“Əmək haqqı, məsrəflər düzgün hesablanmır” - deputat
20-04-2016, 11:43
Modern.az saytı Milli Məclisin İqtisadi siyasət və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə ilə Hesablama Palatasının 2015-ci il fəaliyyəti və yeniliklər barədə söhbəti təqdim edir.
- Ziyad müəllim, Hesablama Palatasının 2015-ci il üzrə hesabatını necə qiymətləndirirsiniz?
- Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə iqtisadi sisteminin formalaşması istiqamətində çox cəsarətli addımlar atılıb. Bu gün Azərbaycan bazar iqtisadiyyatı şəraitində işləyən dövlətlər arasında iqtisadi qanunvericilik bazasının təkmil olunması səviyyəsinə görə xeyli yuxarıdadır. Cəmi 25 il ərzində Azərbaycanda ölkə iqtisadiyyatının inkişafı ilə əlaqədar olaraq demək olar ki, qabaqcıl təcrübəyə cavab verən qanunlar qəbul edilib. Bu qanunlardan biri də Hesablama Palatası haqqındadır. Məlumdur ki, Hesablama Palatası Milli Məclisin orqanıdır. Hesablama Palatası dövlətin ali audit orqanı kimi dövlətin maliyyə resurslarından istifadəyə nəzarət edir, belə bir təşkilatlar demək olar ki, dünyanın bütün inkişaf etmiş, inkişaf etməkdə olan ölkələrində fəaliyyət göstərir. Hesablama Palatası qanunla fəaliyyəti dövründə böyük mərhələ keçib. Ölkənin malik olduğu büdcə vəsaitlərindən səmərəli istifadə edilməsi prosesinə nəzarət edən bu orqanın hər il Milli Məclisdə illik hesabatı cəmiyyətdə böyük maraq doğurur. 2015-ci il üzrə olan hesabat da proffesional səviyyədə hazırlanması ilə fərqlənir. Azərbaycan dövləti şəffaflığın təmin edilməsi, şəffaflığın korrupsiya hallarının qarşısını alması üçün tədbirlər görür. Çünki burada kifayət qədər proffesional mütəxəssislər, auditorlar çalışır. Bu il Hesablama Palatasının apardığı yoxlamaların səviyyəsi ildən-ilə yüksəlir. Yəni, ötən il Hesablama Palatasının həyata keçirdiyi auditor yoxlamalarının əhatə dairəsi 4,5 milyard manat olub ki, bu da əvvəlki ilə nisbətən 15% çoxdur. Hesablama Palatası ilk dəfə olaraq bu il audit yoxlamaları nəticəsində meydana çıxan nöqsanları qruplaşdırmışdır.
- İllər boyu audit yoxlamaları aparılır və istərdim deyəsiniz ki, bu yoxlamalar nəyi əhatə edir, hansı sahələrdə çoxlu pozuntular olur?
- Əsaslı xərclər üzrə yoxlamalarda nöqsanlar daha çox olub. Bura tikinti və s. daxildir. Cəmi audit yoxlamalarının 9 %-i əmək ödənişləri, 8%-i icbari ödənişləri əhatə edir. Yəni, aşkar olunan nöqsanların başlıca səbəbi mühasibat uçotunun düzgün aparılmamasından irəli gəlir. Əmək haqqı, məsrəflər düzgün hesablanmır. Əmək haqqının, verginin vaxtında ödənilməməsi halları da az deyildir.
Palatanın fəaliyyətinin səmərəsini müəyyən edən əsas meyarlardan biri mənimsənilmiş, düzgün sərf edilməmiş büdcə vəsaitlərinin geri qaytarılmasıdır. Bu istiqamətdə Palatanın gördüyü işlər müsbət qiymətləndirilə bilər.
