Tofiq Yaqubludan İlham Hüseynə cavab: “Faciəyə çevirmək lazım deyil”

12-05-2016, 12:00           
Tofiq Yaqubludan İlham Hüseynə cavab: “Faciəyə çevirmək lazım deyil”
Xəbər verdiyimiz kimi, Müsavat partiyası Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP) barışıq təklif edib. Partiyanın Gənclər Komitəsinin sədri, Rəyasət Heyətinin üzvü İlham Hüseyn iə cavab olaraq hazırda bu məsələnin AXCP-də müzakirə mövzusu olmadığını söyləyib. Bildirib ki, Müsavat partiyasının başqan müavini Tofiq Yaqublu Gözəl Bayramlı ilə bir neçə görüş keçirib, çay içiblər: “Yəni AXCP-də rəsmi səviyyədə bu məsələ qaldırılmayıb. Biz daha vacib məsələlərlə məşğuluq”.

Tofiq Yaqublu AzNews.az-a açıqlamasında İ.Hüseynin cavabını rəsmi mövqe hasab etmədiyini bildirib: “Burada təəccüblü heç nə görmürəm. Axı biz vəziyyətin belə olduğunu yaxşı anlayırıq və düzəltmək istədiyimiz də elə budur. Elə düşünənlər Müsavat partiyasında da kifayət qədərdir. Bir də ki, İlham Hüseynin fikri AXCP-nin rəsmi mövqeyi deyil. Nəzəri cəhətdən rəsmi mövqe də elə ola bilər. Ancaq mən bunu faciəyəyə çevirmək fikrində deyiləm”.

T.Yaqublu AXCP ilə Müsavat arasında xeyli müddətdir ki, yaranan etimadsızlığı bərpa etmək fikrində olduğunu dilə gətirib: “Mənim nail olmaq istədiyim etimadın bərpa olunmasıdır. Yəni hər iki tərəf anlasın ki, birgə mübarizə aparmaqdan başqa çarə yoxdur. Bax, bu fikir hakim kəsiləndə, umu-küsülər yaddan çıxacaq. Bir də ki, Müsavatla AXCP arasında zaman-zaman belə gərginlik olub və seçkilər ərəfəsində bir yerdə olmağa qərar veriblər, hətta deyərdim ki, məcbur olublar. Amma hər dəfəsində bu ciddi seytnot vəziyyətində baş verib, ona görə də lazımi effekti ala bilməmişik”.

Başqan müavini onu da əlavə edib ki, iki partiya arasında münasibətlər seçkilərdən xeyli əvvəl yoluna qoyulmalıdır ki, daha effektli iş görmək mümkün olsun.

Xatırladaq ki, Müsavat Partiyasının sədri Arif Hacılı iki partiya arasında kəskinləşən münasibətlərin bərpasını Tofiq Yaqubluya həvalə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.