Kamran Əsədov: "Bizim bəzi universitetlərin idarəçiliyi kolxoz idarəçiliyindən o tərəfə getmir" - MÜSAHİBƏ

10-03-2022, 19:13           
Kamran Əsədov:
“Açılan hər məktəb bir həbsxananın bağlanması deməkdir”

( Viktor Hüqo)

Heç şübhəsiz ki, təhsil müasir dövrün ən aktual mövzularından biridir. Bütün tərəqqilərin fövqündə dayanan təhsil bəşəriyyətin bəlkə də tək və vahid xilaskarı sayıla bilər. Xüsusən də çağdaş dövrümüzdə təhsilin inkişafına xüsusi diqqət ayıran ölkələrin qısa zamanda necə uğurlar əldə etdiyinin hamımız şahidi oluruq. Zaman – zaman öz ziyalıları, alimləri və digər elm adamları ilə tanınan ölkəmizin hazırda təhsil sahəsində vəziyyətini dəyərləndirmək istədik. Mövzu ilə bağlı saytımıza, tanınmış təhsil eksperti Kamran Əsədov müsahibə verib. Müsahibəni sizə təqdim edirik:

- Müsahibəmizin ilk sualı olaraq sizin subyektiv fikirlərinizi bilmək istərdim. Əgər təhsil sektorunda hər hansısa islahatlar aparmaq səlahiyyətində olsanız, ilk növbədə nələrdən başlayardınız və ya nələri gerçəkləşdirmək istərdiniz?

- Bu bir təkzibolunmaz həqiqətdir ki, bu günümüzdə ən zəruri faktor olan müasir təhsil sistemi yeni formalaşan cəmiyyətin ayrılmaz bir sahəsidir. Bu sivil sferanın inkişafı həmin sosiumların irəli getməsinə, ölkədə fəaliyyətdə olan bütün sahələrdəki uğurların sayının artırılmasına səbəb olur. Çünki təhsil faktoru hər bir fərdə təsir etmək gücünə malikdir və bunun müsbət nəticəsini sivil cəmiyyətin bütün inkişaf mərhələlərində görmək mümkündür.

Bütün bunları nəzərə alaraq yəqinliklə deyə bilərik ki, təhsil:

- cəmiyyətin tərəqqisinin hərəkətverici qüvvəsidir;

- intellektual potensialı formalaşdırır;

- xalqın ümidli gələcək sferasını yaradır;

- yoxsulluğu aradan qaldırır və xalqın rifah halını yaxşılaşdırır;

- hüquqi cəmiyyətin qurulmasında əvəzsiz rol oynayır;

- vətəndaşı cəmiyyətdə ən məhsuldar təfəkkürlü qüvvəyə çevirir;

- fərdin və ya kollektivin ümumi inkişafını təmin edir;

- milli-mənəvi dəyərləri qoruyur və tənzimləyir;

- insan kapitalını formalaşdırır və sair.



- Bir təhsil ekperti kimi fikrinizcə bugün Azəraycan təhsilində başlıca problemlər hansılardır və bu problemlərin çözüm yolları nədir?

- Göründüyü kimi, təhsil sektoru həm sosiumun, həm də dövlətin əsas, aparıcı sahələrindəndir və onun inkişaf etdirilməsi hər bir dövlətin qarşısında duran vacib prioritetlərdən biridir. Əlbəttə, müasir təhsil sisteminin səviyyəsini daha da yüksəltmək üçün bundan öncə infrastruktur işləri tamamilə tənzimləməli və yekunlaşdırmalı, müasir texniki vasitələrlə təmin olunmuş təhsil ocaqları yaradılmalı, nəhayət, güclü elmi-pedaqoji kadrlar formalaşdırılmalıdır.

- Bizim təhsil sistemi nə zaman beynəxlaq səviyyədə nüfuz qazana bilər ? Misal üçün Azərbaycanı təhsil baxımından , Finlandiya kimi bir ölkəyə çevirmək şansı varmı?