Hesablama Palatasının gəlirlərin formalaşması, vəsaitlərin xərclənməsi ilə bağlı kifayət qədər səmərəli təklifləri var. Əvvəllər hər bir nazirlik, hər hansı bir dövlət strukturu büdcə vəsaitlərini özü xərcləyirdi, özü də yoxlayırdı. Amma qabaqcıl dünya təcrübəsində bu metod məqbul sayılmır. Bu kimi yoxlamalar ancaq Hesablama Palatası tərəfindən aparılır, çünki müstəqil orqandıronun audit yoxlamalarına diqqətlə yanaşılır. Dünya ölkələri Azərbaycana investisiya təklif edərkən maraqlandıqları məsələlərdən biri ölkədə audit xidmətinin, yoxlamaların, nəzarət sisteminin nə səviyyədə olmasıdır.
- Bu sahədə yeniliklər nədən ibarətdir?
- Yenilik ondan ibarətdir ki, Hesablama Palatasında yüksək səviyyədə profesional mütəxəssislər, o cümlədən, hüquqşunaslar, iqtisadçılar, mühəndislər çalışırlar. Bunlar vəsaitlərin xərclənməsini təkcə kağızlar əsasında yoxlamırlar, lazım gəldikdə ekspertiza metodundan və s. istifadə edilir.
Dövlət başçısı son vaxtlar islahatların dərinləşməsi ilə əlaqədar müəyyən etdiyi tədbirlər kompleksində şəffaflığın artırılmasına, dövlətin vəsaitlərindən səmərəli istifadə olunmasına artıq xərclərə yol verilməməsinə çağırıb.
Neftin qiymətinin aşağı düşdüyü, dünyada böhranın davam etdiyi bir şəraitdə maliyyə vəsaitlərindən, sosial-iqtisadi məsələlərə ayrılan vəsaitlərdən daha səmərli istifadə edilməlidir.
- Bu gün aktual olaraq hansı sahələrdə Hesablama Palatasının yoxlamalarına ehtiyac var?
- Görünür ki, əsaslı xərclər üzrə audit yoxlamalarından nöqsanlar hələ də çoxluq təşkil edir. Ona görə də bu təşkilatlarda profilaktik işlər daha səmərəli aparılmalıdır. Uçotun düzgün təşkili, ikili uçotun ləğv edilməsi, əmək müqavilələrinin bağlanması, xərclərin təyinatı üzrə istifadə edilməsi kimi məsələlərə diqqət artırılmalıdır.
Hesablama Palatası hesabatı hazırlayrkən 100-dən çox normativ sənədlərə istinad edib. Azərbaycan höküməti hər bir istiqamət üzrə konkret qaydalar müəyyən edib. Dərmanların paylanması, ərzaqdan istifadə, şəkər xəstələrinə olan kömək, digər müvafiq işlər üzrə Nazirlər Kabinetinin qaydaları var və bu cür qaydalara ciddi əməl edilməlidir.
- Bəs indi elə bir orqan varmı, yenə də elə təşkilatlar qalıbmı ki, orada yoxlamalar aparılmasın?
- Hesablama Palatasını qaldırdığı məsələlərə dövlət orqanları cavab verirlər. Bəzilərinin cavabları sizi də, məni də, Hesablama Palatasını da qane etməyə bilər. Amma bir prinsipial mövqe var: nöqsanlar aşkar edilibsə, pul mənimsənilirsə, artıq xərclənibsə, o pullar büdcəyə ödənilməlidir. Eyni zamanda, həmin şəxslər və ya orqanlar maddi məsuliyyətə də cəlb olunmalıdırlar.
Hesab edirəm ki, Hesablama Palatası ölkənin ali audit orqanı kimi yaxın gələcəkdə ölkənin iqtisadi həyatında, onun daha güclü, qüdrətli olması işində daha fəal iştirak edəcək. Milli Məclisdə müzakirəyə çıxarılacaq Hesablama Palatası barədə qanun layihəsi məhz bu məqsədə xidmət edəcək.