Qulu Məhərrəmli: “Mən Arif Alışanovu təhqir etməmişəm”
20-04-2016, 11:56
Aprelin 15-də Yasamal Rayon Məhkəməsində AzTV rəhbəri Arif Alışanovun tanınmış jurnalist Qulu Məhərrəmliyə qarşı şikayəti əsasında məhkəmə prosesi keçirilib. Hakim Azər Tağıyev Qulu Məhərrəmlinin AzTV rəhbəri haqqında dediyi sözlərin linqvistik ekspertizasını keçirmək barədə Alışanovun vəkili Zaur Abbasov tərəfindən irəli sürülən vəsatəti təmin edib. Bu, deyilən sözlərin təhqir yoxsa, tənqid olduğunu müəyyən etməyə kömək edəcək. Q.Məhərrəmli öz növbəsində bildirib ki, o, Alışanovu tənqid edib.
“Əgər mən kiminsə feodal düşüncəli olduğunu deyirəmsə, bunu necə təhqir hesab etmək olar? Burda yoxlamalı heç nə yoxdur. Mənim müsahibəmdə Azərbaycan Televiziyasınmın tarixindən, bu struktura rəhbərlik etmiş insanlardan söz açılırdı. Materialın ancaq cüzi hissəsi Alışanova aid idi. Belə bir müsahibəni necə qərəzli hesab etmək olar?” – deyə Məhərrəmli vurğulayıb.
Q.Məhərrəmliyə qarşı məhkəmə iddiası A.Alışanov tərəfindən “şərəf və ləyaqətin alçaldılması” ilə bağlı irəli sürülüb. Alışanov məhkəmədən Məhərrəmlini 100 min manat cərimələməyi tələb edir (contact.az). Qulu Məhərrəmli kavkaznews.az –a bildirib ki, o, məhkəmənin belə surətli templə keçməsini gözləmirdi.
“Linqvistik ekspertiza məhkəmə araşdırması aparılmadan təyin olunub”, – deyə Q.Məhərrəmli qeyd edib. Onun fikrincə, Azər Tağıyevin sədrlik etdiyi məhkəmə kollegiyası onun fikirlərində hansı ifadənin təhqiramiz olması barədə suala cavab verməlidir.
“Məhkəmə həmçinin o suala cavab verməli idi ki, mən hansı şəraitdə Alışanovu təhqir etmişəm? Əgər digər tərəf məhkəmənin fikri ilə razı deyilsə, yalnız o zaman ekspertiza təyin oluna bilər. Bəli, mən Alışanovun fəaliyyətini mənfi qiymətləndirirəm, amma bu, o demək deyil ki, ona qarşı təhqir və ya böhtana əl atıram”, – deyə ekspert qeyd edib.
Onun sözlərinə görə, məhkəmə Arif Alışanovun iddiasına baxmamalı idi.
“Mənim müvəkkilim Arif Alışanovu təhqir etməyib, hələ böhtan da atmayıb”, – deyə kavkaznews.az saytına Q.Məhərrəmlinin vəkili Cavid Rzayev bildirib. Vəkilin sözlərinə görə, onun müvəkkili AzTV rəhbərini “peşəsinə yaramaz” adlandırıb.
“Məgər bu təhqirdir? Adi tənqiddir”, – deyə Cavid Rzayev vurğulayıb. C.Rzayevin sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanda ictimai fikir və ictimai nəzarət var.
“Prezident həmçinin qeyd edib ki, KİV-ləri və mətbu nəşrləri izləyir. Əgər dövlət başçısının özü belə ictimai fikri nəzərə alırsa, Arif Alışanov ictimaiyyətin fikriylə hesablaşmağa məcburdur. Cavid Rzayev Qulu Məhhərəmlinin böhtan atması barədə iddianı da şərh edib.
“Qulu Məhərrəmli heç vaxt cənab Alışanovu cinayət törətməkdə günahlandırmayıb. Ona görə də, bu ittihamın belə heç bir əsası yoxdur”, – deyə vəkil əlavə edib. Cavid Rzayevin sözlərinə görə, ilk iclasda müdafiə tərəfi vəsatət qaldırıb ki, Arif Alışanovun özü məhkəməyə dəvət olunsun.
“Məhkəmə bizim vəsatəti təmin etsə də, AzTV rəhbəri bu dəvətdən imtina etdi. Bu, məhkəmə iddiasından imtinaya bərabər sayılmalıdır. O zaman Azər Tağıyevin sədrlik etdiyi kollegiya bildirdi ki, Alışanov məhkəmə iclasına gəlməməkdə sərbəstdir”, – deyə vəkil bildirib.
Kavkaznews.az AzTV rəhbərliyi ilə də əlaqə saxlamağa çalışdı. Bunun üçün biz AzTV -nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasımovaya zəng etdik, lakin o, bizim suallarımıza cavab vermək istəmədi…