- Müasir mərhələdə təhsilin irəli aparılması istiqamətində əsaslı islahatlar həyata keçirilsə də, bütövlükdə tam inkişafa nail olmaq hələ ki, mümkün olmamışdır. Bu baxımdan, ölkəmizdə mövcud şəraitdə təhsil sahəsində də problemlər var və onların həlli labüddür. Ümumi olaraq Azərbaycanın təhsil sistemində olan problemləri aşağıdakı kimi şərh etmək olar:

İlk peşə-ixtisas təhsili müəssisələrini bitirən şəxslərin sayı iqtisadiyyatın tələbatı ilə üst-üstə düşmür. Son illər ümumi təhsil müəssisələrini bitirən məzunların yalnız 11 faizinin ilk peşə-ixtisas təhsili müəssisələrini seçməsi, ümumilikdə həmin pillədə təhsilalanların cəmi 25–27 min nəfər təşkil etməsi əhalidə ilk peşə-ixtisas təhsilinə marağın aşağı olduğunu göstərir;

Kənd yerlərində müxtəlif fənlər üzrə müəllim çatışmazlığı hələ də tam olaraq həll olunmamışdır;

Ölkəmizdə məktəbəqədər təhsilə cəlb olunma səviyyəsi aşağıdır. Belə ki, məktəbəqədər təhsillə əhatə səviyyəsi şəhərlərdə 23,4, kəndlərdə 8,7, ölkə üzrə isə 16,5 faiz təşkil edir;

İlk peşə-ixtisas və orta ixtisas təhsili kurikulumları müasir tələblərə cavab vermir;

Səriştəyə əsaslanmayan, əmək bazarında yetərincə rəqabətli olmayan əmək haqqı sistemi və maddi stimullaşdırma mexanizmlərinin adekvat olmaması təhsildə müəllim amilinin inkişafına mənfi təsir göstərmişdir;

Təhsil sistemində tənzimləmə, idarəetmə və nəzarət funksiyalarının dəqiq müəyyən edilməmişdir;

Bundan başqa, ali təhsil müəssisələrində Boloniya sistemi ilə yanaşı köhnə tədris metodlarının da tətbiqi tədrisin keyfiyyətinin aşağı düşməsinə səbəb olur;

Məktəblərdə və ali təhsil müəssisələrində xarici dillərin tədrisinin aşağı səviyyəsi ölkədə təhsil alan tələbələri dil biliyini inkişaf etdirməsi üçün əlavə kurslara üz tutmağa məcbur edir;

Əmək bazarının tələblərinə uyğun olmayan, səmərəsiz kadr hazırlığı ölkədə bəzi sahələrdə kadr çatışmazlığı ilə, bəzi sahələrdə isə işsizlik probleminin yaranması ilə nəticələnmişdir;

- Bu sahədə beynəlxalq reytinqdə ola bilməməyimizin səbəbləri nədir ?

Dünya reytinq siyahısında universitetlər yüksək bal alanda bir neçə xüsusiyyətlər nəzərə alınır. Bura universitetin kampusunun, yataqxanasının, kitabxanasının və elmi bazasının olması daxildir. Ölkədə fəaliyyət göstərən 50-ə yaxın ali təhsil müəssisəsində sadalananlar yoxdur. Yataqxanası olan universitetlərin ya yataqxanaları yararsız vəziyyətdədir, ya da bütün tələbə kontingentini əhatə edə bilmir. Ona görə də bu xüsusiyyət üçün bal alma göstəricisi aşağıdır.

Digər səbəb isə universitetlərdə çalışan və sayı heç də az olmayan elmlər doktoru, elmlər namizədi və ya elmi ad alan şəxslərin tədqiqat apardıqları elmi sahələrin, elmi mövzuların dünya əhəmiyyətli olmamasıdır. Yəni, bizim elmi işlərimizə müraciətin çox aşağı səviyyədə olmasıdır. Çünki Azərbaycanda elmi tədqiqat işlərinin çox hissəsi lokal xarakterli daşıdığından dünyada əhəmiyyəti olmayan mövzular olur. Ona görə də bizim elmlə məşğul olan insanların xarici jurnallarda məqalələri çox az saydadır.

Digər başqa səbəb isə universitetə xarici tələbə axınının az sayda olmasıdır. Misal olaraq, Sinqapurda oxuyan xarici tələbələrin sayı 80 min nəfərdir. Azərbaycanda isə 54 ali təhsil müəssisəsinə oxumağa gələn xarici tələbələrin sayı 2 min nəfərdir.

