“McDonald`s” Qarabağ məsələsi gələndə siyasətə qarışmır, Rusiyaya qarşı isə fəal siyasət aparır...
11-03-2022, 11:23

Aytəkin Kamranqızı: “McDonalds” kimi biznes strukturları başqa dəyərlərlə yaşayır”
Ukraynaya hərbi hücumdan sonra dünyanın bir sıra şirkətləri Rusiyadan üz döndərib. Bu şirkətlərdən biri də “McDonald`s”dır. Belə ki, bir çox Qərb şirkətləri kimi, “McDonald’s” da Rusiya bazarından imtina etmək qərarına gəlib. “McDonald`s”ın Rusiyada 62 000 işçisi, yüzlərlə yerli təchizatçı və tərəfdaşının olmasına baxmayaraq, şirkət buradakı 850 restoranını müvəqqəti olaraq bağlayır.
Xatırladaq ki, 44 günlük Vətən müharibəsi zamanı “McDonalds Azerbaycan” şirkətinin Facebook hesabında əvvəlcə Azərbaycana dəstək paylaşımları yerləşdirməsi, az sonra isə bunu silməsi sosial şəbəkənin azərbaycanlı istifadəçilərinin böyük narazılığına səbəb oldu. İstifadəçilər öz etirazlarını şirkətin səhifəsində #baycotmcdonalds həştəqilə bildirdilər. Azərbaycanda böyük şəbəkəyə malik olan həmin şirkət o zaman ölkəmizdən üzr istəmək əvəzinə, siyasətə qarışmadığını bəyan etmişdi. Maraqlıdır, “McDonald`s”Azərbaycanda siyasətə qarışmır, digər ölkədə təcavüzə etiraz edir?
“Şirkət siyasətə qarışmırsa, niyə baş verən hadisə və proseslərə bu qədər ikiüzlü yanaşma ortaya qoyur?”
Sosioloq Aytəkin Kamranqızı bildirdi ki, “McDonalds” kimi biznes strukturları başqa dəyərlərlə yaşayır. Onların üstünlük verdiyi əsas dəyər biznes maraqları, götürdükləri maddi gəlirdir: “Dəfələrlə qeyd etmişəm ki, maddi dəyərlər öndə olanda mənəvi dəyərlər arxa plana keçir, yox olur. Belə restoranlar şəbəkəsi də ancaq və ancaq maddi qazanclarını güdürlər. 44 günlük Vətən müharibəsi zamanı erməni vandalları bizim bir sıra şəhər və digər yaşayış məntəqələrimizdəki dinc insanları hədəfə alırdılar. Bərdədə, Gəncədə və digər şəhərlərimizdə ailələr, uşaqlar, qadınlar və qocalar faciəli şəkildə həyatını itirdi. Bu hadisələr zamanı Azərbaycanda fəaliyyət göstərən və milyonlar qazanan “McDonald’s” Ermənistanda restoranlarını bağlamağa cürət etməsə də, bu vəhşiliyi pisləmək və Azərbaycana dəstək olmaq məqsədilə özünə aid sosial şəbəkə hesabında “Qarabağ Azərbaycandır!” postunu paylaşmaq cürətini tapdı, ancaq sonradan həmin postu sildi. İnsanlarımızın etiraz və təpkisinə baxmayaraq, “McDonald’s” səhvini düzəltmədi və addımını belə izah etdi ki, onlar siyasətə qarışmır. Siyasətə qarışmadığını iddia edən “McDonald’s” Rusiyadakı restoranlarını bağlamaq qərarını verib. Şirkət siyasətə qarışmırsa, niyə baş verən hadisə və proseslərə bu qədər ikiüzlü yanaşma ortaya qoyur?”.
Günel CƏLİLOVA
bakixeber