az-a politoloq Zərdşüt Əlizadə deyib.

Z. Əlizadənin sözlərinə görə, indi sual ortaya çıxır ki, bu müharibə kimə xeyirdir?

Onun qənaətincə, indi müharibə Rusiya prezidenti Vladimir Putinə xeyirdir, amma rus xalqına ziyandır:

“Rus xalqı oyanacaqmı, nələrin baş verəcəyinə diqqət edəcəkmi? Mən buna müsbət cavab verə bilmərəm. Rus xalqını elə vəziyyətə salmayıblar ki, oyansın. Rus xalqına ağrılı iztirab lazımdır ki, oyansın”.

Politoloq əlavə edib ki, erməni xalqı da 30 il yuxuda oldu: “Bəs erməni xalqı nə zaman oyandı? Onları bizim apardığımız 44 günlük müharibə oyatdı. Ermənilər 5 min əsgər itirdi, 11 min yaralısı və ya əlili oldu. Üstəlik, 30 il ərzində işğal etdiyi torpaqları itirdi. Və birdən səksənib oyandı və düşündü ki, səhv edib, yanılıb. Səhv yolda olduğu üçün oyandı. Amma rus xalqı belə sarsıntı keçirməyib”.

Z. Əlizadə hesab edir ki, əgər Ukrayna müharibəsində Rusiya məğlub olsa və ya ona qarşı tətbiq edilən sanksiya-cəza tədbirləri uzunmüddətli olsa və camaat ac-möhtac qalsa, bu hada nəsə ola bilər: "Amma indi rus xalqı yanlış təsəvvürlər və fikirlərlə düşünür".

Politoloqun iddiasına görə, ABŞ başda olmaqla Qərb ölkələri də əslində müharibənin tez başa çatmasında maraqlı deyillər: “Niyə? Çünki bu müharibədə Rusiya da itirir, zəifləyir, ehtiyatlarını tükəndirir. Ona görə də, müharibənin dəhşətləri hələ qarşıdadır. Əgər onlar ukrayna xalqını müdafiə etmək niyyətində olsaydılar, vəziyyət indiki səviyyəyə çatmazdı. Ən azından Rusiyaya sərt xəbərdarlıq olunardı”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.