Yetirmişli Azərbaycanda güclü zəlzələ proqnozlaşdıran Şengörə qəzəbləndi - “Boğazından yapışıb soruşaq ki...”
3-06-2023, 10:35
“Piri babanın nağılını danışırlar, qışda qar, yayda cəhənnəm istisi, payızda yağış-leysan olacaq. Cəlal Şengör desin görək, zəlzələ hansı tarixdə olacaq. Zəlzələnin proqnozunu verən idinsə, Kahramanmaraşda insanları təxliyə edərdin. Gəlib mütəxəssislərin qarşısında proqnoz versin, ona sual verim, zəlzələni hansı parametrlərlə və nə zaman olacağını söyləsin”.
Teref.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bir müddət öncə Bakıda səfərdə ikən Azərbaycanda 7,5 bal gücündə zəlzələ olacağını deyən türkiyəli məşhur geoloq Cəlal Şengörün fikirlərinə münasibət bildirərəkən deyib.
“Alp dağlarından tutmuş Himalay dağlarına qədər böyük bir seysmik qurşaq keçir. Gürcüstan, Ermənistan, İran, Türkiyə seysmik bölgədir və bu ərazilərdə zəlzələ olmalıdır. Azərbaycanın elə nöqtəsi varmı ki, orada yeraltı təkan baş verməsin? Əlbəttə, ölkəmiz aktiv bölgədir, hər gün hiss olunmayan zəlzələlər baş verir.
Özlərini tanıtmaqdan, şou yaratmaqdan ötəri populist çıxışlar edirlər. Dünyanın hər yerində o cür “professorlar” var. Boğazından yapışıb soruşmaq lazımdır ki, proqnoz verirsən, dəqiq günlərini göstər, biz də əhalini təxliyə edək. Türkiyədə 30 seysmoloq tanıyıram, Cəlal Şengör adında birini eşitməmişəm. Geoloqdursa, çəkic götürsün, çuxur qazsın, sonra versin laboratoriyaya... Ay geoloq, sənin zəlzələ ilə nə işin var? İstanbuldan gəlmir, istəyir Aydan gəlsin, amma sübut eləsin”, - deyə Qurban Yetirmişli qeyd edib.
Xatırladaq ki, Cəlal Şengör İspaniyadan başlayıb Çinə qədər uzanan bu ərazilər seysmik aktiv zonalar olduğunu və ona görə də Azərbaycanda hər an zəlzələ ola biləcəyini bildirib:
“Zəlzələnin 7,5 bala qədər olma ehtimalı var”.