"Elə bildilər ki, partiyanı buraxacağıq" - Əhməd Oruc
7-08-2023, 19:25
"Siyasi partiyalar" haqqında yeni qanundan sonra Ədliyyə Nazirliyi reyestrdan keçmək partiyaların qarşısına minimum 5000 üzv sayını təqdim etmək tələbini qoyub.
Verilən rəsmi və qeyri rəsmi məlumatlara görə, 31 siyasi partiyadan yalnız 27 partiya 5000-dən artıq üzv sayını Ədliyyə Nazirliyinə təqdim edib. 4 partiya isə kifayət qədər üzvü olmadığı üçün siyahı verməyib.
Qeyd edək ki, Ədliyyə Nazirliyinin sənədlərinə yenidən baxmasını tələb etdiyi partiyaların bəziləri mətbuata açıqlama verib. Bunlardan biri də Azadlıq partiyasıdır.
Teref.Az-ın məlumatına görə, Azadlıq Partiyasının sədri Əhməd Oruc "Sherg.az"a açıqlamasında bildirib ki, biz düzəlişlər edib və sənədləri yenidən təqdim edəcəyik:
" Məsələni müzakirə etmişdik. Əksəriyyət yenidən düzəlişlər edib verilməsinin tərəfdarı idi. Bizə Ədliyyə Nazirliyi forma göndərməmişdi. Başqa partiyalardan götürmüşük. Əvvəlki formada yalnız vətəndaşın doğum ilini göstərmək qeyd olunmuşdu. Sonradan onu dəyişiblər ki, ay və gün də göstərilməlidir. O qeyri-ciddi iraddır. Tutalım, 1964-cü təvəllüdlü bir vətəndaşın yanvarın 3-də yaxud sentyabrın 28-də olmasının nə fərqi var? Biz onu gec bildik və müəyyən qismini çatdırıb düzəldə bilmədik. Əsas problem bizdə bununla bağlıdır. Ədliyyə Nazirliyi hesab edirdi ki, biz özünü buraxan partiyaların siyahısında olacağıq. Forma digər partiyalara yönləndiriləndən 4 ay sonra bizə göndərilib".