Rusiyanın münasibəti dəyişməyə başladı - Azərbaycanı təhdid etdilər

7-08-2023, 13:24           
Rusiyanın münasibəti dəyişməyə başladı -
“Azərbaycan-Ermənistan sülh anlaşmasının əldə olunması Rusiyanın geosiyasi maraqlarına uyğun deyil”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Ərəstun Oruclu deyib.

Ekspert Rusiyanın Azərbaycan-Ermənistan sülh danışıqlarına yanaşmasına diqqət çəkib:

“Tələsik hazırlanmış, çiy sülh müqaviləsi regiona dayanıqlı sülh gətirməyəcək. Əksinə, bu, gələcəkdə yeni münaqişə və faciələrə yol aça bilər. Bu işdə prioritet sürətə yox, balanslaşdırılmış və qarşılıqlı məqbul həllərin keyfiyyətli hazırlığına verilməlidir” - bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin 4-cü MDB departamentinin direktoru Denis Qonçar TASS dövlət agentliyinə açıqlamasında səsləndirib. Bundan əvvəl Rusiya prezident və XİN səviyyəsində tam fərqli mövqe sərgiləyirdi.
Bir o var ki, Moskva hər dəfə öz vasitəçilik xidmətini həmən Brüssel və Vaşinqton danışıqlarının ardınca təklif edirdi. Amma indi görünən budur ki, “sülhyaratma” oyunundan yorulan Rusiya Azərbaycanla Ermənistan arasında sülh anlaşması ilə bağlı əsl mövqeyini sərgiləyir. Moskvanın əsl mövqeyi isə belədir: Azərbaycan-Ermənistan sülh anlaşmasının əldə olunması Rusiyanın geosiyasi maraqlarına uyğun deyil, çünki bu halda Rusiya hərbi kontingenti öncə Qarabağın dağlıq hissəsindən, ardınca da Ermənistandan çıxarılacaq.

Beləliklə, Rusiya XİN rəsmisi danışıqlarda iştirak edən bütün tərəfləri açıq şəkildə təhdid edir. O cümlədən də danışıqlarda vasitəçilik edənləri. Bu da təbiidir, çünki bölgədə sülhə kim nail olacaqsa, onun da bölgəyə təsiri artacaq.

Bütün bu sülhyaratma prosesindən görünən odur ki, Azərbaycan-Ermənistan münasibətlərinin sülh müstəvisinə keçməsində (və ya tam əksinə) maraq təkcə sülhə nail olmaq (və ya əksinə) deyil, həm də bölgəyə nəzarət uğrunda mübarizədə qalib gəlməkdir. Amma bu cür geosiyasi rəqabət Azərbaycan və Ermənistan üçün riskləri artırmaqla yanaşı, həm də yeni imkanlar yaradır. Bu şəraitdə ən əsas imkan isə ikitərəfli danışıqlar formatına keçməkdir. Təbii ki, buna imkan verilərsə”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.