Təəssüf ki, bizim bəzi universitetlərin idarəçiliyi kolxoz idarəçiliyindən o tərəfə getmir. Yəni, bəzi universitetlərin rektoru təhsil ocağını şəxsi biznesləri kimi idarə edirlər. Onlar universitetlərin beynəlxalq reytinq siyahısına düşməsində, yaxud hansısa elmi tədqiqatlarının aparılmasında maraqlı deyillər. Özəl universitetlərin əksəriyyətində isə qapıçıdan tutmuş xadiməyə qədər hamısı qohumlarıdır. Azərbaycandakı ali təhsil müəssisələrinin çoxu dörd divar və partalardan ibarətdir. Hətta bəzilərinin heç kitabxanası da yoxdur. Ölkədəki universitetlərin hansısa reytinqin 500-lüyünə düşməməşi biabırçılıqdır. Əksər rektorlar bunda maraqlı deyil. Əgər universitetlər dövlət büdcəsindən maliyyə almayıb öz şəxsi hesabına dolansa, gələcəkdə nüfuz qazana bilərlər.

Qeyd etdiyim kimi dünyanın nüfuzlu agentlikləri dünya universitetlərinin reytinqin tərtib olunmasında bir neçə meyar - akademik aləmdən olan ekspertlərin rəyi, professor-müəllim heyətinin tələbələrin sayına nisbəti, işəgötürənlər arasında reputasiyası, sitat gətirilmə indeksi, həmçinin xarici müəllim və tələbələrin payı nəzərə alınır.

Hesab edirəm ki, universitetlər artıq dünya təhsilini bilən menecerlər tərəfindən idarə olunmalıdır. Artıq müasir dövrün ali məktəbi, müasir universitet tendensiyası, müasir çağırışlar fərqlidir. Artıq dünya universitetləri özləru pul qazanır, böyük büdcəyə sahibdirlər. Bizim universitetlər isə bu tendensiyalardan kənarda qalırlar. Ona görə də ali təhsil pilləsində ciddi şəkildə islahatlar həyata keçirilməlidir, müasir təhili bilən, dünya təhilindən xəbərdar olanlar idarəetməyə cəlb olunmalıdırlar.

Ölkəmizin ali təhsil ocaqlarının səviyyəsi artıq beynəlxalq qurumlar, xarici təşkilatlar səviyyəsində də fəal şəkildə qiymətləndirilir.

Son illər dünyada müxtəlif kateqoriyalar üzrə ali məktəblərin reytinqinin müəyyən edilməsi çox populyarlaşıb. Xüsusən inkişaf etmiş ölkələrdə bu tədqiqat daha çox aktualdır. Eyni zamanda, bir sıra beynəlxalq təşkilatlar hər il universitetlərin beynəlxalq reytinqini hazırlayır.

Dünyada universitetlərin reytinqinin müəyyənləşdirilməsi sahəsində tanınmış təşkilatlardan biri “webometrics” təşkilatıdır. “webometrics” reytinq cədvəli universitetin dünyada nüfuzu, məzunların işlə təmin olunması, beynəlxalq əlaqələr, müəllim – tələbə nisbəti, elmi nəşrlər və xarici tələbə və müəllimlərin faizi kimi meyarlara görə formalaşdırılır. “webometrics” təşkilatının son 2019-2020-cı il Dünya Reytinq cədvəlində Azərbaycandan ilk 10.000 (on min) nüfuzlu universitet siyahısına yalnız 3 ali məktəb yer alıb. ADA universiteti və Xəzər universiteti reytinq cədvəlində 6051-10.000 aralığında yerləşib. Bu iki ali məktəbdən başqa üçüncü Azərbaycan ali məktəbi– Bakı Dövlət universiteti isə bir qədər aşağıda qərarlaşıb. BDU-nun tutduğu yer «10.001+» (yəni 10.000-cü yerdən sonra)- dır. Onu da qeyd edək ki, ali məktəb reytinqləri ilə bu sahədə ixtisaslaşmış ümumdünya təşkilatları məşğul olur. Onlar ali məktəbin səviyyəsini çox müxtəlif və mühüm göstəricilərə görə müəyyən edirlər, ali məktəbin təhsil prosesini nə dərəcədə ciddi apardığını araşdırırlar. Son illər Dövlət İmtahan Mərkəzi də Azərbaycan ali məktəblərinin reytinq cədvəlini elan edir. Lakin DIM-in elan etdiyi “reytinq” sadəcə cari ildə aparılan qəbul kampaniyasına əsaslanır, qəbul imtahanlarının nəticələrinə görə bir sıralamadır, ali məktəblərin hərtərəfli və tam fəaliyyətini göstərən reytinq deyil. Sadə həqiqətdir ki, tələbənin oxuduğu ali məktəbdə aldığı təhsilin səviyyəsi onun ali məktəbə hansı balla qəbul olmasından daha vacibdir. Nisbətən az balla qəbul olub yaxşı təhsil alan tələbə yüksək balla qəbul olub zəif təhsil alan tələbə ilə müqayisədə daha səviyyəli məzun kimi yetişir. Odur ki, ali məktəblərin reytinqi qəbul kampaniyasının nəticələrinə əsaslanmamalı, ali məktəblərin hərtərəfli və tam fəaliyyətini əks etdirən meyarlar əsasında aparılmalıdır.

