“Meymunluq edib pulumu qazanıram” - “Camaata “Rakka-çıkka” lazımdır”

7-12-2022, 12:33           
“Meymunluq edib pulumu qazanıram” -
“Bir mahnı yazmışam - “Rakka-çıkka”. Bunda dərin mənalar var. İnsanlara mənasız nə deyirsən onu qəbul edirlər, amma gedib böyük layihə hazırlasan izləyən də olmur”.

TEREF.AZ bildirir ki, bu sözləri Yenisabah.az-a tanınmış stilist Samir Əliyev (Samiraldo) deyib. Yeni mahnısı “Rakka-çıkka” barədə danışan stilist mahnını yazma səbəbindən danışıb:

“İnsanlar bunu istəyir, ona görə də Arzu Abbasovaya dedim ki, mənə bir mahnı yaz. Bu gün hara gedirsən, hansı məkanda olursan insanlar “rakka çıka-çıkka-çıkka”ya qulaq asırlar, acından ölürlər, amma belə şeyləri dinləyirlər. Mənə deyirlər ki, ay Samiraldo, axı sən özün retro mahnılara qulaq asırsan, dünyan fərqlidir. Cavab verirəm ki, məndən insanlar bunu tələb edirlər. Məndən nə istəyirlərsə, onu təqdim edirəm. Mən müğənni deyiləm, amma insanlar xahiş edirlər ki, nə olar, gəl, mənim məclisimdə oxu, uşağım, ailəm səndən ötrü ölür, istəyirlər sən də məclisdə olasan. Mən də gedib orada nə edim, məcbur olub oxudum. Heç bilməzdim ki, oxumağım da insanlara maraqlı gələr. Mahnılarım trendə düşdü, “Ləhlə-lülə”, “Qəh-qəh” adlı mahnılarım dillər əzbəri oldu. Mən mahnıları buraxdım, həmin gün də sevildi. Arzu Abbasova deyir ki, necə olur ki, mahnıları alan kimi bazara çıxarırsan, mənsə cavab verirəm ki, bazara mən çıxarmıram, bazar özü məndən bunu alır”.

Stilist hər şeyə rəğmən özünü xoşbəxt hiss etdiyini deyib:

“İnsanlar bir-birinin evinə gedib onun-bunun dedi-qodusunu edirlər, ev yıxırlar. Olmaz! Mənim haqqımda pis nə isə demək üçün insan özü gərək təmiz olsun. Bəzən mənə sual verirlər ki, özünü xoşbəxt hiss edirsən? Deyirəm mən dünyanın ən xoşbəxt insanıyam. İnsanlar bu cavaba təəccüblənir ki, axı sənin heç nəyin, heç kimin yoxdur. Bütün bunlara baxmayaraq, mən xoşbəxtəm, çünki mən gözəl insanam, o dünyanı qazanan insanam, heç kəsə pislik etmirəm, kiminsə haqqına girmirəm, böhtan atmıram, qeybət etmirəm. Bundan böyük xoşbəxtlik ola bilərmi? Mən nə geyinirəmsə, necə görünürəmsə, bu bir obrazdır, əşyadır, aksessuardır. Bu əşyaları çıxarıb atırsan kənara, olursan Samir Əliyev. Belə birindən yox, gecə-gündüz pisliklə məşğul olanlardan qorxmaq lazımdır. Elə şeylər görürəm ki, dəhşətə gəlirəm, bu insanlara heç cəhənnəmdə də yer yoxdur”.

O, bir çox həmkarından fərqli olaraq, “Tiktok”da canlı yayım açmamasını belə əsaslandırıb:

“Mənə tez-tez sual verirlər ki, niyə “TikTok”da canlı yayım açmırsan, camaat pul qazanır, at oynadır. Mən bunu etmirəm, elə insan deyiləm ki, pula görə özümü satım, mənliyimi, qeyrətimi satım, “hədiyyə”lərə görə söyüş söyüm. Niyə bunu etməliyəm? Mən tək adamam, bu gün varam, sabah yox, niyə söyüş sahibi olmalıyam, niyə durmadan kimisə təhqir etməliyəm? Pula görə?! Pul kağızdır. Dünən 100 manat qazandım, getdim bazarlığımı etdim, artıq 100 manat yoxdur, amma bilirəm ki, o pulu halallıqla qazanmışam. Getmişəm, onun-bunun qabağında “meymunluq” etmişəm, pulumu qazanmışam, özümü dolandırıram. Mən istəmirəm ki, villalarım, bağ evlərim, Mayamidə malikanəm olsun. Bu gün üçün yaşayıram. Bir az artıq pulum olanda psixatrik dispanserə, uşaq evlərinə gedirəm, kasıblara verirəm, düşünürəm ki, o əlavə pul mənim yox, onlarındır. Bu ruzidir, bərəkətdir. Evim-eşiyim, bir az da qara gün üçün pulum var, bəsimdir. Bir az artıq pul gələn kimi qorxuram ki, birdən quduraram. Pul elə şeydir ki, qorxuludur, şeytandır.

Bu gün efirlər mənə qadağa qoyub. İnsanlar məndən niyə efirlərdə yoxsan deyə soruşurlar. Bu mənim qəlbimə toxunur. Çünki mən dəbi təmsil edən insan olmuşam, Azərbaycanda Samiraldo kimi ikinci bir insan yoxdur. Belə zövqlü insanlar əsrdə bir dəfə dünyaya gəlirlər, amma qədrimi bilmədilər, məni boğdular, yıxdılar. O qədər məni qapatdılar ki, artıq heç nəyə həvəsim qalmayıb. Əvvəllər hər il yeni dəbi göstərirdim, insanlarla bölüşürdüm, artıq etmirəm. Çünki hər yerdən yolumu bağladılar. Məndən qorxurlar. Bəzi jurnalistlər mənim “İnstagram” hesabıma girir, harada pis nə isə varsa, kəsib o hissəni paylaşır. Amma mənim mövqeyimi öyrənmir. Mən elələrinə hörmət etmirəm”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.