“Mətbuat düz edib bu məlumatı yaydı”
12-04-2016, 17:01
"Rəsmi şəkildə bəyan edirəm ki, Azərbaycanda son illər ailə-məişət zorakılıqlarının sayı iki dəfə artıb". Modern.az-ın xəbərinə görə bu sözləri deputat Elmira Axundova parlamentin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında deyib.
O, çıxışı zamanı bir müddət əvvəl Ağstafa rayonunda baş vermiş dəhşətli cinayət faktını xatırladaraq, KİV-in məlumat yaymaq hüquqlarının qarşısının alınmasına etiraz edib:
"Bildiyiniz kimi, bir müddət öncə Ağstafa rayonunda dəhşətli cinayət hadisəsi törədildi. Qəddar ata öz övladını, oğlunu döyərək öldürdü. Bu acı xəbəri də birinci mətbuatdan eşitdik.
Mətbuat düz edib bu məlumatı yaydı, ictimailəşdirdi. Çünki belə halları gizlətmək, onlara göz yummaq deyil, əksinə, onları tez bir zamanda yaymaq, işıqlandırmaq lazımdır. Ancaq "KİV haqqında" qanuna təklif olunan dəyişikliyin belə demək mümkünsə, 3-cü hissəsində bu tipli məlumatların yayılması qadağan olunur.
Hesab edirəm ki, bu, bir o qədər də düzgün yanaşma deyil”.
Elmira Axundova ölkədə ailə-məişət zorakılıqlarının artmasından narahat olduğunu vurğulayıb.
“Şəxsən mən Əfv Komissiyasının üzvü kimi rəsmən bəyan edirəm ki, Azərbaycanda son illər ailə-məişət zorakılıqlarının sayı iki dəfə artıb. Bunu Əfv Komissiyasının üzvü olan daxili işlər nazirimiz Ramil Usubov da, baş prokurorumuz Zakir Qaralov da təsdiq ediblər"-deyə Elmira Axundova bildirib.