Reytinq siyahısı formalaşan zaman aparılan tədqiqatlar ali məktəblərdə bir sıra problemlərin mövcudluğu üzə çıxarır. Ona görə də universitetlərdə keyfiyyətin yüksəldilməsi ilə bağlı hələ çox iş görülməlidir.

Beynəlxalq reytinq təşkilatlarının apardıqları təhlillərə əsaslanaraq deyə bilərəm ki, universitetlərin beynəlxalq əməkdaşlığının səviyyəsi yüksək deyil. Mən belə hesab edirəm ki, bu əməkdaşlıq, adətən, müxtəlif ölkələrin universitetlərinin rektorlarının Azərbaycana səfəri zamanı əməkdaşlıq haqda müqavilənın imzalanmasından uzağa getmir.

Apardığım araşdırmalara əsasən əminliklə deyə bilərəm ki, universitetlərimizin müəllim, tələbə mübadiləsi yox səviyyəsindədir. Universitet rəhbərləri bunu maliyyə vəsaitinin çatışmazlığı, normal yataqxanaların olmaması ilə əlaqələndirsələr də, apardığım araşdırmalar göstərir ki, onlar, sadəcə, bu istiqamətdə vəsait xərcləməyi istəmirlər. Bəzi ali məktəb rəhbərləri fikirləşirlər ki, beynəlxalq əlaqə üçün yalnız onların özlərinin səfərləri kifayətdir.

Bundan başqa, universitetlərin əksəriyyətinin elmi-tədqiqat göstəriciləri çox aşağıdır. Xaricdə nəşr olunmuş məqalələr, konfranslarda iştirak kifayət qədər deyil. Elmi-tədqiqat üçün ayrılan vəsait çox zaman heç bir elmi nəticəsi, effektivliyi olmayan laboratoriyaların əməkdaşlarına əməkhaqqı kimi ödənilir, xaricdə məqalələri nəşr olunan alimlər stimullaşdırılmır, beynəlxalq konfranslarda iştirak isə yenə də bir nəfərin -rektorun qərarından asılıdır.

Bu məsələdə də – universitet alimlərinin beynəlxalq tədbirlərdə universitetin maliyyəsi hesabına iştirakını təmin etmək üçün yeni mexanizmlər tətbiq edilməlidir .

- Xüsusən ali təhsil müəssisələrini bitirənlərə təyinat sisteminin tətbiq olunmaması təhsil sisteminin ən böyük problemlərindən biri hesab oluna bilər.

Beləliklə, ölkəmizdə təhsil sisteminin inkişaf etdirilməsi istiqamətində davamlı addımlar atılsa da, bu və ya digər problemlər hələ də öz həllini tapmamışdır. Lakin bu problemlərin həll olunması ölkənin davamlı inkişafı üçün vacibdir. Buna görə də ölkə rəhbərliyi bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirir.

Təhsildə bu və ya digər problemlərin azaldılması üçün aşağıdakı perspektiv tədbirlərin görülməsi təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına imkan yarada bilər:

Yeni kurikulumların hazırlanması və tətbiqi;

Dərsliklərin təkmilləşdirilməsi və müasir dövrə uyğunlaşdırılması, xüsusən ali təhsil müəssisələrində sovet dövründən qalma dərsliklərin yeniləri ilə əvəz olunması;

Ali təhsil müəssisələrinə ixtisas seçimi prosesinə daha ciddi nəzarət olunması, xüsusən əmək bazarının tələbi ilə üst-üstə düşməyən ixtisasların başqaları ilə əvəz olunması, eləcə də abituriyentlərə ixtisas seçimi öncəsi ixtisaslarla bağlı ətraflı məlumatların verilməsi (ixtisasların gələcəkdə abituriyentlərə nə qazandıra biləcəkləri, iş prosesində hansı işləri görəcəkləri haqqında ətraflı məlumatları əks etdirən broşuraların yayımlanması ixtisas seçimi səhvlərinin aradan qaldırılmasına yardımçı ola bilər);

Ali təhsil müəssisələrində tətbiq olunan Boloniya sisteminin təkmilləşdirilməsi;

Müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və daha gənc kadrların tədris prosesinə cəlb olunması;

Ucqar kəndlərdə yeni məktəblərin inşası və burada təhsilə cəlb olunma səviyyəsinin yüksəldilməsi (xüsusən qızların təhsilə cəlb olunması istiqamətində ardıcıl fəaliyyətin həyata keçirilməsi);

Orta və ali təhsil müəssisələrində xarici dillərin tədrisinə yerli müəllimlərlə yanaşı xaricdə təhsil almış, eləcə də xarici müəllimlərin cəlb edilməsi və ya xarici dil müəllimlərinin peşəkarlıq səviyyəsini artırmaq üçün onların müvafiq ölkələrdə kurs keçmələrinə imkanlar yaradılması;

Ali təhsil müəssisələrində təyinat sisteminin tətbiqi; (əgər bakalavr pilləsində bunu etmək mümkün deyilsə, magistratura pilləsini bitirənlərə təyinatla iş imkanı yaratmaq. Bu da mümkün olmasa, həmin pilləni fərqlənmə ilə bitirənlərə təyinat tətbiq etmək həm təhsilin səmərəsini artırmış olar, həm də tələbə və magistrantlara əlavə stimul olar)

“Müəllimlərin əlavə qazanc mənbəyi axtarması” probleminin həlli üçün əməkhaqlarının yüksəldilməsi, eləcə də, stimullaşdırıcı mexanizmlər və səmərəli monitorinq sistemi vasitəsilə müəllim fəaliyyətinin keyfiyyətinin artırılması;

Təhsildə maliyyələşdirmə sisteminin tədrisin keyfiyyətinə görə müəyyən edilməsi;

- Ölkəmizdə ali təhsillə bağlı narahat olduğunuz məqamlar nədir?

- Hazırda Azərbaycanda 54 ali təhsil müəssisəsi fəaliyyət göstərir Bu təhsil oclaqlarında 165 minə yaxın tələbə təhsil alır. Hər il qəbul planı yerinin 40 minə yaxın olduğunu nəzərə alsaq, təəssüf ki, ali məktəblərin qəbul etdikləri tələbələri peşəkar kadr kimi hazırlaya bilmirlər.

Dünya reytinq siyahısında universitetlər yüksək bal alanda bir neçə xüsusiyyətlər nəzərə alınır. Bura universitetin kampusunun, yataqxanasının, kitabxanasının və elmi bazasının olması daxildir. Ölkədə fəaliyyət göstərən 50-ə yaxın ali təhsil müəssisəsində sadalananlar yoxdur. Yataqxanası olan universitetlərin ya yataqxanaları yararsız vəziyyətdədir, ya da bütün tələbə kontingentini əhatə edə bilmir. Ona görə də bu xüsusiyyət üçün bal alma göstəricisi aşağıdır.

Digər səbəb isə universitetlərdə çalışan və sayı heç də az olmayan elmlər doktoru, elmlər namizədi və ya elmi ad alan şəxslərin tədqiqat apardıqları elmi sahələrin, elmi mövzuların dünya əhəmiyyətli olmamasıdır. Yəni, bizim elmi işlərimizə müraciətin çox aşağı səviyyədə olmasıdır. Çünki Azərbaycanda elmi tədqiqat işlərinin çox hissəsi lokal xarakterli daşıdığından dünyada əhəmiyyəti olmayan mövzular olur. Ona görə də bizim elmlə məşğul olan insanların xarici jurnallarda məqalələri çox az saydadır.

Digər başqa səbəb isə universitetə xarici tələbə axınının az sayda olmasıdır. Misal olaraq, Sinqapurda oxuyan xarici tələbələrin sayı 80 min nəfərdir. Azərbaycanda isə 54 ali təhsil müəssisəsinə oxumağa gələn xarici tələbələrin sayı 2 min nəfərdir.

- Kamran müəllim bu maraqlı müsahibə üçün sizə təşəkkür edirik. İşlərinizdə uğurlar arzu edirik.

- Mən də təşəkkür edirəm sağ olun.

Söhbətləşdi: Bünyamin Bünyadzadə












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.